-
Qonşu ölkələrin modern sənət axınları
"Onun yaradıcılığında "Heç" sözü böyük yer tutur."
Heeç, heç
78 yaşlı Pərviz Tanavoli həm İranın özündə, həm də Qərbdə başgicəlləndirici şöhrəti olan modernist İran heykəltaraşıdır.
O, 1960-cı illərdə başlamış "Saqqakxane" sənətkarlıq hərəkatının nümayəndəsidir. Bu hərəkat Şiə müsəlmanlığının simvollarıyla populyar incəsənət yaratmağı qarşısına məqsəd qoymuşdu.
Tanavoli yaradıcılığında “Heç” sözü böyük yer tutur. Bu söz Azərbaycan dilinə də farscadan keçib. "Heç" keçmişə münasibətdə ziddiyyət və indiyə münasibətdə qeyri-məmnunluq simvoludur. Tanavoli “Heç” sözünü ənənəvi fars əlifbasıyla cürbəcür formalarda yonaraq, neon lampa, asılqan kimi məişət əşyalarından tutmuş yarısı qəfəsin içində, yarısı kənara çıxmış "Heç" sözü kimi abstrakt predmetlərə qədər, bir-birindən maraqlı əsərlər yaradır.
Tanavoli 1959-cu ildə İtaliyada Brera Akademiyasından məzun olandan sonra üç il orada işləyib. Sonra İrana qayıdıb və 1979-cu il İslam İnqilabına qədər Tehran Universitetində heykəltaraşlıq departamentinə rəhbərlik edib. 1989-cu ildən Kanadada çalışıb. Bu gün Qərbin ən ciddi heykəltaraşlıq muzeylərində onun əsərinə rast gəlmək olar. Xüsusən “Heç” seriyasından olan əsərlərinə.
Tanavolinin yaradıcılığına su kimi güclü, amma sakit protest xasdır. Məsələn, onun bir əsərində dəmir barmaqlıq və barmaqlıqdan möhkəm yapışmış dəmir məhbus əlləri əks olunub.
2005-ci ildə isə o, “Qəfəsdə Heç” adlı başqa, qıfıllar asılmış pəncərə ətrafında mürəkkəb bir əsər yaradıb. Tanavoli heykəltaraşlıqdan əlavə, öz estetik yolu haqqında məqalələr, kitablar yazır.