-
«Prezidentin çıxışında verdikləri suallardan, iştirakçıların çıxışına reaksiyadan görünürdü ki, hadisənin artıq hakimiyyət üçün təhlükə yaratdığı ona bəllidir və bu hadisədə bütün günahkarların aşkar edilməsində, cəzalandırılmasında israrlıdır».
Hüquqşünas Aslan İsmayılovun yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclası haqda fikirlərini «Azadlıq» qəzeti dərc edib.
Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 15 nəfər həlak olub, onlarla insan yaralanıb.
Aslan İsmayılov bildirir ki, «prezidentdən sonra Azərbaycanda ikinci şəxsin Ramiz Mehdiyev olduğu heç kimdə şübhə doğurmur. Ramiz Mehdiyev iclasda iştirak etmirdi. Bu, ola bilsin, onun sağlamlığı ilə bağlıdır. Hərçənd ki, akademikin bu günlərdə iş başında olduğunu TV-lər nümayiş etdirmişdilər. Bundan əlavə haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevin Ramiz Mehdiyevin kürəkəni, Milli Məclisin deputatı İlham Əliyevə verdiyi sualda o, dünən rəhbəri həbs olunmuş «Global Stone» şirkətinə bilavasitə aidiyyatı olduğunu etiraf etmişdi. Hərçənd ki, bir neçə dəqiqə bundan əvvəl həmin məlumat saytdan çıxarıldı. Bundan başqa, bu günə qədər səsini eşitmədiyimiz deputat İlham Əliyev bu gün çıxış etdi və baş vermiş hadisəni dolayısı ilə təxribat adlandırdı. Nəzərə alsaq ki, metallurgiya sahəsi Ramiz Mehdiyevin oğlunun dostu olan Rasim Məmmədovun inhisarındadır, bu təmirlərdə dəyəri heç də üzlük materiallarından az olmayan metal məmulatlardan istifadə edilmişdir, məntiqi sonuc öz yerini tutur».
«YANĞINA SƏBƏB ZİBİLİN ALIŞMASI OLDU»
«Liftin işləməməsi ölənlərin və zəhərlənənlərin sayını artırıb».
Bunu «Bizim Yol» qəzetinə Binəqədi rayonundakı yanmış binanın sakinləri deyib.
Sakinlərdən biri Orxan Kərimov isə qəzetə binanın yanma səbəblərindən danışıb:
«Binanın yanmasına səbəb poliklinikanın damının üzərindəki zibilin alışması oldu. Bir dəqiqə ərzində bina alovlandı. Mən suyu aparıb yanan yerə töküncə mənzilim mətbəxi alışmağa başladı. Mən dördüncü mərtəbədə yaşayıram. Biz-mən, həyat yoldaşım və azyaşlı iki uşağım binanın dəhlizinə qaçaraq çıxdıq. Dəhlizdə adamdan tərpənmək mümkün deyildi. Binadan salamat çıxan axırıncı ailə biz olduq. 17-mərtəbəli binanın lift aylardır işləmir. Bax bu səbəbdən ölənlərin və zəhərlənənlərin sayı çox oldu».
Sakinlər deyib ki, binanın fasadına vurulan poliuretan üzlüyü yanmağa həssas olduğu üçün bina göz qırpımında alova təslim olub.
«Zərərçəkənlər bildirdilər ki, onlar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binanın fasadına poliuretan üzlüyünün vurulmasına qarşı çıxıblar. Sakinlər etirazedəndə üzlüyün onların həyatına təhlükə yaratmadığı deyilib».
BİRİNCİ AVROPA OYUNLARI : STRATEJİ GEOİQTİSADİ TƏŞƏBBÜS
«Yeni Azərbaycan» qəzeti yazır ki, birinci Avropa Oyunları Azərbaycan üçün cari və strateji gəlirlər deməkdir. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda Oyunların təşkil edildiyi müddət ilə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatının bu layihədən uzun müddət faydalanmasına imkan verəcək.
Qəzet yazır ki, ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq: «Bu möhtəşəm idman yarışmasının təşkili üçün ayrılan vəsaitin 78 faizi infrastruktur xərcləridir. Yəni, xərclənən vəsait Bakı və eləcə də, ölkəmizin infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edir. İnfrastruktur isə qalır. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Birinci Avropa Oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu, o deməkdir ki, Oyunlar keçirilən müddətdə hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək».