Bakıda Əliyevlərin sitatları silinir (Fotoqalereya)

Bakıda Heydər Əliyev və İlham Əliyevin şüarları silinir

.

Bakının bəzi yerlərində, xüsusən də körpü və yeraltı keçidlərdən Heydər və İlham Əliyevlərə aid sitatlar, bəzi görkəmli yerlərdənsə mərhum ölkə başçısının – indiki prezidentin atasının portretləri yığışdırılır.

Məsələn, Babək körpüsünün başlanğıcında – Xalqlar Dostluğu Dairəsi yaxınlığında bir vaxtlar yazılmışdı ki, bu körpü prezident İlham Əliyevin sərəncamı ilə filan tarixdə tikilib. Amma bir müddətdir ki, həmin yazı pozulub, yeri isə boyanıb. Necə deyərlər həmin yazının izi-tozu da qalmayıb. Hərçənd şəhərin başqa yerlərində izləri tam silə bilməyiblər. Bu haqda az sonra...

Bu körpüdən bir qədər aralıda Ukrayna Dairəsi yaxınlığında keçmiş prezidentin nə vaxtsa əkdiyi ağacın qorunduğu Heydər Əliyev Parkı yerləşir. Parkda Heydər Əliyevin heykəli qalsa da, portreti yığışdırılıb. Ukrayna dairəsindəsə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkillər yoxa çıxıb. Halbuki bir qədər əvvələ kimi gözətçi bura gələn quşları qovmaqla məşğul idi ki, şəkilləri bulamasınlar.

Ötən ay AzadlıqRadiosu yazmışdı ki, Heydər Əliyevin portreti Fəhlə prospektindən, metronun Qara Qarayev stansiyası yaxınlığından da götürülüb.

Sizin brauzer HTML5-i dəstəkləmir

AzadliqLive 14 may - Karxanalarda verginin «dolya»sı 50 dəfə artıb, Heydər Əliyevin sitatları yığışdırılır?

SİTATLAR POZULUB, YERİNƏ SUVAQ VURULUB

İndi də keçək sitatlara. Bunun üçün şəhərin mərkəzinə doğru addımlamalıyıq. Bir-iki ay əvvələ kimi demək olar ki, bütün yeraltı keçidlərdə prezident İlham Əliyevin sitatlarına rastlamaq olardı. Vaxtilə AzadlıqRadiosunun əməkdaşı saymışdı ki, şəhərin kiçik bir hissəsində - Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Milli Dram Teatrı, Daxili İşlər Nazirliyi və Heydər Əliyev adına Sarayın ətrafındakı yeraltı keçidlərin girişlərində İlham Əliyevin düz 12 sitatını oxumaq olar.

Amma bu gün 2015-ci il mayın 14-də həmin sitatların çoxu silinib. Hamısı deyə bilmirik, gördüklərimizi söyləyirik sadəcə. Məsələn, Milli Akademik Dram Teatrı ilə üzbəüz keçiddə sitatlar artıq yoxdur. Sitatlar pozulub və yeri açıqca bilinməkdədir.

Beş il öncə orda yazılırdı: «Azərbaycanın inkişafı uğurlu, dayanıqlı və uzun müddətli olacaqdır» və ya «Məqsədimiz ölkəmizi inkişaf etdirməkdir».
Milli Bankın çıxışındakı keçiddə oxumaq olardı: «Biz bütün işlərimizi ancaq və ancaq öz gücümüzə etməliyik – ulu öndər bizə bu yolu göstəribdir». Həmin keçidin başqa çıxışındasa həkk olunmuşdu: «Ölkəmiz güclənir, yeniləşir, müasirləşir».

Eləcə də Ayna Sultanova heykəlinin, “Gənclik” metrostansiyası yaxınlığında, “Xutor”dakı körpü, keçid və yolötürücü qovşaqlarda sitatlar yoxa çıxsa da, yerləri hələ də bilinir. Kobud desək, izitirmə əməliyyatı səliqəsiz aparılıb. Bəzilərinin yerinə suvaq vurulub, bəzilərinin yeri boyanıb.

