-
“PA (Prezident Administrasiyası – red.) çaşqın vəziyyətdə qalaraq cəmiyyəti də çaşdırmaq istəyir və mənim arxamda hansısa mifik bir gücün olduğuna cəmiyyəti inandırmaq istəyir”.
«Facebook» sosial şəbəkəsindəki statuslarına görə tənqid olunan azərbaycanlı diplomat, İslam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədov belə deyir. O, “facebook”dakı yeni statusunda onu Rusiya dairələrinə yaxın olmaqda ittiham edənlərə cavab verib:
“Qərbdə kifayət qədər tanınmağımın və imkanlarımın olduğunu bilərək (Qərb 20 ildə mənim kim olduğumu kifayət qədər dərindən öyrənib – A.M.) primitiv şəkildə Qərbə mənim Rusiya dairələrinə yaxın olduğumu çatdırmaq istəyirlər. Bu, Avropada gülünc qəbul olunur. Ölkə daxilində kimsə buna inansa belə, Qərb mənim heç bir xarici qüvvələrlə bağlı olmadığımı çox gözəl bilir. Avropada insan haqları sahəsində hər zaman mübariz, təkidli olduğum heç vaxt heç kəsə sirr olmayıb”.
Arif Məmmədov mayın 19-da Bakıda yanan bina ilə bağlı tənqidi fikirlərindən sonra ölkənin bir çox rəsmisinin tənqid və qınaqları ilə üzləşib. Mətbuatda onun “Rusiya kəşfiyyatının ortaya atdığı adam” olması iddiası da səsləndirilib.