U döngəsi

-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Rövşən Danyeri

U DÖNGƏSİ

1

Bələdiyyələr xəbərdarlıq edirdi: “Özünüzü təyin edilmiş yerlərdən kənarda öldürməyin!!!”

Bütün küçələrə elanlar asılsa da, hər tərəf cəsədlə dolu idi. Ölənlərin sayı o qədər çox idi ki, daşıyıb qurtarmaq olmurdu.

Zibil yeşiklərində üst-üstə qalaqlanan meyitlərdən gələn üfunət iyi bütün ölkəni bürümüşdü.

Əslində, hər şey üç il əvvəl başlamışdı. Hələ onda maddi resursların tükənmək üzrə olduğu deyilir, aclığın başlanacağı gözlənilirdi. İqtisadçılar, nazirliklər müxtəlif proqramlar hazırlayır, böhrandan çıxış yolu axtarırdılar.

Ancaq problemin həlli mümkün olmurdu, hökumətin gücü əvvəl-axır qapını kəsdirəsi aclığın qarşısını almağa yox, bir müddət yubatmağa çatırdı. Çox keçmədi ki, resurslar sürətlə azaldı, ölkədə qıtlıq başlandı.

Əhali küçələrə axışıb nümayişlər keçirir, böhranın tezliklə aradan qaldırılmasını tələb edirdi.

Ancaq insanlar vəziyyətdən çıxış yolunun olmadığını çox gözəl anlayır, hökumətin çarəsizliyini qəbul edirdilər. Bununla belə hər kəs möcüzə baş verəcəyinə inanırdı.

Qızğın müzakirələr getdiyi vaxtda televiziya ekranlarından hamını dəhşətə gətirən fikir səsləndi.

Görkəmli iqtisadçılardan biri aclığın qarşısını almaq üçün çox qəddar bir variant təklif etdi.

O, ölkədə orta yaş həddinin yetmiş olduğunu, resursların da buna görə hesablandığını, bu yaşdan yuxarı hər kəsi öldürməklə müvəqqəti də olsa aclığın qarşısını ala biləcəklərini dedi.

Bu fikir bir göz qırpımında əhali arasında yayıldı. Artıq hər yerdə yalnız bu mövzu müzakirə olunurdu.

Heç kim etiraf etmək istəməsə də, hamı başqa çıxış yolu olmadığını, bu fikirlə razılaşmaq məcburiyyətində qaldıqlarını bilirdi.

Belə bir məqamda dövlət proqramı dəstəklədiyini açıqladı. İnsanlar belə bir şeyin baş verəcəyini ağıllarına sığışdıra bilmir, hətta xəyallarında belə canlandıranda dəhşətə gəlirdilər.

Müxtəlif formatlı aksiyalar keçirilir, humanitar təşkilatlar bəyanatlar verir, ölkə rəhbərliyini geri addım atmağa səsləyirdi. Xeyri olmadı, dövlət proqramı dəstəklədiyini bir daha rəsmi şəkildə bəyan etdi.

Bir azdan layihəyə dəstək üçün çəkilən sosial videoçarxlar ekranlarda görünməyə başladı.

Videoçarxda yetmiş yaşından yuxarı könüllülər ölkənin gələcəyi, insanların daha rahat yaşaması üçün bu kampaniyaya “hə” dediklərini, özlərini qurban verəcəklərini deyirdilər. Mətbuatda hökumətin qərarı müzakirəyə çıxarılır, müxtəlif insanlardan münasibət öyrənilirdi.

Bütün narazılıqlara rəğmən proqram parlamentdə qəbul edildi. Əvvəl yetmiş yaşından yuxarı hər kəsin qeydiyyatı aparıldı. Daha sonra onların ölümü və dəfni üçün xüsusi yerlər ayrıldı.

Göz yaşları, etirazlarla müşayiət olunan prosesdə qocalar öldürülüb dəfn edildi. Həmin gün ölkədə matəm elan olundu.

Televiziyalarda çıxış edən dövlət nümayəndələri insanları ən doğru yolun bu olduğuna əmin etməyə çalışır, həmin şəxsləri qəhrəman adlandırırdılar. Əhali bədbinliyə qapılmış, yaşamaq həvəsi azalmışdı.

