«Freedom House»: İntiqam Əliyevin həyatı təhlükədədir

İntiqam Əliyev

-

«Freedom House» hüquq-müdafiə təşkilatı İntiqam Əliyevin səhhətinin pisləşməsi ilə əlaqədar bəyanat verib.

«Azərbaycan hakimiyyətinin uydurma ittihamla 7 il yarım azadlıqdan məhrum edilmiş hüquq müdafiəçisi İntiqam Əliyevə tibbi yardım göstərməkdən imtina etməsi qeyri-insani davranışdır. Hazırda belindəki xəsarət səbəbindən o, otura və normal hərəkət edə bilmir ki, bu da ona böyük əziyyət verir», - «Freedom House»un proqram rəhbəri Robert Herman bildirib.

«İntiqam Əliyevlə bu cür rüsvayçı davranış 2009-cu ildə Rusiyada Sergei Magnitsky-nin işini xatırladır. Odur ki, biz Azərbaycan hakimiyyətindən tələb edirik ki, bütün digər siyasi məhbuslar kimi İ.Əliyev dərhal zəruri tibbi yardımla təmin edilsin», - bəyanatda vurğulanır.

52 yaşlı İntiqam Əliyev qanunsuz sahibkarlıq ittihamı ilə həbs olunub.

Hüquq müdafiəçisi Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilmək üçün 200-dən çox iş hazırlayıb. Bu işlər vətəndaşlar tərəfindən Azərbaycan hökumətinə qarşı qaldırılıb.

Beynəlxalq təşkilatlar İntiqam Əliyevi siyasi məhbus hesab edirlər.