-
"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən
Hikmət Nazim
***
Çəlimsiz uşaqların gözündən oxunar
ailənin kasıblığı...
ilk baxışdan anlarsan
ayaqlarının altının döşəməsiz,
divarların suvaqsız olduğunu...
yatdığı otağı
üzünə köçürər körpələr...
***
Bir gün çıxıb gedərəm,
qüzeydə yerləşən evinizin
gün döyməyən pəncərəsindən
həsrət-həsrət boylanarsan arxamca.
Bir gün çıxıb gedərəm,
dünyanın düzəni dəyişməz,
kainat qara boyanmaz da
gözlərinin qarası çəkilər ağlamaqdan.
Bir gün çıxıb gedərəm,
atam-anam ağlamaz da
itimiz acından zingildəyəndə
anlarsan yoxluğumun ağırlığını.