İslamçıların dövranı başlanır?

Azərbaycanın ən dindar kəndlərindən olan Nardaranda Aşura mərasimi

-

Azərbaycanda baş verənlər islamçıların xeyrinə inkişaf edir.

Son illər Əliyev administrasiyası qeyri-hökumət təşkilatları təmsilçilərini, müstəqil jurnalistləri, insan haqları fəallarını susdurub...

“Azərbaycanda söz və vicdan azadlığı mühiti ümumilikdə ürəkaçan deyil. Ancaq gənc, xarizmatik şiə ruhanisi Taleh Bağırzadənin həbsdən buraxılması ümumi mənzərəni dəyişmiş kimi görünür.

Hələlik Bağırzadənin buraxılması ilə “oyunun qaydalarının dəyişdiyini” demək tezdir, ancaq bu amilin Azərbaycanda islamçıların siyasətinə təsirini gözdən keçirməyə dəyər”.

Bunu “Eurasianet.org” saytında Eldar Məmmədov yazır. Eldar Məmmədov Avropa parlamentində Sosialistlər və Demokratlar Qrupunun siyasi müşaviridir.

ŞƏRİƏT QANUNLARINI YADA SALDI

Müəllif xatırladır ki, teoloq Taleh Bağırzadə öz moizəsində prezident İlham Əliyevi “zalım” adlandırması, başqa bir zalımın, İraqın keçmiş prezidenti Saddam Hussein-in taleyini yada salmasına görə 2 il yarım həbs cəzası alıb. Yerli müşahidəçilər ruhaninin həbsinə məhz həmin fikirlərin səbəb olduğunu düşünür, narkotik saxlama maddəsinin saxtalığına inanır.

Tale Bağırzadə

Həbsdən çıxan Bağırzadə Azərbaycanı “böyük həbsxana” adlandırıb, siyasi müxalifətdə qalacağını deyib.

O, həmin həbsxananın divarlarını bu ilin yanvarında yaradılmış Müsəlman Birliyi Hərəkatının köməyi ilə dağıdacağını bəyan edib, digər siyasi məhbuslara azadlıq istəyib.

“Cümə məscidinin keçmiş imamı İlqar İbrahimoğlu kimi daha yaşlı və ehtiyatlı siyasi islamçılardan fərqli olaraq, Bağırzadə tərəddüd etmədən 19-cu əsrdə Azərbaycanda şəriət qanunlarının mövcudluğunu əhaliyə xatırladıb. Ancaq eyni zamanda o, həmin qanunların ölkədə bərpasına da çağırmayıb”.

DÜNYƏVİ MÜXALİFƏT HARDADIR?

“Bağırzadənin açıq fikirliliyi belə bir sual ortaya çıxarır ki, onun Müsəlman Birliyi Hərəkatı və ya islamçı siyasət Azərbaycanda harayadək gedə bilər?”

“Bir tərəfdən Azərbaycanda baş verənlər islamçıların xeyrinə inkişaf edir. Son illər Əliyev administrasiyası qeyri-hökumət təşkilatları təmsilçilərini, müstəqil jurnalistləri, insan haqları fəallarını susdurub.

Bakıda dünyəvi müxalifətin aksiyası dağıdılır.

Onların çoxu dünyəvi baxışlı idi. Ənənəvi dünyəvi siyasi müxalifət kimi təqdim olunan Müsavat və Xalq Cəbhəsi isə əsasən nüfuzdan salınıb və fəaliyyətsiz duruma gətirilib.

Vaxtilə Azərbaycanın radikal liberal islahatlara ümidi sayılan ReAL hərəkatı isə sadə azərbaycanlılarla əlaqə qura bilməyən, Qərbdə təhsil almış gənclərin Bakı klubu kimi elitar imicindən qurtula bilməyib”.

“Bu arada islamçılar gerçəklik, dürüstlük və məqsədə tərəddüdsüz sadiqlik imici yaradıb və qoruyub saxlayıblar.

Ən vacibi, repressiyaya məruz qalmalarına baxmayaraq, Azərbaycanın islamçı fəalları hətta qeyri-dindarlar içində də yüksək əxlaqi dayaqlarının olmasını iddia edə bilirlər. Digər müsəlman ölkələrində olduğu kimi, onlar şəbəkələşmə və təşkilati bacarıqlara görə liberalları üstələyirlər”.

İSLAMÇI FƏALLIĞI NƏ GÜCLƏNDİRİR

Müəllif Azərbaycanda sosial şəraitin də islamçılara əl verdiyini qeyd edir. 9.6 milyonluq əhalinin demək olar üçdə ikisi kasıbçılıqdan qurtulub orta təbəqəyə qoşulmaq naminə çarpışır.

Azərbaycanlı ailələrin çoxu qeyri-adekvat yaşayış şərtləri, məhdud təhsil imkanları və iş yerləri, eləcə də dövlət xidmətlərinə qeyri-bərabər çıxış problemləri içindədir. Korrupsiya geniş yayılıb, varlılar və kasıblar arasında uçurum gündən-günə genişlənir.

