«İran Azərbaycanın bazarını öldürəcək»

İranda neft yatağı

-

«Azərbaycan hakimiyyəti sanksiyalara görə İranla əməkdaşlıqdan, ortaq layihələr reallaşdırmaqdan ehtiyatlanırdı. İndi bunun üçün də yaşıl işıq yandı».

«AZƏRBAYCAN MÜSTƏQİLLİYİNİ İTİRƏ BİLƏR»

İran üçün, demək olar, başqa bir dönəm başlayır. İndiyədək sanksiyalardan əziyyət çəkən ölkə, dünyadan təcrid olunan toplum normal axara qayıdacaq. Bəs nüvə proqramına dair «tarixi qərar»ın Azərbaycana istisi-soyuğu varmı?

Politoloq Azər Qasımlının qənaətincə, Azərbaycan Qərb üçün cazibəsini itirə bilər. Bu haqda az sonra.

İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ YUMŞALA BİLƏR

Başqa bir politoloq, «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, İranın Qərblə münasibətinin düzəlməsinin Azərbaycana həm mənfi, həm də müsbət təsiri ola bilər. Onun fikrincə, son illər gərginləşən münasibətlər normallaşa, yumşala bilər.

Politoloq beş-altı il öncəyə qayıdaraq xatırladır ki, o zaman Qərb mətbuatı vaxtaşırı İranın nüvə çalışmalarından əl çəkmədiyini, İsraillə ABŞ-ın İrana raket zərbələri endirməyə hazırlaşdığını və bu zaman Azərbaycan ərazisindən istifadə ediləcəyini yazırdı:

«Rəsmi Bakı bu məlumatları təkzib edirdi, çünki reallığa söykənmirdi. İran rəsmiləri, ruhaniləri, hərbçilərisə Azərbaycanı təhqir, tənqid edirdilər. İndi isə bu gərginlik, üstəlik də müharibə ehtimalı aradan qalxır. Bölgədə gərginlik azalacaq. İran-Azərbaycan arasında iqtisadi əməkdaşlıq genişlənəcək. Çünki əvvəllər Azərbaycan hakimiyyəti sanksiyalara görə İranla əməkdaşlıqdan, ortaq layihələr reallaşdırmaqdan ehtiyatlanırdı. İndi bunun üçün də yaşıl işıq yandı. İran qazı Azərbaycanın tikəcəyi boru xətti ilə Avropaya daşına bilər. Azərbaycanın xeyrinə işləyəcək bir məsələ də ola bilər. Mən düşünürəm ki, Amerika yaxın zamanda İrana kapitalını istiqamətləndirəcək. Azərbaycan ABŞ, Böyük Britaniya kapitalı üçün körpü rolu oynaya bilər. Bu da Azərbaycanın xeyrinədir».

Elxan Şahinoğlu

ERMƏNİSTAN-İRAN MÜNASİBƏTLƏRİ DAHA DA YAXŞILAŞARSA?

Ancaq Elxan Şahinoğluna görə, sanksiyaların başlıca mənfi təsiri sanksiyalar qaldırıldıqdan sonra Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın İranla iqtisadi əməkdaşlığı gücləndirməsi sayıla bilər. Politoloq bunun Azərbaycanın maraqlarına xidmət etmədiyini düşünür.

«Biz İranla daha yaxşı əlaqə qura, İranla Qərb arasında körpü rolunu oynaya bilsək, bu məsələdə Tehranın xarici siyasətinə təsir göstərə bilərik. Yəni Tehranı Qarabağ amilini nəzərə almağa, Azərbaycanın siyasi maraqlarını kənara qoymamasına nail ola bilərik. Buna görə də İran Azərbaycan münasibətlərinə yenidən baxmalı olacağıq», - söyləyir Elxan Şahinoğlu.

«Zaman itiririk, bu açılımdan ən çox Ermənistan istifadə edəcək, bununla rəqabət aparmaq üçün ağıllı siyasi komanda qurmağın vaxtı çatıb...». Bunu da iqtisadçı Natiq Cəfərli «facebook» səhifəsində yazır.

