-
"Bu günlərdə ingilisdilli ədəbiyyat dərgilərində hind dilinin Avropa dillərinə təsiri müzakirə olunur"
Şampun, pijama, veranda, şal sözləri hind dilindən gəlib
Hindistan yazıçısı Kiran Desai (biz onu Orxan Pamukun sevgilisi kimi tanıyırıq), bir müsahibəsində deyirdi ki, Qərb ölkələrində hindlilər bir-birlərinə tanışlıq vermir, çalışırlar uzaq qaçsınlar, hindli olduqlarını etiraf etməsinlər.
Əgər doğrudan da belədirsə, hindistanlılar özləri bilərlər, amma faktiki olaraq, qərblilərin hindlilərə münasibəti başqa gəlmələrə münasibətdən dramatik şəkildə fərqlənir. Hindlilərə böyük hörmət var.
"Çin - Şərqdəndir, Hindistan - Qərbdən" deyən Qərb intellektualları var.
Hind mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatı Qərb, xüsusən alman fəlsəfi düşüncəsinə çox ilham verib, intellektualların hind dünyasına hörməti adi camaata da sirayət edib.
Bu günlərdə isə ingilisdilli ədəbiyyat dərgilərində hind dilinin Avropa dillərinə təsiri məsələsi müzakirə olunur.
Dünya dillərinə, elə Azərbaycan dilinə də şampun, pijama, veranda kimi nə qədər söz hind dilindən keçibmiş.
Şal sözü də həmçinin.
Şalı hindistanlılar toxuyurmuş, Qərb ölkələrində isə yüksək cəmiyyətdən olan qadınların lüks geyimi sayılırmış.
Müxtəlif dillərdə danışan insanlar bir-birilə ilk dəfə və ən çox 16-17-ci əsrlərdə görüşüblər. Ölkələr arasında ticarətin ilk qaynar dövründə Kəşmir şəhərindən yun alan xarici tacirlər o xüsusi keçi yununu kəşmir adlandırıblar, bu söz tacirlərin dilindən bütün dünyaya yayılıb.
Elə həmin dövrdə hind subkontinentinə səyahət edən avropalılar hind, fars və Avropa dilləri arasında oxşarlıq görüblər.
1583-ci ildə ingilis Yezuit ordeninin Asiya ölkələrini gəzən bir missioneri qardaşına məktub yazıb ki, Asiya dillərilə, xüsusən sanskrit, yunan, latın dilləri ilə ingilis dili arasında oxşarlıqlar var.
Onunla eyni vaxtda Filoppo Sassetti adlı bir italyan taciri sanskrit və italyan dilləri arasında bənzərliklər gördüyünü yazıb gündəliyində:
"devaḥ/dio - "God", sarpaḥ/serpe - "serpent", sapta/sette - "seven", aṣṭa/otto - "eight", nava/nove - "nine".
1647-ci ildə holland dilçi alimi Marcus Zuerius van Boxhom hind-Avropa arealındakı dillər arasında oxşarlıqları görəndə onların hamısının bir ibtidai dildən törədiyini deyib, həmin dili Scythian adlandırıb.
O, öz mülahizəsinə holland, alban, yunan, latın, fars, alman, slavyan, kelt, baltik dillərini artırıb.
Osmanlı türk səyyahı Evliya Çələbi 1665–1666-cı illərdə Vyanada olanda alman və fars dilləri arasında bəzi eyniliklər müşahidə edib.
Gaston Coeurdoux isə 1760-cı illərdə sanskrit, latın və yunan dillərini araşdırandan sonra onları qohum dillər adlandırıb.
İlk dəfə "hind-Avropa" terminini Thomas Young işlədib, 1813-cü ildə. O vaxtdan bu, vahid elmi terminə çevrilib.
Amma bəzi alimlər “hind-Avropa” termininin çaşdırıcı olduğunu deyirlər, “hind-german” terminini təklif edirlər. Çünki bir sıra tarixi və elə indi də mövcud olan Avropa dilləri var ki, onlarla bu "hind-Avropa" dilləri dediyimiz dillər arasında heç bir oxşarlıq yoxdur.
Hind-Avropa termininin müdafiəçiləri isə əksinə, "Hind-German" terminini çaşdırıcı hesab edirlər, çünki heç də bütün Avropa dilləri germanik dillər deyil.
Göründüyü kimi, terminin ikinci tərəfi mübahisəlidir, ancaq birinci hissəsi ətrafında mübahisə yoxdur. Hind dili ilə bu dillər arasında ciddi oxşarlıqlar var və hind dili onların arasında ən qədimidir.
Oxu zalı