Bununla belə onlar artıq təhlükənin sovuşduğuna inanırdılar.

Bir müddət sonra isə məlum oldu ki, bu ölümlər də vəziyyəti düzəldə bilməyib. Qısa müddətlik rahatlıqdan sonra ölkə yenidən aclıq təhlükəsi ilə üz-üzə qalmışdı.

Baş verənlər insanları yenidən düşünməyə vadar elədi. Növbəti dəfə həll yolları axtarıldı.

Dövlət yeni proqramla çıxış etdi. Orta ömür yaşı yetmişdən altmış beşə salındı. Yeni qərara əsasən, altmış beş yaşdan yuxarı hər kəs öldürülməli idi. Bu dəfə insanlar əvvəlki kimi kəskin etiraz etmirdilər.

Televiziyalarda bununla bağlı hazırlanan verilişlərin də sayı azalmışdı. Qərar rahatlıqla icra olundu. İnsanların gücü ancaq göz yaşı tökməyə çatdı.

Bir ildən sonra ölkədə vəziyyət yenidən pisləşdi. Hökumət yeni yollar axtarmağa başladı.

Hamı hansı qərarın veriləcəyini, dövlətin hansı addımı atacağını gözləyirdi. Yaşı altmışdan yuxarı olanlar xüsusilə təşviş içində idilər.

Ölüm yaşının bu qədər aşağı düşməsi insanları qorxudurdu. Ancaq hökumət bu dəfə fərqli qərar qəbul etdi. Yeni qaydalara əsasən orta ömür yaşı azaldılmadı.

Bundan sonra öləcək insanları lotereya seçəcəkdi. Ölkə yenidən qarışdı. Əhali ölüm qorxusunu daha yaxından hiss edirdi. Bu qorxu onları yenidən meydanlara çıxardı.

Ancaq etirazlar çox tez yatırıldı. Hökumət ilk lotereyanın keçiriləcəyi günü təyin etdi.

Bir çoxları bu qərarı alqışlayırdı. Onlar cəmiyyətin gələcəyi üçün canlarından keçməyin böyük şərəf olduğunu deyirdilər. Beləliklə, ilk seçim keçirildi, qurbanlar müəyyənləşdirildi.

Həmişə insanların həyatını müsbətə doğru dəyişən lotereya bu dəfə sözün əsl mənasında insanın həyatını dəyişməsinə vasitəçi olurdu.

İlk qurbanların təyin edilmiş yerlərdə xüsusi üsulla öldürüldüyü günə qədər baş verənlər hamıya yuxu kimi gəlirdi.

Hər kəs elə ürəyinin dərinliyində püşkdən adının çıxmayacağına əmin idi. Sanki adı çıxan qurbanlar hansısa başqa ölkədə yaşayırdılar.

Ölkədə xaos hökm sürür, kütləvi intiharlar olurdu. Əlinə silah alıb küçəyə çıxanlar da olurdu.

Onlar qarşılarına çıxan hər kəsi öldürürdülər ki, növbəti lotereyada daha az insan kvotası qoyulsun.

Televiziyalarda “Özünüzü təyin edilməmiş yerlərdən kənarda öldürməyin” elanları səsləndirilsə da, insanlar özlərini harada gəldi öldürürdülər. Küçələr meyitlərlə dolmuşdu.

Zibil maşınları cəsədləri yığmaq üçün üçnövbəli rejimlə işləyirdi. Püşkdən kiminsə adı çıxanda bütün ailə həll yolu axtarır, həmin adamı xilas etməyə çalışırdı.

Bəzən ailə bütünlüklə intihar edir, ya da evin başçısı övladlarının yerinə ölümə gedirdi.

Məşhur simalar televiziyaya çıxıb özlərini xalqa qurban verdiklərini deyirdilər. Öləndən sonra onlara abidələr qoyulur, adları əbədiləşdirilirdi.

2

Yuxudan gec oyandı. Axır vaxtlar qəribə olmuşdu. Elə bil ölkədə baş verənlərin ona heç bir aidiyyəti yox idi.

Böyük bir boşluq onu çənginə almışdı. Birdən ağlına intihar fikri gəldi. Yan otağa keçib köhnə “Revolver”ini sandıqdan çıxardı. Stulda oturub qabağındakı masaya dirsəkləndi.

