Bir də gəlsəm dünyaya...

-

"Ədəbi Azadlıq" müsabiqəsinin şeir 20-liyindən

Fuad Rəsulzadə

BİR DƏ GƏLSƏM DÜNYAYA…

Bir də gəlsəm dünyaya
elə bilirsiz hər şey
başqa cürə olacaq?
Villa, yaxta cəhənnəm,
Fortuna məni görüb
olan-qalan saçının
hamısını yolacaq.

Ekzotik ölkələrə
Yenə də getməyəcəm.
Ya da Kurt Kobeyntək
Oteldə ölməyəcəm.
Ən adi, ən sıradan
Bir ağac kölgəsində,
ya marşrutdan düşüb
ilişib pilləsində
tapşıracam canımı
on-on beş dəqiqəyə
lüks yaşamadımsa
lüks ölüm mən niyə?!

Bir də gəlsəm dünyaya
Paylayacam hər yerə
yenə də öz sivimi.
Dağıdacaq buldozer
min əziyətlə tikdiyim
bapbalaca evimi.

Yenə gizlənəcəyəm
İşıq pulu yığandan
Ev pulun istəyəcək
Ev sahibi bu yandan.
Görmək istəməyəcəm
Borc aldığım kəsləri
Yığsa başqa nömrəylə
Tanıyacam səslərin.
"Adboy" da verməyəcəm
söndürəcəm telefonu.
"Zaryadka" bitdiyinə
inandıracam onu.

Gərək kosmosa uçam
Yuri Qaqarin kimi
Bir daha gəlmək üçün
Bu xaraba Dünyaya.
Ya da Armstronqtək
Çalışıb gecə-gündüz
Kollinzlə Oldrini
götürüb gedəm Aya.
Məşhur olam ölkədə
verələr bir vəzifə,
and içirəm dilimi
saxlayacam bu səfər.

Neyləyim mən, ay Allah,
axı ikinci dəfə
necə gəlim dünyaya?!
Mənə elə iş yetir,
səhər gedim kosmosa,
gecə gəlim Dünyaya.