Həbs xəbəri yayılan bankir: «Bu gün 2 milyon manat verdim...»

Eldar İsmayılov

-

Mayın 22-də media iki məsələdən daha çox yazır, 4 gün öncə baş verən yanğın və kredit borclarına görə həbs edilən iş adamlarından. Həbslərlə bağlı məlumatlar təkzib eidlsə də, borcla bağlı hissə qismən təsdiqini tapır.

Mayın 21-də saxlanılması haqda xəbər yayılan Qafqaz İnkişaf Bankı Müşahidə Şurasının sədri Eldar İsmayılov bunu təkizib eidb.

O, virtualaz.org-a deyib: «Digər banklar kimi bizim bank da Beynəlxalq Bankdan kredit götürüb. Bu kreditin ödənilməsi müddəti 2017-ci ildə başa çatır».

Bankir bildirib ki, Beynəlxalq Bank yaranmış iqtisadi vəziyyətlə bağlı verdiyi kreditlərin vaxtından əvvəl ödənməsini xahiş edib: «Məni bununla əlaqədar DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdilər. Orada əsasən onunla maraqlandılar ki, bizim bank götürdüyü krediti necə qaytarmağa hazırlaşır. Mən də orada izahat verdim. Biz razılaşdıq ki, Beynəlxalq Bankdan götürdüyüm krediti vaxtından əvvəl ödəyək».

E.İsmayılov həbs olunması barədə yayılan məlumatları, habelə Qafqaz İnkişaf Bankı ilə Beynəlxalq Bank arasında hər hansı problemin olması barədəki informasiyaları təkzib edib. O deyib ki, faizlər nəzərə alınmasa, BB-yə borcları9 milyon manatdır. O borcdan 2 milyon manatı artıq ödəyiblər.

«Bank rəhbərliyi öz borcunu tələb edirsə, bütün borcluların bunu başa düşməsi lazımdır. İndi ağır iqtisadi vəziyyət yaranıb. Bu vəziyyətdə içində olduğumuz gəmini yırğalamaq olmaz. Bizim bank o qədər də böyük deyil. Kredit borclarımızı bağlamağa hər cür imkanımız var. Bizim bank bu vəziyyətdən alnıaçıq çıxacaq və digər banklara nümunə olacaq» - deyə banker bildirib.

Bununla belə o etiraf edib ki, Beynəlxalq Bankın bu tələbi Qafqaz İnkişaf Bankının işinə təsirsiz ötüşməyəcək.

Etibar Pirverdiyev

NÖVBƏ PİRVERDİYEVƏ ÇATDI

Bu arada «Yeni Müsavat» yazır ki, «Azerenerji» prezidenti Etibar Pirverdiyev də istintaqa cəlb edilib: «Mənbə «Yeni Müsavat»a deyib ki, E.Pirverdiyev mayın 19-da BMCMİ-nə çağırılıb. Onun bir neçə saat dindirildiyi deyilir. Qeyd edək ki, E.Pirverdiyevlə Beynəlxalq Bank arasında borca görə məhkəmə çəkişməsi də olub. Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı iki il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib... Qaynağımızın dediyinə görə,E.Pirverdiyev məhz bu borc məsələsinə görə istintaqa çağırılıb».

«KREDİT QALMAQALI» İLƏ BAĞLI YENİ HƏBSLƏR

«Azadlıq» qəzeti «Kredit qalmaqalı» ilə bağlı yenih həbslər»dən yazır:

Məqalədə deyilir ki, Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə(BMCQMI) aparılıb. Ancaq bu barədə məlumata hələ ki, rəsmi reaksiya verilməyib.

Onun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilmədiyi bəlli deyil.

Mayın 21-də məlumat yayılıb ki, BMCQMI-də saxlanılan bir qrup işadamı barəsində Nərimanov rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Məhkəməyə gətirilən iş adamlarının adları gizli saxlanılıb.

Cahangir Hacıyev

«Azadlıq»a daxil olan məlumata görə, «United Kredit Bank»ın rəhbəri Azad İsgəndərov da BMCQMI-yə aparılıb. Lakin onun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilmədiyi bəlli deyil.

Adı «kredit qalmaqalı»nda hallanan və həbs xəbəri yayılan keçmiş deputat Dünyamin Xəlilovun ticarət mərkəzində isə («Globus Plaza») işçilər etiraz aksiyasına hazırlaşırlar.

AzNews.az-ın xəbərinə görə, buna səbəb əmək haqlarının 3 aydan çoxdur verilməməsidir. Ticarət mərkəzindəki məşhur «Harvey Nichols» mağazasının işçilərinin vəziyyəti daha ağırdır. Onlara hər gün maaşlarının veriləcəyi bildirilsə də, sonradan müxtəlif bəhanələr gətirilir. «Açıq-aydın görünür ki, bizi aldadırlar. Heç olmasa gündəlik alver pulunu bizə maaş kimi versəydilər, indi heç kimə borclu qalmazdılar. Ticarət mərkəzində hər gün 50-80 min manat arası satış olur. Bizdə hər sabah iclas olur, onda nə qədər satış olduğunu açıqlayırlar. Bu rəqəmin qarşısında maaşlarımızı vermirlər. Dedilər ki, endirim edirlər ki, satışdan gələn gəlirlə əmək haqları ödənilsin. Amma yenə də vermirlər» - deyə işçilər bildirib.

