İBRAHİM
(rapsodiya)
1.
“İbrahimi də yad et!”
“Quran”dan
***
Bütün vaqiflərə salam!
...yazdı – tüfəng tətiyində?
Bütün vaqiflərə salam! –
salam! – cəllad kötüyündə...
Könüllü gəldikcə göyüm
Göyçə qədər qəşənglənir.
Allahın kültə kötüyü
bir baxın – necə şehlənir!
Şehləyir cəllad kötüyü...
yazağzı yazılam – olar?
...Allahın şehli yerindən
şehlicə də salam olar...
***
Xanım! Dünya – qəriblikdi;
yorulduq köçüb gedirik.
Qəm köynəyi əynimizdə
dünyadan keçib gedirik.
Hərə bir cür qürbətçidi...
doludu qəm otaqları –
kiminin eli qürbətdi,
kiminin əli qürbətdi
kiminin də dodaqları.
Xanım! Dünya – qəriblikdi;
həyat yordumu gedərsən.
Mümkünsə, xatirə günü
Ibrahimi yad edərsən.
O, hər şehli ümidində
bir xan Araz yaşayırdı.
Eh, ucqarda gah payıza,
gah ayaza oxşayırdı.
De bəndə necə qorusun? –
Allah qorumayıbsa.
Ibrahimi yad edərsən –
yaddaşın qurumayıbsa.
Ömürlər – iynə ucunda;
ucuz nədi? baha nədi?
Qürbətçidi hərə bir cür;
Vətən də bir bəhanədi...
Payızın ritmini tutdum,
şehli payızgülüm var.
...İnsan yad edilməyə layiqdi –
nə qədər ki, ölüm var!
2.
“Siz Yer kürəsinin duzusunuz,
amma duz dadsız olarsa,
o, nə ilə duzlanar?”
“İncil”dən
İbrahim qadağan yerin qaymağıdı;
cəllad da qaymaq sevir.
Ölüm qaşla göz arasındadı;
cəllad üçəcən saymaq sevir.
Cəllada bir Bağdad xurmasıdı – dünya...
fikrində düz tutur.
Duzluluğu artır cəlladın;
dizlərimi duz tutur.
Cəllada görə
kimsə dünyanın canını şüşəyə qoyub.
...Sən Güntək günorta yerində olanda
Göyçəyə qıyıb... Şuşaya qıyıb...
İbrahimin evinin mühasirəsi
elə bil Stalinqrad müharibəsidi...
cəlladın çiçəyi çırtlayır;
cəlladı açır!
Niyə də açmasın? –
şair evi
bütün evlərdən yaxşı uçur!
Göysüzlükdən böyük dərd yoxdu;
ey Yer kürəsinin duzu,
Yer kürəsinin qaymağı!
...Bir vaqiflər bilir,
nə deməkdi cəlladın
üçədək saymağı...
***
Mənim də xəmirim belə yoğrulub...
bəs hazır kökələr hey nədən yağır?
Adəmin xəmrini yoğuran Allah! –
mənim xəmirimi yenidən yoğur.
Mənim xəmirim də belə yoğrulub;
ucqar ümidimdə oxdu... nə deyim?
Hər üz də bir üzümyarpağı kimi;
hər üzün iç üzü yoxdu... nə deyim?
Cızdaq ciyərimi səs sərinlədər,
xəmirçək bağlayan arzumu Araz.
Yarəb! Xəmirimi yenidən yoğur;
amma artıq elə duzunu bir az...
Şoran torpaqlarda yoxsul həyatım...
suyulan saxlancı saxsı aparır?
...azalır dünyanın su ehtiyatı;
eh, şair xəmiri çox su aparır...
***
“...daha çatal bıçak, kaşık icat edilmemişken,
İsmaile inen koç kurban edlmemişken...
Bir sofra kurulmuş ki, Halil İbrahim adına...”
Barış Manço
Bu ucqar deyilən yerdə
açılar dərdin şifrəsi.
Bir süfrə açılıb, qardaş,
dərdə şəriklik süfrəsi!
...İki köynəyim var, qardaş,
səxavətdən bəs nə qalsın?
Götür bu güllü köynəyi,
qəm köynəyi mənə qalsın...
Güllü köynəkdə oturan
dərdi ulduz-ulduz atır.
Qardaş, buyur, yaxın əyləş –
ümidini duza batır.
Bu süfrədə bir yol dadan
hər sınaqdan gülüb çıxar.
...Varıb getdi qurbanlıq qoç,
İsmayıl da gəlib çıxar.
Açılar dərdin şifrəsi:
Arazdır, ya Adanadır!
Dərdə şəriklik süfrəsi
Ibrahimin adınadır...
3.
“And olsun axşam çağına...
üzüb gedən gəmilərə!”
“Quran”dan
Düşmən gəmiləri, dost gəmiləri
baxmaz düşməndimi, baxmaz dostdumu,
götürər dənizdə batan adamı.
Baxmaz dan üzünə, axşam çağına,
son bənd körfəzinə, söz sahilinə.
