Amnesty də Azərbaycana buraxılmadı

Amnesty International logo in English

Amnesty International (AI) beynəlxalq hüquq-müdafiə təşkilatı iyunun 10-da bildirib ki, Azərbaycan hökuməti qurum təmsilçilərinin Bakıya səfərinin qarşısını alıb

-

Amnesty International (AI) beynəlxalq hüquq-müdafiə təşkilatı iyunun 10-da bildirib ki, Azərbaycan hökuməti qurum təmsilçilərinin Bakıya səfərinin qarşısını alıb. Təşkilat Avropa oyunları ərəfəsində insan haqları pozuntularına etiraz planlaşdırırdı.

Amnesty yaydığı bəyanatda bildirir ki, planlaşdırılan səfər təxirə salınmalı olub. Hökumət onlara deyib ki, təmsilçiləri oyunlar bitənədək ölkəyə buraxılmayacaq.

AI “Azərbaycan: Repressiya Oyunları. İlk Avropa Oyunlarında eşitməyəcəyiniz səslər” adlı brifinq keçirməyi planlaşdırırdı. Tədbirdə Oyunlar öncəsi müxalifət fəalları, jurnalistlər və fəallara divan tutulmasına işıq salınacaqdı.

“Avropa Oyunları ərəfəsində ölkədə tənqidi səslərin sistematik susdurulmasına həsr olunmuş brifinqin keçirilə bilməməsi çox ironik səslənir,” Amnesty-nin Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivosheev deyib.

“Mətbuat azadlığını və Olimpiya Xartiyasında əks olunmuş insan ləyaqəti dəyərlərini irəlilətmək bir yana, bu oyunlar dünyada repressiv rejimlərin daha da əl-qolunu açır ki, belə böyük idman tədbirlərindən beynəlxalq nüfuz və hörmət qazanılması üçün bilet kimi yararlansınlar”.

Britaniyalı insan haqları fəalı Emma Hughes da iyunun 9-da Bakıya buraxılmayıb.

Amnesty Azərbaycan hökumətini “vətəndaş cəmiyyətinə sistematik təzyiqlər”ə görə ittiham edir. Hökumət isə bu və digər hüquq müdafiə təşkilatlarının ölkəyə qarşı qərəzli kampaniya apardığını bildirir.