Onun qənaətincə, ağıllı hökumət olsa, normal sistem qura bilsə, İran anlaşması Azərbaycana ciddi fürsətlər pəncərəsi də aça bilər:

Natiq Cəfərli

«Azərbaycan İran bazarına girmək istəyən Qərb və Şərq şirkətləri üçün baza, yol göstərən rolunu oynaya bilər; Bizim şirkətlər İranı gözləyən tikinti bumunda iştirak edə bilərlər; İranda bizim vətəndaşlar üçün iş yerləri yarana bilər və bir müddət sonra azərbaycanlılar pul qazanmaq üçün Rusiyaya deyil də, İrana üz tutacaqlar».

İRANIN ZƏNGİN EHTİYATI AZƏRBAYCANIN BAZARINI ÖLDÜRƏCƏK

İqtisadçılar, politoloqlar bir məqama da diqqət çəkirlər ki, zəngin neft-qaz ehtiyatına sahib İranın bazara yollarının tam açılması Azərbaycanın bazarını öldürəcək.

Hərçənd Azərbaycan rəsmiləri elə düşünmür deyəsən. Azərbaycanın energetika naziri Natiq Əliyev deyib: «Qərb ölkələri tərəfindən İrana qarşı tətbiq olunan sanksiyaların ləğv olunması enerji sektoruna canlanma gətirəcək. Bu qərar bizi sevindirir. Hesab edirəm ki, sanksiyaların ləğvi neft hasilatına təsir edəcək. Xüsusən də, bu, OPEC tərəfindən kvotanın artırılması ilə nəticələnəcək».

İqtisadçı Natiq Cəfərlisə yenə sosial şəbəkədə yazır ki, sevinməyə əsas yoxdur: «OPEC-in kvota artırması, yəni, daha çox neft hasil etməsinə cənab naziri niyə sevindirir? Daha çox hasilat – daha ucuz neft deməkdir axı...».

Azər Qasımlı

Politoloq Azər Qasımlı ona diqqət çəkir ki, Azərbaycan iqtisadiyyatı neftdən-qazdan asılıdır. O, sanksiyalar götürüldükdən sonra İranın dünya bazarına növbəti iki-üç ildə sutkada 4-5 milyon barrel neft çıxara biləcəyini bildirir. Bunun nəticəsində də dünya bazarında neftin qiyməti kəskin düşəcək və ya ən yaxşı halda neftin qiyməti olduğu kimi - 40-50 dollar arasında qalacaq. «Yəni bu da Azərbaycan iqtisadiyyatına çox ciddi təsir göstərəcək» -söyləyir Azər Qasımlı. Amma bu da hamısı deyil. Təxminən beş il sonra Avropaya qaz satmağa hazırlaşan Azərbaycanın Avropaya təklif edəcəyi qazın həcmi maksimum 10 milyard kubmetr olsa da, İranın təklifi 100 milyarda yaxın olacaq, on dəfə çox yəni:

«ƏKS HALDA ÖLKƏ MÜSTƏQİLLİYİNİ İTİRƏ BİLƏR»

«Bu da deməyə əsas verir ki, Azərbaycan qazına Avropanın ehtiyacı qalmayacaq. Yəni Azərbaycanın iqtisadi- siyasi nöqteyi-nəzərdən Avropa üçün cazibəsi çox zəifləyəcək. İran çox yaxın perspektivdə Qərbin bölgədə əsas müttəfiqlərindən birinə çevrilə bilər. Bu o deməkdir ki, Azərbaycan geopolitik baxımdan Qərb üçün önəmli ölkə olmayacaq. Dünya bazarında neft ucuzlaşacaq, eləcə də Azərbaycanın bazara çıxarmağa hazırlaşdığı qazın da qiyməti düşəcək. Bu amil Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərəcək və bu zaman sosial problemlər baş qaldıracaq. Amma önəmli olan məsələnin geosiyasi tərəfidir. Azərbaycan indiki siyasəti davam etdirsə, Azərbaycanın müstəqilliyinə qarantiya verən Qərb irəlidə geri çəkiləcək. Tarix təkrarlanacaq və Azərbaycan bir daha İranın, Rusiyanın təsiri altına düşəcək. Ona görə Azərbaycan iqtidarı Qərblə münasibətlərinə yenidən baxmalıdır. Əks halda ölkə müstəqilliyini itirə bilər».

Azərbaycan Xarici İşlər Nazirliyi isə iyulun 14-də İranla «altılıq»ın razılaşma əldə etməsini alqışladığını bildirib. Bu razılaşmanın beynəlxalq və regional səviyyədə sülh, təhlükəsizlik və əməkdaşlığın inkişafına töhfə verəcəyinə inandığını bəyan edib.