Azərbaycanlı jurnalist Christiane Amanpour-a məktub yazdı

Christiane Amanpour (sağda)

-

Norveçdə yaşayan azərbaycanlı jurnalist İdrak Abbasov UNESCO-nun İfadə Azadlığı və Jurnalistlərin Təhlükəsizliyi üzrə Xoşməramlı səfiri Christiane Amanpour-a məktub yazıb. Abbasov Amanpour-dan xahiş edir ki, Azərbaycanda həbsdə olan həmkarlarının azadlığa buraxılmasına köməklik göstərsin. Məktubu “Index on Censorship” təşkilatı dərc edib.

Yazıda İdrak Abbasovun Azərbaycanda üzləşdiyi təzyiqlərdən, fiziki hücumlara məruz qalmasından bəhs olunur. Jurnalist ailəsi ilə birlikdə ölkəni tərk etməyə məcbur olub və hazırda Norveçin paytaxtı Osloda yaşayır.

Hüquqlar naminə İdman kampaniyası (Sport for Rights campaign) adından göndərilmiş məktubda Abbasov Azərbaycanda insan haqlarına görünməmi təzyiqdən bəhs edir, həbs olunmuş jurnalist Xədicə İsmayılovanın, İsveçrə səfirliyinə sığınmış Emin Hüseynov barəsində geniş məlumat verir. İdrak Abbasov Amanpour-u çağırır ki, bu təzyiqləri pisləyən bəyanat versin və ölkəsində həbsə atılmış jurnalistlərin və insan haqları müdafiəçilərinin buraxılmasına çağırsın.

Abbasov həmçinin məktubunda Amanpour-u Azərbaycana faktaraşdırıcı missiya həyata keçirməyə səsləyir. Jurnalistin fikrincə, belə bir missiyanın birinci Avropa Oyunlarından sonra baş tutması daha münasib olar, belə ki, həmin oyunlar ərəfəsində tənqidi çıxış edənlərə təzyiqlərin artacağı mümkündür.

Hüquqlar naminə İdman kampaniyası ümid edir ki, Amanpour bu məktuba reaksiya verəcək, Azərbaycanda durumun daha da pisləşməməsi üçün ölkədəki ciddi ifadə azadlığı pozuntularına qarşı addım atacaq. “Özəlliklə, Amanpour UNESCO-nin Xoşməramlı Səfiri, Azərbaycanın birinci ledisi Mehriban Əliyeva ilə əlaqə yarada bilər,” “Index on censorship” yazır.

Hakimiyyət ölkədə söz və ifadə azadlığına heç bir təzyiqin olmadığını, həbsə atılanların konkret cinayətlərə görə saxlandığını bildirir.