“Revolver”in bükülü olduğu parçanı açıb, həmin parça ilə silahı təmizləməyə başladı. Silahı əlində oynada-oynada necə öləcəyini fikirləşirdi. “Revolver”in lüləsini ağzına saldı.

Poladın dadı ürəyini bulandırdı. Lüləyi ağzından çıxarıb, gicgahına sıxdı. Artıq qərar vermişdi, üçə qədər sayıb özünü öldürəcəkdi. Çaxmağı çəkib, əlini tətiyin üstünə apardı: Bir, iki... Üç demək istəyəndə qapı bərkdən döyüldü. Diksindi. Az qalmışdı ki, tətiyi çəksin.

Düzdü, onsuz da ölmək istəyirdi. Ancaq belə hazırlıqsız, “üç” deməmiş ölmək planlarına daxil deyildi.

Qapı bir də döyüldü. Siyirtməni açıb əlindəki silahı ora qoydu. Qapını açanda qabağında təhlükəsizlik orqanlarının iki sarı jiletli işçisini gördü. Ona bir məktub uzadıb “biz yenə gələcəyik” deyib getdilər.

Təəccüb içində baş verənləri anlamağa çalışırdı. Əlindəki məktubu açıb oxudu. Dünən keçirilən lotereyada onun da adı var idi. Məktubda üç gün sonra öldürüləcəyi yazılır, prosedurlar qeyd olunurdu.

Sonda isə xüsusi qeyd var idi: “Xahiş edirik, intihara cəhd etməyin. Sizin öldürülməyinizi dövlət həyata keçirməlidir, bu, gələcək nəsillər üçün lazımdır”.

O, dünənki lotereyadan xəbərsiz idi, nə baş verdiyini anlamağa çalışırdı. Masanın yanına qayıtdı.

Silahı götürüb masanın üstünə qoydu. Bir tərəfdə ölümü haqqında məktub, o biri tərəfdə isə bayaq özünü öldürmək istədiyi silah. Artıq hər şey yavaş-yavaş aydın olmağa başlayırdı.

Elə bil təzə-təzə ölümün nə olduğunu hiss edirdi. Bayaqdan sanki oyun oynayırdı.

Ölüm hissinin bu qədər ağır olduğunu dərk etməmişdi. Gözünü bir nöqtəyə zilləyib, hərəkətsiz dayanmışdı. Masanın üstündəki kağızı və silahı unutmaq istəyirdi. Birdən gözü onlara sataşar qorxusu ilə uzun müddət gözlərini bir nöqtədən çəkmədi.

Xeyri yox idi. Özünü daha çox aldada bilməzdi. Masanın üstündəki həqiqəti qəbul etməli idi. Tez siyirməni açıb silahı və məktubu ora qoydu. Dərindən nəfəs aldı.

Sanki hər şey yuxu imiş və həmin məktub çəkməcədə qaldığı müddət bu yuxu gerçəkləşməyəcəkmiş.

Yatağına uzandı. Nə zaman yuxuya getdiyindən xəbəri olmadı. Səhər tezdən qapı zənginin səsinə oyandı. Artıq hər şeyi unutmuşdu. Qapını açıb qarşısında ağ xalatlı adamı görəndə təəccübləndi.

Ağ paltarlı adam özünü təqdim edərək psixoloq olduğunu, dövlət tərəfindən göndərildiyini dedi.

Psixoloq içəri keçib ətraflı izahat verdi: “Dövlət lotereyada adı çıxan hər kəsə xüsusi həkim təyin edir. Biz evlərə gedib sizin intihar etməyinizin qarşısını almalı, psixoloji dəstək verməliyik”.

Psixoloq ölümün elə də qorxulu olmadığından, dövlətin ölümə hər cür şərait yaratmağından danışırdı.

O, psixoloqun dediklərini eşitmirdi. Yavaş-yavaş dünənki hadisələri xatırladı və onu ölümdən bir gün ayırdığını başa düşdü. Yenə də bunun bir oyun, ya da zarafat olduğunu, möcüzə baş verəcəyini gözləyirdi.

Psixoloq bir az da danışıb, getməli olduğunu, nə kömək lazım olsa, onunla əlaqə saxlaya biləcəyini dedi.

