Jurnalist Rasim Əliyevin sevgilisi, Azərbaycan Dillər Universitetinin məzunu, Gülər Abbasova AzadlıqRadiosuna danışır
Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində vəfat edib.
O, «Qəbələ» futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən hədələndiyini və döyüldüyünü bildirirdi.
Jurnalist Rasim Əliyevin sevgilisi, Dövlət Dillər Universitetinin məzunu, 25 yaşlı Gülər Abbasova AzadlıqRadiosuna danışır:
- Rasimə göstərilən tibbi yardım barəsində nə deyə bilərsiz?
- Rasim pis tibbi yardım göstərilməsi nəticəsində həyatını itirdi. Həkimin təqdim etdiyi sənədlərdə deyilir ki, Rasim axşam saat 8-də cərrahiyyə əməliyyatına girib. Halbuki, saat 9-a 6 dəqiqə işləmiş mən ona zəng vurmuşdum. Burda uyğunsuzluq var. Həkim sənədləri deyir ki, o, axşam saat 7-ə qalmış xəstəxanaya daxil olub, halbuki, Rasim saat 6-ya qalmış zəng vurub məndən xəstəxanada olduğunu ailəsinə xəbər verməyimi istəmişdi. Dostları gecə saat 1-ə kimi onun yanında olublar- həmin vaxta qədər Rasim əməliyyat olunmamışdı. Rasim gecə saat 2- ə yaxın əməliyyata alınıb. Biz bu işi belə qoymayacağıq- günahkarlar cəzalandırılmalıdır. Ora girəni öldürüb çıxarırlar, “Semaşko”dan sağ adam çıxmır.
İş yoldaşları da deyirlər ki, həkimlər onu nəzarətsiz qoyub getmişdilər, yanına gəlmirdilər. Rasimin içəridə dalağı partlamışdı, çoxlu qan itirmişdi. Şübhəmiz var ki, onun dalağının partlamasından əməliyyat vaxtı xəbərdar olublar, bu da gec olub artıq. Litr yarımdan çox qan itirib. Rasimi ölənə yaxın əməliyyat ediblər, artıq iş-işdən keçmişdi. Ona iki dəfə ağrıkəsici veriblər, buna görə də ağrılarını çox hiss etməyib. Qabırğaları sınmaqdan başqa dalağı da partlamışdı. Onun bütün orqanlarını müayinə etməyiblər. Onu başının sol tərəfindən vurmuşdular. Sol qulağını da müayinə etməyiblər. Deyiblər ki, “qulağını sabah müayinə edəcəyik”. Deyirlər ki, guya ağciyərindən ölüb, halbuki, ağciyərdən adam ölməz, həkimin yazdıqları cəfəngiyyatdır.
Onu çox gec əməliyyat ediblər, içində dalağının partlamağından da xəbərləri olmayıb. Ağrıkəsicilərin təsiri keçəndən sonra o güclü ağrılar hiss edib və nəfəs almağı daha da çətinləşib.
- Rasim Cavid Hüseynovla bağlı nə danışırdı?
Rasim mənə heç vaxt problemlərini deməzdi, həmişə üzü gülərdi. Mənə deyirdi ki, Gülər, sənə heç vaxt problemlərimi yaşatmaram. Odur ki, bu məsələdən xəbərim yox idi. Mən rayonda idim. Amma onun Facebook-dakı statuslarını görmüşdüm. Rasim özü dostlarına, anasına və müsahibə verdiyi həmkarlarına deyib ki, onu Cavidin qohumları döyüb. O əgər belə deyirsə, deməli, düz deyir. Mən onun bütün sözlərinə inanıram.
Döyüldüyü gün mənlə whatsApp-da yazışdı, dedim nə edirsən, dedi ki, heç nə uzanmışam, (hec bilmirəm neyniyim) Daha sonra əlaqəmiz kəsildi. Telefonuna da zəng çatmadı. Sonra bir də mənə axşam 6-ya qalmış zəng vurdu ki, “xəstəxanadayam, “Semaşko”da, mamamgilə xəbər ver”. Dedim, nə olub, dedi ki, “döyüblər, yüngül bir şeydir”. O, mənə dərdini deyən deyildi. Dedi, narahat olma…
- Siz Rasimi onu nə vaxtdan tanıyırsız?
- Rasimlə biz İntiqam Əliyevin (hüquq müdafiəçisi-red.) təlimində, bir neçə il əvvəl tanış olmuşduq. Ötən ilin son günündə, dekabrın 31-də mən ona təbrik mesajı yazdım və beləcə dostluğumuz başladı. 2 ay sonra sevgili olduq. Onunla münasibətim olduğunu yalnız anam bilirdi, atamgil və qardaşım bilmirdilər. Amma Rasimin ailəsi onun mənimlə munasibətini bilirdi, anası da onu tələsdirirmiş. Rasim evlərinin üstündə ikinci mərtəbə qaldırırdı və biz ev hazır olandan sonra evlənməyi planlaşdırırdıq. Bu payız nişanımız olacaqdı.
- Rasimi onu tanımayanlara necə təqdim edərdiz?
- Rasim qarışqanı tapdalamayan adam idi, heç kimi incitməzdi. O özünü öldürərdi, amma başqasıni incitməzdi, kiməsə əl qaldırmazdi... Çox saf adam idi. Özündən əvvəl qarşıdakı adamı fikirləşərdi. Adamın fikrini təhlil edirdi, onun fikrinə haqq qazandırırdı, sonra öz fikrini deyirdi. Çox hərtərəfli düşünən, baş verən hadisələri hərtərəfli təhlil edən bir adam idi. Çox ağıllı, çox dünyagörüşlü insan idi. Mənə hər şeydə “baş üstə” deyirdi, mənim istədiyim hər şeylə razılaşırdı həmişə. Rasim başqa idi…
Qeyd:
Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova Trend-ə bildirib ki, jurnalistin ölümünün səbəbləri araşdırılır, jurnalistin ölümünün baş vermə səbəbləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi mütəxəssislərinin araşdırmasından sonra bəlli olacaq. Yekun məlumat müayinənin nəticələrindən sonra müəyyənləşəcək.
“Prezident İlham Əliyev avqustun 8-də ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub".
Bunu isə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a bildirib.
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsində adı hallanan "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynov və daha 5 nəfər həbs edilib.
Bu barədə Respublika Prokurorluğu avqustun 11-də məlumat yayıb.
Rəsmi məlumatda futbolçu cinayəti bilib xəbər verməməkdə ittiham edilir.
Məhkəmə Cavid Hüseynovu bu maddələr üzrə təqsirli bilərsə o, 5 min manatadək cərimə və ya 2 ildən 3 ilə qədər həbs oluna bilər.
Rasim Əliyev Azərbaycanda qətlə yetirilən 3-cü jurnalistdir. 2005-ci ildə öldürülmüş Elmar Hüseynov və 2011-cü ildə öldürülmüş Rafiq Tağının qətlinin üstü hələ açılmayıb.