Birinci prioritet istiqamət kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə Avropa Birliyinin (AB) yardım göstərməsi öz əksini tapıb. İkinci prioritet, Azərbaycanda azad və demokratik seçkilər yolu ilə demokratiyanın gücləndirilməsi, üçüncü, ölkədə insan haqlarına, fundamental azadlıqlara və qanunun aliliyinin təmin olunmasına yardım edilməsi, dördüncü, AB ilə ölkə arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və regionda nəqliyyat sahəsində əməkdaşlığın artırılmasıdır. Ümumiyyətlə, Fəaliyyət Planında on prioritet sahə müəyyənləşib. Digər sahələr isə Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə, şəffaflığın artırılması, vergi sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq və s. bağlıdır.
Planda göstərilir ki, demokratiyanı gücləndirmək üçün Avropa Şurasının Venesiya Komissiyasının və ATƏT-in tövsiyələri əsasında seçki islahatları aparılmalıdır.
Bu gün həmçinin Gürcüstan və Ermənistanla da «Qonşuluq Siyasəti»nə dair Fəaliyyət Planı təsdiq olundu. Ermənistanla AB-nin əməkdaşlığında da Dağlıq Qarabağ məsələsi prioritet sahə kimi göstərilib.
AB-nin xarici siyasət idarəsinin rəsmisi Havyer Solana «Azadlıq» radiosuna eksklüziv müsahibəsində bildirib: «Bu planını əsas məqsədi hər üç Cənubi Qafqaz ölkəsinin: Azərbaycan, Ermənistan və Gürcüstanı Avropaya yaxınlaşdırmaqdır. Planı daha yaxşı icra edən ölkələr Avropa Birliyi ilə daha yaxın münasibətlərə nail olacaqlar və Birlikdən daha çox dəstək alacaqlar».
Noyabrın 14-də Bakı vaxtı ilə saat 15.30-da Belçikanın Xarici İşlər Nazirliyində ATƏT-in MQ həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı. Danışıqların bir neçə saat davam edəcəyi bildirilir. Danışıqlarda əsas məqsəd prezidentlərin növbəti görüşünü təşkil etməkdir. Ehtimallara görə, dövlət başçılarının görüşü noyabrın sonunda və ya dekabrın əvvəlində baş tutacaq.