-
“Sabah 50 ölkə Bakıda ilk Avropa Oyunlarının açılış mərasiminə qatılacaq. Ancaq Azərbaycanın tanınmış jurnalisti Xədicə İsmayıl onların sırasında olmayacaq. Bu jurnalist korrupsiyadan yazdığına görə dekabrdan həbsdədir. Media azadlığı fəalı Emin Hüseynov da mini-Olimpiya adlanan bu tədbirdə ola bilməyəcək. O, ötən ilin avqustundan Bakıdakı İsveçrə səfirliyinə sığınıb”. Bunu Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova yazır.
Müəllif Azərbaycanda jurnalistlər və insan haqları fəallarının risklərlə üz-üzə qaldığını, həbsdəki jurnalistlərin demək olar hamısının hökumət korrupsiyasından yazdığına görə ittihamlarla üzləşdiyini vurğulayır.
“İyunun 12-dən 28-dək Bakı Oyunlarını 1300-dək jurnalist işıqlandıracaq. Mətbuatın əlində bu senzura və məhdudiyyətlər içində boğulan ölkəni diqqətlə öyrənməyə nadir fürsət düşüb,” yazan müəllif ölkədə 8 müstəqil jurnalistin tənqidi yazılarına görə həbsdə yatdığını qeyd edir.
Bəzi jurnalistlər təqiblərə görə ölkəni tərk etməyə məcbur olub. Müəllif Almaniya kansleri Angela Merkel daxil olmaqla alman rəsmilərinin açılış mərasiminə qatılmadığını xatırladır. “Rəsmi bəyanat verilməsə də, məlumatlara görə, Merkel bundan öncə də Azərbaycanda insan haqları sarıdan narahatlığını dilə gətirib”.
Hökumətin #HelloBaku haştaq kampaniyasına qarşı insan haqları fəalları #realBaku2015 haştaqını yaradıblar.
Müəllif iyunun 12-dən 28-dək bəzi tvitləri paylaşmağa çağırır. Həmin tvitlərdə prezidentə çağırış olunur ki, jurnalist Xədicə İsmayıl azadlığa buraxılsın; ABŞ Dövlət katibi John Kerry-yə müraciət edilir ki, Xədicənin həbsdən buraxılmasını prezidentdən xahiş etsin; Azərbaycanın Avropada ən repressiv və qapalı ölkələrdən biri olduğu qeyd olunur və s.
Hakimiyyət təmsilçiləri Azərbaycanın senzuradan azad ölkə olduğunu, heç bir jurnalistin peşəsinə görə həbs olunmadığını, həbs olunanların konkret cinayətə görə cəzalandırıldığını vurğulayır.