Bəs, bu qızılı hərflərlə mərmər üzərinə həkk edilən sitatları pozmaqda məqsəd nədir? Gün ərzində Bakı şəhər İcra Hakimiyyətinə, eləcə də bir neçə rayon icra hakimiyyətinə zəng vursaq da, rəsmi cavab ala bilmədik. Bircə Xətai rayon icra hakimiyyətinin qəbul otağından faktı təkzib etmədən dedilər: “Səbəbini biz də bilmirik”.

Səbail rayon icra hakimiyyətindən bildirdilər ki, bu gün tədbir var və hamı ordadır deyə cavab verə bilməyəcəklər.

AH AVROPA OYUNLARI...

Politoloq Ərəstun Oruclu deyir ki, burda təəccüblü heç nə yoxdur:

“Avropa Oyunları ərəfəsində özlərini demokrat göstərmək istəyirlər. Başa düşürlər ki, bu, yaxşı deyil, bura gələn əcnəbilər bunu çəkib xaricdə göstərəcəklər”.

Politoloq deyir ki, bu sitatların Avropa Oyunlarından sonra bərpası haqda nəsə deyə bilmir:

“Mən bunların məntiqi ilə düşünə bilmirəm. Məndə alınmır”.

ZAHİD ORUC: “O KİŞİ BUNUN HAQQINI XİDMƏTLƏRİYLƏ VERİB”

İqtidaryönlü deputat Zahid Oruc bu haqda məlumatsız olduğunu söylədi. Bu portret və ya sitatların götürülməsinə inanmadığını söylədi və bu addımı Avropa Oyunları ilə bağlamağı düz saymadı. Deputat güman edir ki, bəlkə də bu, təmir və ya hansısa yenidənqurma işləriylə əlaqədardır:

“Bununla bərabər, ulu öndərin şəklinin hər hansı dövlət binasında və ya görkəmli yerdə olmasının haqqını o kişi xidmətləriylə qazanıb. Nümunə göstərilən Avropada da belə hallar var. İspaniyadan tutmuş Belçikaya qədər bir çox Avropa ölkəsində olmuş adam kimi deyirəm bunu. Bu gün Türkiyədə Atatürkdən imtina olunur? Kimin hakimiyyətdə olmasından asılı olmadan onun şəkli hər zaman dövlət binalarında asılıb. Hakimiyyətdə kim olmasına baxmayaraq Heydər Əliyevin portretləridə hər zaman asılmalıdır”

“BAŞA DÜŞDÜLƏR Kİ, XARİCİ VƏ DAXİLİ REKLAM DÜZ GƏLMİR”

Köşə yazarı Zamin Hacı isə zarafatla bunu demokratiyanın qələbəsi adlandırır:

"Amma əlbəttə zarafatlıq halımız yoxdur, ölkədə yüzlərlə siyasi məhbus var, repressiyalar davam edir və işıqucu da görünmür. Bu vəziyyətdə hökumət özünün xaricdə reklamı ilə məşğul olur, Avropa Oyunları və sair tipli şeylərlə.

Bir də var daxili reklamlar – Heydər Əliyevin şəkli və şüarlar. Başa düşdülər ki, xarici və daxili reklam düz gəlmir. Xaricdə özlərini avropalı kimi, demokrat kimi təqdim edirlər. Ölkədəsə bütpərəstlik, şəxsiyyətə pərəstişdir, bu da avtoritarizmin əlamətidir, yəni bir adamın şəkilləri, sözləri... O sözlərin də mənası olmayıb: “Körpü yolun bir hissəsidir”, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, “Masallı Azərbaycanda bir rayondur” və s. Xaricilər də bu cür şüarlara baxıb gülürlər, lağa qoyurlar”.

Zamin Hacı deyir ki, 3 il öncə Azərbaycanda keçirilən Eurovision musiqi yarışması zamanı xarici jurnalistlər reportajlarında bu portretlərdən, sitatlardan gen-bol istifadə edir və eyhamlar vururdular. “Ona görə də yığışdırırlar. Yəqin Avropa Oyunlarından sonrabərpa edəcəklər” söyləyir köşə yazarı.

P.S. Yeri gəlmişkən, Azərbaycanın indiki prezidenti İlham Əliyev
və onun atası, keçmiş prezident Heydər Əliyevin
məşhur sitatlarından hansılar yadında qalıb?
Aşağıdakı foruma yaz, yaddaşındakı sitatları sən də bölüş.