Əli Həsənov: «Jagland məlumatlı deyil»

Əli Həsənov

-

«Cənab Jagland-ın açıqlamasından görünür ki, o, baş vermiş hadisənin mahiyyəti, Azərbaycan hakimiyyətinin bu hadisəyə münasibəti, görülmüş işlər və hətta söhbətin kimdən getdiyi barədə bir o qədər də geniş məlumata malik deyil. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin məsələ ilə bağlı gördüyü işlərlə tanış olduqdan sonra Thorbjørn Jagland-ın bu tipli açıqlamalarına ehtiyac qalmayacaq».

Bunu prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın ann.az saytının əməkdaşı Rasim Əliyevin ölümü ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Ə.Həsənov deyib ki, prezident İlham Əliyev jurnalistin ölümündən ciddi narahatlığını ifadə edib. Bunu ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib.

Əli Həsənovdan əvvəl Xarici İşlər Nazirliyi də Thorbjørn Jagland-ın dedikləri ilə bağlı etiraz bəyanatı yayıb.

Avqustun 10-da Avropa Şurasının baş katibi Thorbjørn Jagland Rasim Əliyevin qətlindən sarsıldığını bildirən bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, bu, ölkədə jurnalistlərin təhlükəsizliyi ilə bağlı durumun daha da pisləşməsini göstərən, narahatlıq doğuran əlamətdir.
T.Jagland-ın fikrincə, bu faciəvi hadisə hakimiyyətə və bütövlükdə cəmiyyətə sonuncu dəfə xatırlatmalıdır ki, ölkə bu cür davam edə bilməz: vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında daxili dialoqun və inamın bərpası üçün yenidən işə başlanmalıdır.