XALƏDDİN İSGƏNDƏROV: «İNANIN, ÇOX PİSƏM, ÖZÜMDƏ DEYİLƏM...»

Binəqədinin icra başçısı Xaləddin İsgəndərov «Yeni Müsavat»a danışıb. O deyib ki, hazırda Azadlıq prospektində 5 binada söküntü başlanıb. Onların yerinə nə vurulacaq? İcra başçısı deyib ki, hələ buna qərar verilməyib.

Xaləddin İsgəndərov

Qəzet soruşur: «İddia var ki, üzlükləri kafel kimi divara xüsusi mata ilə yapışdırmaq lazımdır və ancaq bu halda təhlükəsiz olar...».

Cavab: «Onu mən deyə bilmərəm. Bunu Fövqəladə Hallar Nazirliyi deyə bilər. Bu sahə üzrə fəaliyyət göstərən şirkətlər var. Onlara xüsusi lisenziya verilir - olar, olmaz, necə olar... Bu, mənim işim deyil. İcra hakimiyyəti olaraq baxırıq ki, hansının sertifikatı var, yoxdur. İşləməyə xüsusi lisenziyası varmı? Biz bu sahə ilə məşğuluq. Yoxsa ki, kimsə gəlsin ki, belə gözəldi, yaraşıqlıdır... Biz bununla iş görmürük ki...

…Yox, onlara sertifikat verilib. Necə yəni verilməyib? Baş prokuror isə dedi ki, onlarla müqavilə imzalanmayıb.

O müqavilə sahibi həbsdə olan şirkətlə imzalanmalı idi. Bütün binaları üzləyən o şirkətlə. Bilirsiniz ki, şəhərin bir çox yerində çoxmərtəbəli binalardan tikilib. O şirkət də bu üzlənməni həyata keçirirdi. Fövqəladə Hallar Nazirliyi də gəlib baxıb. Birmərtəbəli bina deyil ki, kiminsə görmədiyi iddia edilsin. Hər bir kəsin gözünün qabağında tikilib. Bizsə sertifikata baxandan sonra icazə vermişik ki, üzlənmə işi aparılsın».

İcra başçısı daha sonra deyib: «Allaha and olsun, indi sizinlə danışıram, amma elə bilirəm, öz evimdən 15 meyit çıxıb. O vəziyyətdəyəm, inanın, özümdə deyiləm. Bina da, dünya malı da... hamısı gəldi-gedərdi. Amma o insanların ölümü böyük faciədir. Mən neçə gündür hadisə yerindəyəm, orda da olmalıyıq...».

Bəxtiyar Sadıqov

AÇIQ VƏ CİDDİ SÖHBƏT

«Azərbaycan» qəzetinin redaktoru Bəxtiyar Sadıqov «Açıq, ciddi söhbət» aparır:

«Öləni geri qaytarmaq mümkün deyil!

Nə qədər acı olsa da, bu həqiqətdir!

Ancaq yaralılara, ziyan çəkənlərə dərhal qayğı göstərmək, onların yanında olmaq, problemlərini ən qısa müddətdə həll etmək humanist addımlardır. Dövlət başçısı iclasda bu məsələni birinci sıraya qoydu…

İclasın gedişi zamanı prezident İlham Əliyev dəfələrlə baş verən faciəli hadisəyə, onunla bağlı müəyyən xüsusatlara öz münasibətini bildirdi. Bu münasibətlərdə diqqət çəkən ən mühüm məqam Azərbaycan vətəndaşının həyatının və sağlamlığının hər şeydən uca tutulmasıdır. Təhlükəli üzlük materiallarının I Avropa Oyunlarından sonra sökülməsi barədə fikir səsləndiriləndə cənab İlham Əliyev qətiyyətli, insanpərvər mövqeyini ortaya qoydu: «Bilirsiniz, indi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir». Dərhal digər tapşırığını da verdi: «Bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Hər bir binadan. O materiallar təhlil edilməlidir, orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binaların üzlükləri sökülməlidir».

Baş verən faciə həm də müəyyən fikir və düşüncələrə yol açan sınaq oldu! Həm də bəzi nəticələr çıxarmağa imkan yaradan sınaq!

Əvvəla, ölkə Prezidenti başda olmaqla bütün dövlət qurumları dara düşən vətəndaşlarını tək qoymur, onun harayına çataraq yanında olur.

İkincisi, xalqla iqtidarın birliyi pozulmazdır, təhrikçi, qızışdırıcı qüvvələr nə qədər cəhd etsələr də, xəbis niyyətlərinə nail ola bilmirlər. Çünki xalq yaxşı görür ki, iqtidarın başlıca məqsədi öz vətəndaşlarının rifahını yüksəltmək, təhlükəsizliyini təmin etmək, hüquqlarını qorumaqdır.

Üçüncüsü, Azərbaycanda qanunun aliliyi daim uca tutulur».