Qapıda ona möhkəm olmağı məsləhət gördü, qorxulu heç nə olmadığına əmin etməyə çalışdı.

Həkim gedəndən sonra özünü böyük bir boşluğa düşmüş kimi hiss etdi. Doğrudur, onun danışdıqlarından heç nə yadında qalmamışdı, ancaq gedişi tənhalıq hissini artırmışdı.

Nə edəcəyini bilmirdi. Gedib yenə çəkməcəni açdı. Silahı gicgahına sıxdı. Tətiyi çəkmək istəyirdi ki, gözü məktuba ilişdi.

Gözünü bərk-bərk yumub silahı əlində sıxdı. Kağız parçası gözünün qabağından getmirdi.

Özünü öldürə bilmədiyi üçün əsəbiləşirdi. Silahı otağın bir küncünə atdı. Dizi üstə çöküb ağlamağa başladı.

Ağlına yüzlərlə, minlərlə ssenari gəlirdi. Bəlkə çölə çıxıb qarşısına çıxanı öldürsün?! Tez də heç kimi öldürə bilməyəcəyini, bu qədər cəsur olmadığını anladı. Heç bir ssenarinin, planın xeyri yox idi.

Dəqiqələr onu ölümə aparırdı. Vaxt bəzən dayanır, bəzən də qaçırdı. Zamanı idarə edə bilmirdi. Saatı divardan çıxarıb, güzgüsünü qırdı, əqrəbləri əliylə saxladı.

Bir müddət belə dayanandan sonra əqrəbləri qırıb ovcunda sıxdı. Saat olmasa da, vaxtın sürətlə axdığını hiss edirdi. Səhərə qədər evinin hər yerində, hər qarışında oldu. Sanki hansısa yaxınıyla sağollaşırdı.

Səhər tezdən qapı döyüldü. Qapını açmırdı. Bu özünü qorumaq üçün deyildi, sadəcə, qapını açmağa özündə güc tapa bilmirdi.

Onsuz da öləcəkdi. Qoy qapını da özləri açsın. Artıq bütün qaydalara riayət etmək məcburiyyətində deyildi.

Qapını bir xeyli döyüb-döyüb, içəridən bir səs çıxmadığını görəndə xüsusi alətlərlə açmağa başladılar.

Onlar belə vəziyyətlərə adət eləmişdilər. Həmişə özləriylə qapını açmaq üçün dəmir-dümür daşıyırdılar. İçəri birinci girən psixoloq onu görəndə dəhşətə gəldi: bir gecədə qocalmışdı.

– Belə olmaz, biz səninlə bu cür danışmamışdıq.

Sarı jiletlilər qollarından tutub maşına apardılar. Onu lotereyada adı çıxanların saxlandığı yerə gətirdilər.

Maşından düşüb ətrafına baxdı. Hər tərəf işıqlı idi və yaşıllıqlarla əhatə olunmuşdu. Ağ və yaşıl rənglər görəndə burada öləcəyinə inanmırdı.

Qapıdan içəri keçəndə geriyə boylandı. Artıq hər şeyin sona çatdığını anladı. Bütün hissiyyatını itirmişdi.

Sanki havada, boşluqda idi. Psixoloq əvvəl fərdi söhbət apardı. Sonra qrup terapiyası başlandı. Burada ölümə məhkum edilmiş on nəfər vardı. Qoca kişini görəndə ona paxıllığı tutdu.

Ömrünün böyük bir hissəsini yaşamış qoca üçün bu ölüm elə də qorxulu olmaz deyə düşündü.

Daha sonra onları yeməkxanaya apardılar. Burada süfrəyə hər cür naz-nemət düzülmüşdü.

Bu dünyadan yalnız qarınlarında nəsə aparacaqlarını düşünüb əllərinə keçəni acgözlüklə gözlərinə təpənlər də var idi, donuq-donuq qabağındakı yeməyə baxanlar da.

Qaydalara uyğun olaraq, hər kəsdən ölmədən öncə etmək istədikləri son şeylə, yaxud yaxınlarına məktub yazmaq istəyib-istəmədikləri ilə maraqlandılar.

Onun heç kimi olmasa da, yeganə doğmasına – evinə məktub yazdı. Sonra ondan hansı yolla ölmək istədiyini soruşdular.

