“Oyunlar zolağı” yenidən rənglənir

-

İyunun 3-də axşam saat 22:00-dan səhər saatlarına qədər Ziya Bünyadov prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri davam etdiriləcək. Buna görə nəqliyyat vasitələrinin hərəkəti Ziya Bünyadov prospektinin bəzi hissələrində tam, bəzi yerlərində isə qismən məhdudlaşdırılacaq.

Bu haqda “Azəryolservis”in məlumatında deyilir.

Məlumatda bildirilir ki, “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri bu gecə əks istiqamətdə, yəni “20 Yanvar” dairəsindən “Böyükşor yol qovşağı”nadək olan hissədə aparılacaq.

Ötən gecə “Oyunlar zolağı”nın yenidən rənglənməsi Ziya Bünyadov prospektinin “Böyükşor yol qovşağı”ndan “20 Yanvar” dairəsinə doğru olan hissəsində aparılıb.

I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verilib. Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin edilən yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət edilir və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılıb.