Cansu atası üçün prezidentə məktub yazdı

Taleh Xasməmmədov

-

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun azyaşlı qızı Cansu prezident İlham Əliyevə məktub yazıb, ondan atasının buraxılmasını istəyib.

Bu barədə AzadlıqRadiosuna Taleh Xasməmmədovun anası Gülbutə Xasməmmədova məlumat verib.

Ananın dediyinə görə, bu gün – iyulun 22-də Göyçay rayon Məhkəməsində hüquq müdafiəçisinin növbəti məhkəmə prosesi olacaq:

«Son bir neçə dəfədir ki, məhkəmə prosesi təxirə salınıb. Hələ ki, prosesdə heç kim, o cümlədən dövlət ittihamçısı son sözünü deməyib. Amma ifadə verən bütün şahidlər Talehin leyinə danışıb, zərərçəkənlər də deyib ki, söhbət çox yüngül zərərdən gedir».

Ailəsi maddi imkansızlıq səbəbindən Taleh Xasməmmədova vəkil tuta bilməyib. Elə azyaşlı Cansu da məktubunda maddi sıxıntılarından, atasının günahsız həbsindən yazıb.

«Artıq beş aydır ki, atamızı görmürük. Atamın yenidən evimizə gələcəyi günün həsrəti ilə yaşayırıq, günlərimizi sayırıq» – məktubda deyilir.

Cansu prezidentə yazır ki, balaca bacısına söz verib ki:

«…Prezidentimiz bu məqaləni oxuduqdan sonra atamızı yenidən bizə qovuşdurub, bizi sevindirəcək. Bunun üçün Sizə bacımla birlikdə minnətdarlığımı bildirirəm».

T.Xasməmmədov CM-in 221.2.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) ilə ittiham olunur. Bu maddə iki il müddətinədək icbari iş və ya beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

T.Xasməmmədov fevralın 24-də Göyçayda mebel mağazasının qarşısında saxlanılıb. Mağazadan çıxarkən bir naməlum şəxs ona yaxınlaşıb üzünə tüpürüb. Sonra yerə yıxılıb və özünü elə aparıb ki, guya T.Xasməmmədov onu döyür.

Fevralın 26-da Göyçay məhkəməsi onun barəsində üç ay həbs-qətimkan tədbiri seçib.

T.Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq-müdafiə fəaliyyəti və «Facebook»da yerli hakimiyyəti tənqid etməsi ilə tanınır.

Bundan öncə də hüquq-müdafiə fəaliyyətinə görə mühakimə edilib, lakin iki il əvvəl əfv olunub.