Fermerlər yetişdirdikləri məhsulları satmaqda çətinlik çəkirlər

Məhsul var, lakin onun satışında problemlər yaranıb.

-

Azərbaycanın rayonlarda iyun ayında əsasən kartof, xiyar, çiyələk, kələm, badımcan və pomidor məhsulları yığılır. Bu ay kəndlinin daha çox qazanc əldə etdiyi aydır.

«YOLLARI DA AVROPA OYUNLARINA GÖRƏ ÜZÜMÜZƏ BAĞLAYIBLAR»

Masallı rayonun Təklə kənd sakini Səmədağa Həsənov isə deyir ki, bu ayda qazancadan əllərini üzməli olacaqlar. Məhsul var, lakin onun satışında problemlər yaranıb. Tərəvəz məhsullarını almağa gələnlərin ayağı kəndən kəsilib. Səbəb isə bu maşınların Bakıya buraxılmamasıdır:

«Əsas bazarımız Bakıdır. Bakının yollarını da Avropa Oyunlarına görə üzümüzə bağlayıblar. Bizim kəndə əsasən cəfəri, keşniş və digər məhsullar əkilir. Ötən ay hər gün 30-40 manat qazancım olurdu. İndi heç nə yoxdur. Bir dəstə göyərtinin qiyməti 9 qəpik idi. Satılmadığı üçün düşüb 2 qəpiyə. Xiyar olub qəpik-quruşa».

«Ötən ay hər gün 30-40 manat qazancım olurdu. İndi heç nə yoxdur».

«BİR YOL TAPMAQ LAZIMDIR Kİ, ZİYANA DÜŞMƏYƏK»

Səmədağa Həsənovun bildirdiyinə görə, elə tərəvəz məhsulları var ki, vaxtında dərilməlidir. Dərilən məhsul satılmasa, zay olur:

«5 hektar torpağım var. Onun 30 sotunda badımcan əkmişəm. 10 gündən sonra dərim başlamalıdır. İndi polietilen altında yetişdirilən pomidor satılır. Bir neçə gündən sonra açıq sahədə pomidor yetişəcək. Məhsul aparılmadığı üçün qiymətlər aşağı düşür. Polietilen altında yetişdirilən pomidorun bir kiloqramının maya dəyəri 40 qəpikdən yuxarı başa gəlir. İki gündə pomidorun qiyməti 2 dəfə aşağı düşüb. Bu isə bizə sərf etmir. Bir yol tapmaq lazımdır ki, ziyana düşməyək».

Səmədağa Həsənov deyir ki, 3 uşağı ali məktəbdə təhsil alır. Ziyana düşsə, onların təhsilində problemlər yaranacaq.

Rayonda kənd təsərrüfatı məhsullarının qiyməti düşür.

«İLIN BU VAXTLARINDA TƏDARÜKÇÜLƏR QAPIMIZDA HAZIR OLARDILAR»

Masallı rayonun Həsənli kənd sakini, fermer Toğrul Məhərrəmov da yaranmış vəziyyətdən narazıdır. O deyir ki, rayonda kənd təsərrüfatı məhsullarının qiyməti sürətlə düşür:

«İlin bu vaxtlarında tədarükçülər qapımızda hazır olardılar. İndi yoxdur. Deyirlər ki, Bakıya yol bağlanıb. Qorxurlar. Yəqin Bakıda da kənd təsərrüfatı məhsullarının qiyməti qalxacaq. Əhaliyə ikiqat ziyandır».

Rəsmilər isə deyirlər ki, satış məqsədilə kənd təsərrüfatı məsullarının Bakıya daşınmasında heç bir problem yoxdur.

Rəsmi məlumatlara görə, hər il Masallı rayonunda 60 min tondan çox kənd təsərrüfatı məhsulları istehsal olunur. Bunun çox hissəsini tərəvəz təşkil edir.