Mugabe Obama ilə evlənmək istəyir

Robert Mugabe

-

Zimbabve prezidenti Robert Mugabe Amerikada eynicinslilərin nikahına dair qanunvericiliyə istehza edib. Deyib ki, Ağ evə gedəcək və «diz üstə çöküb Barack Obama-ya evlilik təklif edəcək».

Zimbabve prezidenti milli radiostansiyaya danışıb.

Mugabe homoseksuallıq əleyhinə kəskin fikirləri ilə tanınıb. Ötən həftə ABŞ Ali Məhkəməsinin geylər və lesbiyanların nikaha girməsinin qanuniliyinə dair qərarı onu lap özündən çıxarıb.

Mugabe insanların İsanın əmrlərinə qarşı çıxmasını anlamadığını deyib, Peyğəmbərin homoseksuallığı qadağan etdiyini yada salıb. O, Amerika hökumətinin «şeytana sitayiş edənlər» tərəfindən yönəldildiyini iddia edib.

İyunun 29-da Zimbabvenin qonşusu Mozambik homoseksuallığı cinayət əməlləri sırasından çıxarıb. Daha öncə ölkədə Portuqaliya müstəmləkə dövrünə aid Cinayət Məcəlləsi hökm sürürdü. Həmin qanunlar homoseksuallığa görə 3 aylıq ağır əmək cəzası təyin edirdi.

Afrika ölkələrinin əksəriyyəti homoseksuallığı qadağan edir.