Deputat günahı ermənilərdə görür

Əli Hüseynli

-

«Avropa Parlamentində bir qrup şəxs tərəfindən Azərbaycanla bağlı dinləmələrin son günlər mütəmadi şəkil alması onu göstərir ki, Avropa Oyunları ərəfəsində bizə düşmən qüvvələrin aktivləşməsi bu təşkilatda da özünü göstərir. Bu, artıq hansısa insan haqları ilə bağlı müzakirə yox, birbaşa Azərbaycanın imicini ləkələmək cəhdinin qarşıya məqsəd qoyulmasıdır ki, bunun da arxasında təbii ki, bu işdə maraqlı olan erməni lobbisi var. Bütün bunlar Avropa Parlamentinin özünün imici üçün əsl ləkədir».

Bunu apa-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iyunun 10-da Avropa Parlamentində Azərbaycanda insan haqları ilə bağlı təşkil olunan dinləmələrə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Avropa Parlamentindəki bəzi şəxslər insan haqlarını əsas kimi götürsələr də, daim ayrı-ayrı ölkələrin suveren hüquqlarına təcavüz etmiş olurlar:

«Son vaxtlar erməni lobbisinin təkidi ilə bu siyahıya Azərbaycanın da adı salınıb. Bu dinləmələrin adı da ziddiyyətlidir. «İdman və insan haqları» adlı dinləmələrin keçirilməsi onu göstərir ki, idmandan da siyasi amil kimi istifadə etmək əsas hədəf kimi götürülüb. Azərbaycanda belə mötəbər oyunların keçirilməsi, Azərbaycanın bu oyunlara ev sahibliyi edərək dünya qarşısında etimadını bir daha artırması təbii ki, erməniləri narahat edir. Bu narahatlıq da təəssüf ki, Avropa Parlamentində bəzi şəxslərdə də müşahidə olunur. Həqiqət isə bundan ibarətdir ki, onlar üçün Azərbaycanda hansısa problem maraqlı olsaydı, indiyə qədər Ermənistan tərəfindən işğal olunmuş ərazilərlə bağlı heç olmasa bir dəfə müzakirələr keçirərdilər. Amma keçirmirlər, çünki erməni lobbisi onlara icazə vermir».

Ulrike Lunacek

«ULRIKE LUNACEK SİYASİ YARAMAZLIĞI İLƏ TANINIB»

Əli Hüseynli iyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti, Avropa Yaşıllar Partiyasının üzvü Ulrike Lunacek və bir sıra avropalı parlamentarilərin qurumun sessiyasının açılışa azərbaycanlı hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılmalarına da münasibət bildirib.

Bildirib ki, bu kampaniya elə adam tərəfindən təşkil edilib ki, o, daim siyasi yaramazlığı ilə tanınıb.

Ə.Hüseynli qeyd edib ki, Lunacek-in missiyası əvvəldən bəllidir, onun ermənilər tərəfindən ruhlandırılması hamıya məlumdur:

«Onların geyimlərində azadlıqlarını tələb etdikləri şəxslər burada konkret maddələr üzrə ittiham olunublar. Hansı ki, burada dövlətin, xalqın təhlükəsizliyindən, milli maraqlarından söhbət gedir. Lunacek və onun yanındakılar həqiqətən demokratik prinsipləri əsas götürürlərsə, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, milli təhlükəsizliyi niyə onları düşündürmür? Ona görə ki, əməkdaşlıq etdikləri erməni lobbisi bunu onlara icazə vermir? Azərbaycanda insan haqları, söz azadlığı, demokratik prinsiplər kifayət qədər inkişaf edib və Lunacek kimilərin burada nöqsan axtarması yersiz və xoş olmayan niyyətdən başqa bir şey deyil».