Neftin qiyməti son 30 ildə ən aşağı həddə düşə bilər

Foto illüstrasiya

-

Dünya bazarında dəyişikliklər neftin qiymətini son 30 ildə ən kəskin həddə sala bilər.

Xəbəri «Bloomberg» agentliyi «Morgan Stanley» bankının təhlilçilərinin proqnozlarına əsasən yayıb.

Ekspertlər qeyd edirlər ki, indiyədək neftin qiymətində enmə və nəticədə neft istehsalına sərmayələrin azalması dünya bazarına çıxarılan neftin həcmini azaltmayıb.

Üstəlik, son yarım ildə OPEK ölkələrində neft istehsalı sutkada 1.5 milyon barrel artıb.

İrana qarşı sanksiyaların qaldırılması və vətəndaş müharibəsi içində çabalayan Liviyada durumun yaxşılaşması ilə bazara yeni neft axını başlaya bilər ki, bu da qiymət artımını əngəlləyəcək.

Beləliklə də, proqnozda deyilir ki, düşüş minimum 3 il çəkə bilər – «bu, 1986-cı ildəkindən də pis olar».

SSRİ NECƏ ÇÖKDÜ

1986-cı ildə neftin həddən artıq istehsalı qiymətin kəskin düşməsinə səbəb olub. 1980-ci illərin əvvəlində barelin qiyməti 35 dollar (indiki pulla 100 dollar) idisə, 1986-cı ildə 10 dollardan (indiki kursla 20 dollar) da aşağı düşüb və bir neçə il 20 dolları aşmayıb.

Karikatura: Sovet hökuməti...

Neft ixracatçısı olan ölkələr ciddi maliyyə itkiləri ilə qarşılaşıblar. SSRİ üçünsə neft dollarlarının azalması iqtisadi iflasa səbəb olub.

«Xarici ticarət balansı, istehlak bazarının sabitliyi, ildə on milyonlarla ton buğda almaq imkanı, xarici borcunu ödəmək qabiliyyəti, ordunun maliyyələşməsi – hamısı bir neçə dəfə düşüb», - Yegor Gaidar «İmperiyanın çöküşü» əsərində yazırdı.

Müəllif qeyd edirdi ki, neftin ucuzlaşması ölkəni problemlərini çözmək, sosial sabitliyi saxlamaq imkanından məhrum etdi.