Elektrik stulunda can verməyi seçdi. Niyəsə ona elə gəlirdi ki, elektrik cərəyanı onun bütün bədənini qurudacaq, belə ölmək ona daha rahat olacaq. Bu mərhələdən sonra insanları ölüm növlərinə görə qruplaşdırdılar.

Ən az insan onların qrupunda idi. İnsanlar daha çox asılmaq, zəhər içmək, damarlarını kəsib ölmək istəyirdi.

Qəribəydi, çarmıxa çəkilmək, hündür mərtəbəli binadan atılmaq istəyənlər də tapılırdı.

Onu bərbərin yanına apardılar. Saçının ortasını kəsdilər. Güzgüdə özünə baxanda saçının dibindən qırxılmağını xahiş etdi.

…Elektrik stulunda oturmuşdu. Əl-ayağını bərk-bərk bağlamışdılar. Sulu süngəri başının ortasına qoydular. Bu, cərəyanın tez yayılması üçün lazım idi. Bədəni gicişdi.

Cərəyan keçiricisi olan çanağı başına bağladılar. Yuxarıdakı qırmızı işıq sarını əvəz etdi. Psixoloq son olaraq nəsə deyib-deməyəcəyini soruşdu. O, isə susdu. Hələ də öləcəyinə inanmırdı.

Bəlkə də, artıq ölmüşdü. Yuxarıdakı işıq sarıdan yaşıla keçdi. Sarı jiletli köməkçi əlini elektrik açarına doğru apardı.

O, proseduru bir neçə saniyə gecikdirməklə ona bir neçə saniyəlik ömür bəxş edir, öz vicdani işini yerinə yetirirdi…

Hamı çaş-baş qalmışdı. Yaşıl işığı qırmızı işıq əvəz etmişdi. Nəzarətçi bunu anlamadı. Tez otaqdan çıxdı və bir müddət sonra qayıtdı. Üzündə donuq bir ifadə ilə onu təbrik etdi: “Siz ölümdən xilas oldunuz. Sizin əvəzinizə ölmək istəyən biri var”.

O, artıq öldüyünü, baş verənlərin isə o dünyaya gedən tuneldə xəyal kimi gözünə göründüyünü düşündü. Heç nə hiss etmirdi. Əl-ayağını açdılar. Özünü yerə atdı. Qışqırmağa, ağlamağa başladı.

Nəzarətçinin ayaqlarından bərk-bərk yapışıb, ayyaqqabısından öpdü. Köməkçilər onu ayağa qaldırıb o biri otağa apardılar.

Bir müddət sonra az da olsa sakitləşə bildi. Onun əvəzinə ölmək istəyənin kimliyi ilə maraqlandı.

Bildiyi qədərilə heç kimi yox idi. Bu an qapıda orta yaşlı bir qadın peyda oldu. Sakit-sakit ona baxırdı. Qadını tanıdı.

Bir müddət birlikdə yaşamışdılar. Sonra birgə həyatları darıxdırıcı olduğu üçün ayrılmışdılar. Ona yazığı gəldi. Qadın ağır-ağır danışmağa başladı: “Hər şeydən bezmişəm, yaşamaq istəmirəm. Keçən ay atamı lotereyada itirdim. Tək yaşamağın isə heç bir mənası yoxdur. Dünən stulu qoyub göydən kəndiri asdım. Stulun üstünə çıxıb, kəndiri boğazıma keçirdim. Atam öləndən sonra evdə tək qalmağa qorxuram. Ona görə də həmişə televizoru açıq qoyuram. Bilirəm gülməlidir, adam özünü öldürmək istədiyi məqamda belə gözəgörünməz qüvvələrdən qorxur. İp boynumda olanda lotereyanın cavablarını açıqlayırdılar. Birdən sənin adını eşitdim. Düşündüm ki, onsuz da ölürəm. Heç olmasa, səni xilas edim”.

Bütün bədəni keyimişdi, heç nə deyə bilmirdi. Qadın xəfifcə gülümsədi:

“Televizorda sənin adını eşidəndə həyəcanlandım, ayağım büdrədi, az qalmışdı stul aşsın. Özümü güc-bəla ilə saxladım. . Təsəvvür edirsən, stul aşsaydı səni xilas edə bilməyəcəkdim...”