Elə bu yaxınlarda bir qrup dindar və “narahat vətəndaşlar” İranla sərhəd yaxınlığında–Lənkəran və Astarada, Xəzər sahilində halal çimərlik yaradılmasını tələb ediblər.

“Hökumətin və dünyəvi müxalifətin kasıbçılıq içində çabalayanlara dünyəvi inkişafdan danışa bilməməsi dibdəki islamlaşmanı qapıya gətirir. Hakimiyyət belə bir prosesin qarşısını almaq gücündə olmaya bilər.

Elə bu yaxınlarda bir qrup dindar və “narahat vətəndaşlar” İranla sərhəd yaxınlığında–Lənkəran və Astarada, Xəzər sahilində halal çimərlik yaradılmasını tələb ediblər.

2012-ci ildə bir qrup “fəal” Masallıda “əxlaqsız” beynəlxalq folklor festivalının keçirilməsinə daşla, çubuqla etiraz edib. İndi belə insidentlər nadir halda baş verir, ancaq hakimiyyət gələcəkdə bunları gözə ala bilər”.

Eldar Məmmədov yazır ki, beynəlxalq kontekst də Azərbaycanda islamçı fəallığı həvəsləndirən kimi görünə bilər.

SƏLƏFİLİKLƏ MÜBARİZƏNİN BƏDƏLİ

“Hakimiyyət müdrikcəsinə davranaraq, hələ yekun nüvə sazişindən öncə İranla münasibətləri normal səviyyədə saxlayıb.

Əliyev administrasiyası və İran liderləri Azərbaycanda sələfi təhlükəsini önləmək kimi vahid marağı bölüşür.

Bu təhlükə Suriya və İraqda İslam Dövləti və Al-Qaeda sıralarında savaşan yüzlərlə azərbaycanlının timsalında üzə çıxır. Azərbaycanın şimalında və Sumqayıt şəhərində sələfilərin nüfuzu artmaqdadır, icmaları var”.

“Ancaq Bakı sələfiliklə mübarizədə İranla birgə işləməyin bədəlini də ödəməli ola bilər: İran İslam Respublikasını idarə edən ruhanilər Azərbaycanın şiə dindarları üzərində daha böyük dini nüfuzda maraqlıdır.

Beləliklə, Əliyev administrasiyası Azərbaycanda İran prozelitizminin yayılmasına dözməli olacaq”.

Müəllifin fikrincə, Azərbaycanın İranla ehtiyatlı yaxınlaşması asanlıqla kursunu dəyişə də bilər. Bakının güclü strateji münasibətlər qurduğu İsrail bu yolda əsas qıcıq faktoru sayılır. Ancaq münasibətlər pisləşərsə, Tehran da Azərbaycandakı islamçılardan ölkədə qarışıqlıq yaratmaq üçün istifadəyə meyllənə bilər.

SABİTLİK VƏ İCTİMAİ LAQEYDLİK

“Azərbaycanda islamçıların nüfuzunun artmasını azından qısa müddətə əngəlləyən vacib faktorlar mövcuddur. Hər şeydən öncə azərbaycanlılar sabitliyi yüksək dəyərləndirirlər.

Yaşlıların çoxunun ağlında 1990-cı illərin əvvəlləri xaos və yoxsulluq dövrü kimi qalıb. Həmin illər görünməmiş siyasi fəallıq, iqtisadi dəyişiklik və Dağlıq Qarabağ müharibəsi dövrü idi.

İndi Ukraynada, Suriyada, Liviyada, Yəməndə və İraqda baş verənlər o xatirələri bir az da gücləndirir. Bundan başqa, iqtisadi məsələlərlə yüklənmiş azərbaycanlılar siyasi baxımdan apatikdirlər.

Bakıda şortikə dəstək aksiyası, 2 avqust, 2015

Son dövrlər ictimai və siyasi fəalların həbslərinə elə də böyük ictimai təpki göstərilmədi. Leyla və Arif Yunusların məhkəməsi başlanan gün bir qrup gənc Bakıda şortikə dəstək aksiyası keçirirdi”.

“Yaxın perspektivdə sabitlik arzusu üstəgəl geniş ictimai apatiya Azərbaycanda radikal dəyişikliyin hər hansı formasını çıxdaş edir.

Ancaq davamlı korrupsiya, sosial ədalətsizlik, dinc narazılığın ifadəsi üçün meydanın olmaması onu göstərir ki, Əliyev administrasiyası böyük sosial və siyasi problemlərlə üzləşə bilər.

İnandırıcı dünyəvi alternativlərin yoxluğunu və regionun geosiyasi ab-havasında potensial böyük dəyişikliyi gözə alanda, sonucda Azərbaycan islamçılarının ölkədə siyasi dəyişiklik yolunda aparıcı qüvvə kimi ortaya çıxmaq üçün əlverişli mövqeyə gəldiyi görünür”.