«Azərbaycan» yenə Qərbi topa tutdu

İlham Əliyev və Barack Obama

-

«Azərbaycan» qəzeti Bakıyla Qərb arasında razılaşdırılmış «atəşkəs» mühitinin pozulmasında mətbuatı günahlandırır: «2015-ci il iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hochstein-ın Azərbaycana səfərindən sonra belə bir təəssürat yaranmışdı ki, Vaşinqton Bakıya barışıq əlini uzadaraq ikitərəfli münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmaq istəyir».

ABŞ və Avropa rəsmilərinin səfərlərini yada salan qəzet yazır ki, «rəsmi Bakı bəzi Qərb dairələrinin uzun müddət Azərbaycana qarşı apardığı ikili siyasətin, həttaI Avropa Oyunları dövründə həm ABŞ Dövlət katibi John Kerry-nin ofisindən, həm də Londondan idarə olunan qərəzli kampaniyaların üzərindən keçməyə hazır olduğunu nümayiş etdirdi».

«Ancaq həmişə olduğu kimi, bu dəfə də «siyasi maraqlar» centlmen razılaşmasına üstün gəldi. Avqustun 1-dən 12-nə kimi rəsmi Vaşinqtonun ruporlarından biri olan «The Washington Post» Azərbaycana qarşı üst-üstə 6 material verdi. Azərbaycanda idarəçilik sistemini bayağı tənqiddən tutmuş Bakıya səfər edən konqresmenlərin diskreditasiyasına kimi etik normalara zidd ittihamlarla dolu belə materialları anti-Azərbaycan kampaniyasının növbəti dalğası kimi qəbul etməmək mümkün deyil... Digər tərəfdən də ABŞ- Böyük Britaniya «müştərək» QHT-ləri və mediası da yavaş-yavaş «əzələ nümayişini» intensivləşdirirlər», - deyə qəzet yazır.

«Azərbaycan» daha sonra I Avropa Oyunları dövründə «Azərbaycanı hədəfə götürən Britaniya KİV-ləri arasında «The Guardian»nın xüsusi canfəşanlıqla seçildiyini, bu ilin may-iyun aylarında Azərbaycan haqqında 40 tənqidi məqalə verdiyini, onlardan 23-nü 4 gün ərzində dərc edərək «kampaniyaçılıqda» az qala Ginnes rekorduna imza atdığını» bildirir.

Qəzet bu yazıların arxasında «rəsmi izləri» axtarır. Eyni zamanda, ABŞ və Böyük Britaniyada insan haqlarının pozulması, korrupsiya, polis özbaşınalığı və başqa qanunsuz əməllərin geniş vüsət aldığını qeyd edir: «Bu halda anlaşılmaz bir məqama dair sual yaranır: Amos Hochstein və Donald Tusk Azərbaycana nəyə gəlmişdilər?».

«BEYNƏLXALQ BANK İŞİ»NDƏKİ VƏKİLDƏN SENSASİON AÇIQLAMALAR

«Yeni Müsavat» ««Beynəlxalq Bank işi»ndəki vəkildən sensasion açıqlamalar – yeni həbslər, adlar...» haqda yazır.

«Özləri də çox yaxşı bilirlər ki, Adil Hüseynov 317 milyon, Adil Mikayılov 80 milyon, Erhan Cavad Yavuz 170 milyon, Ratmir Bəkirov 52 milyon manatın üzünü görməyiblər». Bunu «Beynəlxalq Bank işi» üzrə həbsdə olanlardan birinin - bankın Dubay filialının rəhbəri Adil Hüseynovun vəkili Kamandar Nəsibov deyir.

Azərbaycan Beynəlxalq Bankı

Vəkil Adil Hüseynovun sadəcə verilən göstərişləri yerinə yetirdiyini, əsassız həbs olunduğunu bildirir: «Adil Hüseynova bütün göstərişləri Cahangir Hacıyevin 1-ci müavini Emil Mustafayev verib. Bu göstərişlər telefon vasitəsi vəelektron poçt ünvanına məktub yazmaqla göndərilib. Həmin göstərişlər hansı məbləğin kimin hesabına köçürülməsi ilə bağlı olub. Hazırda Emil Mustafayev Beynəlxalq Bankda işləyir, Adil Hüseynov isə həbsdədir».

