-
Azərbaycan Xarici İşlər Nazirliyi daha iki nəfərin adını "qara siyahı"ya salıb.
Söhbət Rusiyanın məşhur opera ifaçısı Lyubov Kazarnovskaya və rus ictimai-siyasi xadimi, biznesmen German Sterligovdan gedir.
Bu barədə jurnalistlərə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında mətbuat konfransı keçirəcəyini açıqlayan German Sterligovun təxribatına uyan KİV nümayəndələri də“arzuedilməz şəxslər” siyahısına daxil ediləcəklər:
“KİV nümayəndələrinin qanunsuz şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərləri Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında Qanunu və xarici KİV nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Qanunsuz səfər həyata keçirildiyi təqdirdə, bu kimi KİV nümayəndələri “arzuedilməz şəxslər” siyahısına daxil ediləcəklər".
Rusiyalı biznesmen German Sterlingov bir neçə gün öncə Rusiyadakı evini və biznesini qoyaraq Azərbaycanın işğal altında olan torpaqlarına köçüb. Bildirib ki, iyulun 13-ü mətbuat konfransı keçirəcək və bütün suallara aydınlıq gətirıcək. O, Şuşa haqda "erməni şəhəri" ifadəsi işlədir.
KİV-in məlumatına görə, Rusiyadakı ilk əmtəə birjasının təsisçilərindən biri olan German Sterligovun adı millətçilərin birləşdiyi BORN təşkilatına qarşı cinayət işində hallanır.
Rusiyanın məşhur opera ifaçısı Lyubov Kazarnovskaya da Azərbaycanın razılığı olmadan Qarabağa gedib. Mətbuatın yazdığına görə, ifaçı orada musiqi kollecində ustad dərsləri verir.
Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısında 472 nəfərin adı var.