Təzə avtobuslarla bağlı qaranlıq məqamlar

Fransadan gətirilmiş avtobuslar.

-

«Bakı-2015» birinci Avropa Oyunlarının başa çatmasına sayılı günlər qalıb. İdman oyunlarının keçirilməsində ekspress xidmət göstərən Fransa istehsalı avtobusların bu oyunlardan sonra ictimai nəqliyyatda xətlərə buraxılması məsələsi isə hələ də həll olunmayıb.

Həmin avtobusları Azərbaycana gətirmiş dövlətə məxsus «BakuBus» MMC-nin direktor müavini Vüsal Kərimov bir müddət öncə mətbuata açıqlamasında demişdi ki, Fransadan gətirilmiş 302 ədəd avtobus şəhərin mərkəzində hərəkət edəcək və daha sonra xidmət ərazisi genişləndiriləcək. Vüsal Kərimov 151 «Iveco Crealis» və 151 «Iveco Urbanway» markalı avtobusların iyul ayından ictimai nəqliyyat kimi istifadəyə veriləcəyini deyib.

AzadlıqRadiosunun avtobuslarının hansı marşrutlar üzrə hərəkət edəcəyi, ödəmə sistemləri, işçilərlə hesablaşma qaydası haqda suallara cavab tapmaq cəhdi baş tutmadı. «BakuBus» şirkətinin korporativ saytı boşdur, telefon nömrələri isə aktiv deyil.

«BakuBus» MMC Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində «şəhər nəqliyyatının təkmilləşdirilməsi» məqsədilə yaradılıb. Şirkətin fəaliyyətinin təşkili üçün ilkin olaraq 30 milyon manat ayrılıb. Sonrakı dövrdə görülən işlər üçün tələb olunan vəsait isə güman ki, Nazirlər Kabinetinin dövlət büdcəsindəki ehtiyat fondundan maliyyələşdirilib. Şirkət illik maliyyə hesabatını açıqlamayıb.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev bildirib:

«Məsələni belə qoymuşuq ki, Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir. Hesab edirəm ki, yeni avtobuslar bir neçə aydan sonra artıq gətiriləcəkdir. Bakı şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, o vaxta qədər bütün bu məsələlər - onların parkinq yerləri, sürücülər, sistem, şəffaflıq öz həllini tapmalıdır. Bu, dünya miqyasında bir nömrəli sistem olmalıdır».

Görünən isə budur ki, şəffaflıq hələlik ən sonda olan məsələdir.

AVTOBUS DAVASI

«Sərnişin daşımalarının təşkili qaydaları haqqında» Nazirlər Kabinetinin qərarına əsasən, şəhərdaxili ictimai nəqliyyatda marşrutlara daşıyıcıların seçimi müsabiqə qaydasında aparılır. Qaydaların qüvvədə olduğu bir neçə il ərzində Bakı şəhərindəki avtobus marşrutları bir neçə dəfə dəyişdirilib, yeni marşrutlar açılıb, lakin daşıyıcıların seçilməsi üçün açıq müsabiqələrin keçirilməsi barədə Nəqliyyat Nazirliyi tərəfindən məlumat verilməyib.

«BakuBus»ın şəhərin mərkəzində fəaliyyətə başlamasının burada işləyən digər daşıyıcıların fəaliyyətinə təsiri də qaranlıq məsələlərdəndir. Ehtimal etmək çətin deyil ki, bu, müəyyən marşrut üzrə hərəkət etməyə alışmış və sərnişin bazası toplamış avtobus şirkətlərinin marağını təmin edən hal deyil.

Nəqliyyat Nazirliyinin «Bakı Sərnişin və Yük Daşımalarının Təşkili» MMC-də AzadlıqRadiosuna bildirdilər ki, marşrutların bölgüsünün aparılması məqsədilə «BakuBus» MMC tərəfindən buraya müraciət daxil olmayıb.

Bu il iyunun 3-də «BakuBus» MMC-nin avtobus deposunun açılışında dövlət başçısına məlumat verilib ki, burada 1000-dək iş yerinin açılması nəzərdə tutulur ki, bunlardan təqribən 750-si sürücüdür. Onların orta aylıq əməkhaqqı 700 manat müəyyən ediləcək.

TERMİNAL VAR, KART YOX

Maraqlıdır ki, «BakuBus» MMC avtobuslarda nağdsız ödəmənin həyata keçirilməsi üçün «BakıKART» ödəmə terminalları alaraq metro stansiyalarında yerləşdirib.

Bakıda avtobuslarda gediş haqqının plastik kart vasitəsilə ödənilməsinə keçid 2011-ci ildə, yəni Nəqliyyatı İntellektual İdarəetmə Sistemi işə salınanda planlaşdırılırdı. Lakin Nəqliyyat Nazirliyi bu məsələni indiyədək tam həll edə bilməyib. Nazirliyin sözçüsü bunun Avropa Oyunlarından sonra gerçəkləşəcəyini deyib. Konkret tarixi isə açıqlamayıb.

Qeyd edək ki, yeni avtobuslarda gediş haqqının məbləği də hələ həll olunmamış məsələlərdən biridir. Qanunvericiliyə əsasən, gediş haqqını Tarif (Qiymət) Şurası müəyyən edir. Lakin Şurada Azadlıq radiosuna deyiblər ki, bununla bağlı Şuraya müraciət daxil olmayıb.

Dövlət qurumları Fransadan gətirilmiş avtobuslar üçün təchizatçıya nə qədər vəsaitin ödənildiyini açıqlamırlar. AzadlıqRadiosunun Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu ilin birinci rübündə Fransadan ölkəmizə 105 ədəd avtobus gətirilib və onun bir ədədi dövlətə 334 min 850 ABŞ dollarına başa gəlib.