Necə oldu ki, futbolçu İŞİD-ə qoşuldu?

Arxiv fotosu

-

Mayın 12-də 46 yaşlı Ainash Toreeva gəlini Mariadan mesaj alır. Bu, Qazaxıstanın şimal-qərbindəki Oral şəhəri yaxınlığında yaşayan Ainashın gəlinindən son 2 ildə aldığı ilk xəbər idi.

2013-cü ilin iyulunda Ainashın 27 yaşlı oğlu Talghat həyat yoldaşı Maria və qızı Sofianı götürərək evi tərk edib. Həmin ilin axırlarında ölkənin Milli Təhlükəsizlik Komitəsi Ainasha bildirib ki, oğlu Suriyadadır. Marianın mesajı qaynanasının oğlunun nə vaxtsa evə dönəcəyi ümidlərini puça çıxarıb. Çünki mesajda Talghatın İŞİD-ə qarşı hava zərbələrində öldüyü yazılmışdı.

Bəs Talghatı öz ailəsini Suriyaya aparıb İŞİD-ə qoşulmağa nə vadar etmişdi?

Ainash deyir ki, oğlu futbolçu karyerasının uğursuzluğundan sonra depressiyaya düşmüşdü.​

Futboldan fanatizmə

Yeniyetməlik dövründə Talghatın həyatı futboldan ibarət olub. Futbolçu kimi gələcəyi parlaq görünən Talghat əvvəl Uralsk Zhastar klubuna seçilib. 2005-ci ildə ali məktəbə qəbul olub. Lakin universitetlə futbol məşqlərini bir yerdə çatdıra bilmirmiş. Ona görə də Talghat tezliklə ali məktəbi yarımçıq tərk edir. Ancaq elə olur ki, futbolda da bəxti gətirmir. 2009-cu ildə Türkiyədəki təlim-məşq toplantısında uğursuz nəticə göstərir. Bundan sonra premier liqada oynamaq şansını əldən qaçırır.

Anası deyir ki, bu uğursuzluq Talghatı möhkəm sarsıdır. Sonradan müxtəlif sahələrdə -- ticarət, neft və qaz sahələrində özünü sınamağa çalışır. Ancaq hər yerdən əli boş qayıdır. Sonra dinə meyl edir. Günlərin birində isə anasına ibadətə başladığını deyir.

Talghat anası ilə kirayə mənzildə yaşayırmış. Amma getdikcə evdə az tapılır, vaxtının çox hissəsini məsciddə keçirir. Saqqal buraxır, anası ibadət etmədiyinə görə onun bişirdiyi yeməkləri də yemir. ​

“Doğru yolda”

Bütün bunlardan narahat olan Ainash kömək üçün əvvəl yerli imama, sonra isə Dini İşlər İdarəsinə müraciət edir. Orada Talghatla söhbət etdikdən sonra onun doğru yolda olduğunu bildirirlər.

Nəhayət, Ainash Milli Təhlükəsizlik Komitəsinə baş vurur. Komitədən Talghatı yoxlayacaqlarını bildirirlər. Ana deyir ki, bəlkə yoxlayıb oğlunun radikallaşdığını aşkar ediblər. “Ancaq bu haqda mənə heç nə deməyiblər”.

Talghat Maria ilə 2011-ci ildə ailə qurur. Maria da əri kimi qatı ibadət adamı olur. Bayıra çıxanda başını örtməkdən başqa, üzünə də tibbi maska taxırmış. Talghat evə gələn qonaqların Maria ilə danışmasına icazə vermir. Qonaq gələndə Maria qızı Sofia ilə ayrı otaqda otururmuş.

Talghat evi tərk etdikdən sonra anası onlar haqda 5 ay heç bir xəbər eşitmir. Günlrərin birində isə Mariadan Türkiyədə olmaqları haqqında mesaj alır. 2014-cü il yanvarın 20-də aldığı növbəti mesajdan isə onların Suriyaya keçdiyini öyrənir. Bundan sonra aldığı sonuncu mesaj oğlunun ölüm xəbəri olur.

Ainash deyir ki, Milli Təhlükəsizlik Komitəsi Talghatın Suriyaya gedəcəyi haqqında azacıq bir ehtimal olduğunu belə söyləsəydi, oğlunun ölkəni tərk etməsinə heç vaxt imkan verməzdi. Zavallı ana indi gecə-gündüz heç olmasa gəlininin və nəvəsinin sağ-salamat evə qayıtması üçün Allaha dua edir.