«Foreign Policy»: İdman tədbirləri avtoritar rejimlərin oyuncağına çevrilib

Soçidə Olimpiya məşəli - 2014

-

«Foreign Policy» dərgisi Pen Amerika Mərkəzinin icraçı direktoru Suzanne Nossel-in «Daha sürətli, daha yüksək, daha oppressiv» başlıqlı məqaləsini dərc edib. Nossel vaxtilə ABŞ Dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçinin müavini işləyib. Müəllif Olimpiya oyunları kimi meqa-idman tədbirlərinin avtoritar rejimlərin oyuncağına çevrilməsindən yazır.

«İnsan haqları pozuntularına işıq salmaq üçün çoxmu gecdir?» - deyə sual edir.

«Bu ilin aprelində Bəhreyndə «Formula 1» yarışı bitən kimi təşkilatçılar elan etdilər ki, 2016-cı ildə yarışma Bakıda keçiriləcək. Təsadüfi deyil ki, 2016-cı il Yay Olimpiya Oyunlarına bir növ yaz təlimi olan birinci Avropa Oyunları da Bakıda olacaq. 2022-ci il Qış Olimpiadasına ev sahibliyinə iddialılar içində Almatı və Pekin var. 2018-ci il Dünya futbol çempionatı Rusiyada keçiriləcək, 2022-ci ildə isə Qətərdə».

Müəllif yazır ki, beynəlxalq idman yarışlarının repressiv rejimlərdə keçirilməsi tendensiyasını görməmək mümkün deyil. Bu tendensiya davam edərsə, siyasətdən uca durmağa çalışan meqa-idman tədbirləri siyasi topa çevrilə bilər – Beynəlxalq Olimpiya Komitəsi (BOK) və uyğun hökumət qurumları bu topu bir avtoritar rejimdən digərinə ötürürlər. BOK, sponsorlar, hökumətlər həmin yarışların tiranların yürüşünə çevrilməsinə əngəl olmalıdırlar.

Müəllif Azərbaycanda Oyunlar öncəsi onlarla fəalın, jurnalistin siyasi motivli ittihamlarla həbsə atılmasından yazır. Hakimiyyət onların azad olunmasına dair beynəlxalq çağırışları qulaqardına vurub.

«BOK-un etika, mədəniyyət və marketinq məsələləri üzrə komissiyaları var. Qurum insan haqları üzrə yeni komissiya yaratmalıdır, yeni, daha sərt tələblər hazırlamalıdır», - müəllif yazır.

«Soçidə «Coca Cola», «General Electric» və «Visa» kimi aparıcı sponsorlar insan haqları pozuntularına gələndə ağızlarına su aldılar. Onlar da hay-küy salsaydılar, müsabiqədən geri çəkilməklə hədələsəydilər, ev sahibləri yəqin özlərini yığışdırardılar. Medianın da rolu kiçik deyil. Bu ayın əvvəlində bir qrup tanınmış idman jurnalisti BOK prezidenti Thomas Bach-a məktub yazdı, ondan xahiş etdi ki, jurnalist Xədicə İsmayılın azadlığa buraxılması üçün komitənin nüfuzundan istifadə etsin. İdman jurnalistləri siyasətə qarışmaq məsələsində tərəddüd edə bilər, ancaq media qurumları özlərinin rolunu dərk etməli, repressiv rejimlərin meqa-idman tədbirlərindən öz məqsədləri üçün istifadəsinə imkan verməməlidir».

Foto ilüstrasiya

GÜRCÜSTAN RUSİYAYA MEYLLƏNİR?

«Gürcüstan liderləri Riqada «Şərq Tərəfdaşlığı» sammitindən məyusluğu gizlədə bilməyəcəklər. Çünki ölkələri üçün Riqadan almaq istədikləri bir məsələ digər Avropa ölkələrinə vizasız səyahət idi», - bunu Rayhan Demytrie bbc.com-da yazır.

Gürcüstan Avropa dəyərlərinə uyğun olaraq vəd etdiyi islahatları həyata keçirdiyini deyir. Ancaq Avropa Komissiyası mayın 8-də bildirib ki, hələ bu məqsədə çatmaq üçün çox iş görülməlidir.

Müəllif yazır ki, Gürcüstan liderləri canfəşanlıqla əhaliyə göstərməyə çalışır ki, Avropa ailəsinin bir hissəsinə çevrilmək əlçatmaz xəyal deyil. Ancaq, deyəsən, gürcülər bu dəyərlərə yenidən baxmağa başlayırlar. ABŞ-ın Milli Demokratiya İnstitutunun bu yaxınlarda keçirdiyi rəy sorğusuna görə, gürcülərdən çoxu ölkənin Qərb və NATO-ya yönəlik planlarını dəstəkləyir, ancaq Rusiyanın rəhbərlik etdiyi Avrasiya İttifaqına da meyl getdikcə artır. Belə ki, bizneslərin, ailələrin çoxu iqtisadi baxımdan şimal qonşusundan asılıdır. Rusiya gürcü şərabı və mineral suyunun əsas alıcılarındadındır. İş axtaran gürcülər də əsasən buraya üz tutur.

Müəllif Rusiya ilə Gürcüstanın siyasi münasibətlərinin yaxşı olmadığını da qeyd edir. Rusiya Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiya ilə münasibətlərini gücləndirir.

Fethullah Gülen

TACİKİSTAN GÜLEN MƏKTƏBLƏRİNİ BAĞLAYIR

dailysabah.com yazır ki, ABŞ-da yaşayan din xadimi Fethullah Gülen-in idarə etdiyi məktəblər Tacikistanda bağlanır. Bu məktəblər başqa ad altında, dövlət tərəfindən idarə olunacaq. Bunu Tacikistanın təhsil və elm naziri Nuriddin Said bildirib.

Nazirin dediyinə görə, ilin əvvəlində istintaq altında olan məktəblərin bağlanması üçün nazirlik bütün gərəkən hüquqi sənədləri hazırlayıb. Növbəti dərs ilindən Gülen məktəbləri dövlət məktəblərinə çevriləcək. Onların təhsil sistemi, kurrikulumunda da dəyişikliklər olunacaq.

Məktəblərin təsisçisi olan «Şəlalə» (Selale) şirkəti də statusunu itirəcək.

Tacikistanda ilk Gülen məktəbi 1992-ci ildə açılıb. Türkiyə hökuməti Gülen-i ölkə daxilində polis, ədliyyə, administrasiya olmaqla, əsas müəssisələrə nüfuz etməkdə günahlandırır.