«Lahıc» filmi Polşada mükafat qazandı

Lahıç - 2011

-

«Azanfilm» studiyasında istehsal olunmuş «Lahıc» sənədli filmi Polşanın Varşava şəhərində keçirilən 10-cu «FilmAT» Film, Sənət və Turizm Festivalında mükafata layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, festivalın münsiflər heyətinin sədri «Oskar» mükafatçısı Zbigniew Zmudzki, üzvləri kino, media və turizm sahəsində dünyada tanınmış şəxslərdir.

Festivalda dünyanın müxtəlif ölkələrindən 160 film iştirak edib.

«Art» nominasiyasında mükafat Avstriya istehsalı olan «Yeni imperial tarix - gələcəyin xatirələri» («A New Imperial History - Memories are the Future») filminə, «Turizm» nominasiyasında baş mükafat İsveç istehsalı olan «Zaman» («Time») və Belçika istehsalı olan «Bu ancaq Gentdə baş verə bilər» («Could only happen in Gent») filmlərinə təqdim edilib. «Ekologiya» nominasiyasında baş mükafatıÇexiya istehsalı olan «Papua Yeni Qvineyaya qaçış» («Escape to Papua New Guinea») filmi alıb.

Festivalın ən önəmli mükafatlarından olan «ən yaxşı sənədli film» mükafatı «Azanfilm» studiyasının istehsalı olan «Lahıc» filminə verilib.

2014-cü ildə «Azanfilm» studiyasında istehsal olunmuş «Lahıc» 23 dəqiqəlik sənədli filminin ssenari müəllifi və rejissoru Rusiyanın əməkdar incəsənət xadimi Tofiq Şahverdiyevdir.

Filmdə Lahıcın qədim tarixi fonunda yerli əhalinin gündəlik yaşayış tərzi, sənətkarların gərgin və qiymətli əməyi, qəsəbəyə gələn turistlərin marağı əslən Azərbaycandan olan rusiyalı rejissorun baxış bucağından lentə alınıb.

Filmin montaj rejissoru Xanlar Ağayev, səs rejissoru Rasim Mehdiyev, icraçı prodüserləri Məhəmməd Ağabəyov və Niyazi Hüseynov, prodüseri Fariz Əhmədovdur.