Xədicə İsmayıl: «Ay, nə gözəl, nəhayət...»

Fariz Namazlı

-

"Xədicə İsmayıl elə bir insandır ki, hər bir məsələdə pozitiv, müsbət nöqteyi-nəzərdən xüsusi mənalar axtarır".

Vəkil Fariz Namazlı «Amerikanın Səsi»nə müsahibəsində jurnalist Xədicə İsmayıla qarşı cinayət işinin yekunlaşması, jurnalistin cinayət işi ilə bağlı qeydləri və ictimaiyyətə mesajlarından danışıb.

- Jurnalist Xədicə İsmayıla qarşı cinayət işinin istintaqı yekunlaşıb. İbtidai istintaqın yekunlarını necə qiymətləndirirsiniz?

- Xədicə İsmayıla qarşı üç ayrı-ayrı ittiham irəli sürülmüşdü. Bunlardan biri 2014-cü ilin fevralında (dövlət sirrinin yayılmasına görə) başlanmışdı. İkinci cinayət işi Tural Mustafayevin şikayəti əsasında (özünüöldürmə həddinə çatdırma) başlandı, həmin ittiham üzrə həbs olundu.

Bu ilin fevralında isə ona əlavə olaraq AzadlıqRadiosunun fəaliyyəti ilə bağlı yeni ittihamlar verildi. Hazırda cinayət işinin istintaqı yekunlaşıb.

Biz iş materialları ilə tanış olarkən məlum oldu ki, dövlət sirrini yaymaq maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə xitam veriblər. Amma digər maddələrlə bağlı ittihamlar qüvvədə qalır. Hazırda cinayət işinin materialları ilə tanışlıq mərhələsidir.

Güman ki, bu həftə tanışlıq bitəcək, daha sonra prosedur qaydasına uyğun olaraq bizim vəsatətlər olacaq. Vəsatətlərin təmin olunub-olunmamasından asılı olmayaraq növbəti prosesual addımlar həyata keçiriləcək. Çox güman ki, iş məhkəməyə getdikdən 20 gün və ya bir ay ərzində məhkəmə prosesi başlayar.

- Necə qiymətləndirirsiniz?

- İş materialları ilə bağlı ayrı-ayrı detallara varmaq düzgün deyil. Çünki bu, istintaq sirrinin yayılmasına səbəb ola bilər. Ümumilikdə qeyd edim ki, 15 cildlik cinayət işidir. Bu cildlərdə Xədicə İsmayılın təqsirini təsdiq edəcək hər hansı bir sübut yoxdur. Yəni ümumi sözlərdir, konkret bir nəfər şəxsin ifadəsi əsasında qurulmuş bir ittihamdır. Bildiyiniz kimi, o da sonda öz şikayətindən imtina edib.

- Xədicə İsmayıl istintaq materiallarına xüsusi qeydlər edibmi? Fikri nədir?

- Xədicə İsmayıl elə bir insandır ki, hər bir məsələdə pozitiv, müsbət nöqteyi-nəzərdən xüsusi mənalar axtarır. Yəni həbs olunduqdan indiyədək hansısa iş materialları ilə tanış olanda, protokollara qeyd edəndə, hər zaman ora öz xüsusi, müsbət bir aurasını göstərib. İş materiallarında belə qeydlər çoxsaylıdır.

- Məsələn...

- Məsələn, ona bildirirlər ki, sizin iş materialları ilə tanış olmaq hüququnuz var. O yazır: «Ay, nə gözəl- nəhayət mənim də hansısa bir hüququm var və ya mənim hüququm prokurorluq tərəfindən tanınır». Və ya vəsatət verir, vəsatət təmin olunmur, yazır ki, «çox təəssüf» və qəmli işarəsi qoyur.

- Səhhəti necədir?

- Səhhəti ilə bağlı hələ bir şikayəti olmayıb. Həbs edildikdən sonra və indiyədək də bir şikayəti olmayıb.

- Jurnalistin yerli və beynəlxalq ictimaiyyətə çatdırılası bəyanatları varmı?

- O jurnalist olduğuna və araşdırma yazılar yazdığına görə həbs olunub. Hər zaman o, məhkəmə proseslərində də bildirir ki, «mən məhz yazılarıma görə həbs olunmuşam, mən həbs olunsam da, o yazılar yazılacaq». Hər zaman da jurnalistlərdən xahiş edir ki, araşdırma yazıları yazsınlar.

- İndiki anda jurnalistin həbsdən azad edilməsi üçün imkanlar varmı?

- İndi, o barədə konkret bir söz demək olmaz. Təbii ki, məhkəmə prosesində bizim verəcəyimiz vəsatətlərdən biri işin icraatına xitam verilməsi, ev dustaqlığı qətimkan tədbirinin seçilməsi olacaq. Amma ümumi istintaq dövründə biz dəfələrlə vəsatətlər qaldırmışdıq ki, ev dustaqlığı qətimkan tədbiri seçilsin.

Bizim vəsatətlər heç zaman təmin olunmayıb. Məhkəmə də xüsusi bir səbəb göstərməyib ki, nəyə görə Xədicə İsmayıl həbsdə qalmalıdır. Bu vəsatətlər məhkəmə prosesində də davam etdiriləcək və çox güman ki, vəsatətlərimiz məhkəmə prosesində də təmin olunmayacaq.