Vəkil deyir ki, hər hansı bir istintaq hərəkəti olmadığından Beynəlxalq Bankın sabiq və indiki rəhbərləri ilə üzləşmə və dindirmələr də baş tutmayıb: «Nə dindirmə? Nə üzləşmə? İstintaq gedir ki? 3 aya yaxındır ki, bu vəziyyətdir...».

K.Nəsibovun sözlərinə görə, qondarma ittihamla üz-üzə qalan təkcə Adil Hüseynov deyil: «Şirkət direktorları var ki, maaşdan başqa 1 qəpik də əlavə pul əldə etməyiblər. Amma bu gün onlardan 170 milyon, 80 milyon pul tələb olunur».

K.Nəsibov deyir ki, günəş batareyaları quraşdıran şirkətin rəhbəri Adil Mikayılov, «Azərbaycan Consaltinq Qrup» MMC-nin rəhbəri Erhan CavadYavuz, «City Devoloper» MMC-nin direktoru Ratmir Bəkirov kreditlərin alınması haqda sənədlərə sadəcə,qol çəkiblər: «Özləri də çox yaxşı bilirlər ki, Adil Hüseynov 317 milyon, Adil Mikayılov 80 milyon, Erhan CavadYavuz 170 milyon, Ratmir Bəkirov 52 milyon manatın üzünü görməyiblər və bütün əmlaklarını satsalar belə heç 3-4 milyon qaytara bilməzlər. Bu adamlar birbaşa Cahangir Hacıyevin adamlarıdır. Bu kreditlər birbaşa Beynəlxalq Bank rəhbərliyinin göstərişi, tapşırığı ilə verilən məbləğlərdir. Tutulanlar isə sadəcə icraçılardır... Adil Hüseynov və Erhan Yavuz cavandırlar, digər iki şəxs isə yaşlı adamlardır. Onlar 1 qəpiyin yiyəsi olmaya-olmaya həbsdədirlər».

Xəzərdə rus donanması

RUSİYADAN XƏZƏRDƏ BİRGƏ ORDU YARATMAQ ANONSU

«Azadlıq»da oxuyuruq: «Rusiyadan Xəzərdə birgə ordu yaratmaq anonsu».

Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Viktor Chirkov ilin sonuna qədər Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri və hərbi donanma qüvvələrinin komandanları komitəsinin yaradılmasının müzakirə olunacağını söyləyib.

Qəzet sual edir: «Görəsən, birgə ordu yaratmaq ideyası nə qədər real ola bilər?».

Politoloq Hikmət Hacızadə cavab verir ki, birgə ordu yaratmaq ideyası hazırda real ola bilməz. Bununla belə, politoloq rusların planlarının geniş olduğunu, Rusiyanın Avrasiya İttifaqı yaratmaq istədiyini, daha sonra isə konfederativ bir dövlət yaratmaq məqsədinin olduğunu söyləyib: «Bir sözlə, Rusiya keçmiş SSRI-ni bərpa etmək istəyir. O zaman Rusiyanın yaratmaq istədiyi konfederativ qurumun silahlı qüvvələri də olmalıdır. Bu ideya da ona hesablanıb».

Bina

XARİCİLƏR AZƏRBAYCANDA EV ALIR

fins.az sual edir: «Xaricilər daha çox Azərbaycanın hansı bölgəsində əmlak alır?».

Adıçəkilən yazıda Azərbaycanda daşınmaz əmlak alan əcnəbilərin sayının artdığı deyilir.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanda xarici ölkə vətəndaşlarına məxsus olan əmlakların sayı kəskin artaraq 2850-yə çatıb. Bu, 2013-cü illə müqayisədə 53% çoxdur.

Maraqlıdır ki, əcnəbilər üçün Azərbaycanda əsas əmlak bazarı artıq Bakı deyil, regionlardır. Ötən il xaricilərə məxsus olan 2850 əmlakdan 1812-si və ya hər üç əmlakdan ikisi regionların payına düşüb. «Xaricilər ən çox cənub, Quba-Xaçmaz və Zaqatala-Balakən zonalarından əmlak almağa üstünlük verirlər.

Əcnəbilərə məxsus olan əmlaklarına sayına görə, Bakıdan sonrakı yeri Cəlilabad, Lənkəran və Xaçmaz rayonları tutur. Gəncədə xaricilərə məxsus əmlakların sayı 120, Sumqayıtda 112 olub. Belə əmlakların sayı Şirvanda 9 dəfə, Şamaxıda 6 dəfə, Gəncə və Bərdədə isə təqribən 5 dəfə yüksəlib».