Düşmən sahilindən olan adamı
bir yolla çatdırar öz sahilinə.
And olsun bu axşam çağına, xanım,
onda hələ dünya dost gəmisiydi,
İbrahim payızı sevirdi onda.
Eh, onda göy üzü yerə yaxındı,
göysüz adam yoxdu Yer kürəsində,
hələ dərd deyildi göysüzlük dərdi.
Hələ çox qalırdı cəllad gününə...
...qabaqda bütlərin sındırılmağı,
İbrahimin odda yandırılmağı,
alov dillərinin gülə dönməyi...
Onda hələ dünya dost gəmisiydi...
təzə şehləyirdi son şamın şeiri,
hələ xeyir idi axşamın şəri.
...hələ gəmilərə and içilirdi...
4.
“...imanla yaşayanlar
iman edən İbrahimlə
mübarək edilirlər”.
“İncil”dən
Cəllad təbriknamə yazır kiməsə...
...sən hər payız səbirkəsən olarsan.
Cəllad təbriknamə yazır kiməsə;
xanım, ya İbrahim, ya sən olarsan.
Hələ ölüm hökmü götürülməmiş
çox qara başlara cəllad ərk edər.
“Mübarək” əlindən nə gəlir özgə –
o, dar ağacıyla mübarək edər.
Ən çox da imanla yaşayanlara
azadlıq əmziklə verilər, neynim!
...Eh dar ağacında çox qara başlar
elə şehli-şehli dərilər, neynim!
Elə şehli-şehli aşıq Əfqan
“İbrahimi” havası üstündə
aldı görək nə dedi:
Üz döndərmə üzü bəri,
doymur səndən göz, ay dağlar!
Qubar örtən zirvələri
öpsün ucqar söz, ay dağlar!
Üz tutanla üz olmadın,
sən hər saza oynamadın,
yüzə dözüb düz olmadın,
yüz birə də döz, ay dağlar!
Hər İbrahim Xəlil olmaz;
Allah sevən zəlil olmaz...
...Aran! – deyib dəli olmaz;
yandırmaz hər köz, ay dağlar!
Hansı minvalla ki, ustadlar ustadnaməni üç deyir, yarıalmatək oxşar o minvalla “İbrahimi” havasından sonra aşıq Qərib Camaloğlunun ifasında “İrəvan çuxuru” və “Çıldır gülü” gəlir:
***
Payız sözlərimi dostlara oxu,
oxu, ya gülsünlər, ya ağlasınlar.
Yüz ömür yerləşir iynə ucunda
bir ömür keçməyə yol saxlasınlar.
Yurdda yad deyiləm yalvaram elə,
qoçaq belə getdi, avara elə.
Tanrının yadında mən varam hələ –
məni bu ucqarda bir yoxlasınlar.
Adamı kitabtək varaqlayanda
adam yaşıl-yaşıl yarpaqlayar da!
Macal tapıb məni soraqlayanda
ancaq Əyriqardan soraqlasınlar!
***
Üzü dönməz... arazbarı işığa
«ağ cunadan yaşmaq tutan dağlar»ın.
Qismətindən yüz yol razı aşığa
uşaq kimi aşıq atan dağların.
Bir saçları dümağaran gecədi:
soruşdunmu heç əhvalı necədi?
Xəyalında Ağrıdağdı, Göyçədi,
qoşun çəkib qarşı yatan dağların.
Başkeçidə hüzn nəki var hopar...
nar bağından Əyriqara nar qopar!
Qərib-qərib həsrətinə... qar-qubar,
ümidinə yağış yağan dağların.
Aya baxar... Ay da belə siyahkən...
buludlarmı karvan-karvan «ah» tökən?..
Havasıyla evimizi gah tikən,
gah da belə... yaxşı yıxan dağların.
Ağ cunadan yaşmağına heyranam,
qızıl, gümüş başmağına heyranam,
Dalğalanıb daşmağına heyranam
xınasını qaşa yaxan dağların.
5.
“İbrahim atası Azərə
belə cavab verdi: Sənə salam olsun!”
“Quran”dan
Ancaq qürbətçi İbrahim
belə salamlaya bilər;
qürbətçi İbrahim, bir də payız!..
Payız demiş!..
...o köçməknən indi ya Misirdə,
ya Çindədir.
Vaqiflər yazmamışdımı, xanım, –
qürbət deyilən
insanın içindədir .
Ya qadağan gürcü çaxırının dumanıdır,
ya da dağların...
Ucqar ömür hüznlü yuxudumu?
İbrahimlərin cəlladı yoxdumu?
Salam, qürbətçi İbrahim, –
Sınıq körpü sınar deyəmi köçmədin?
Gördünmü Göycədən necə keçdilər,
necə keçdilər Füzulidən, Laçından?
Ucqardan niyə keçmədin?..
Bir neçə nərgizli günün var idi,
bir neçə yasəmənli –
xınc oldu.
Əlli yaşında kitabın çıxmadı,
çıxmadı Qürbət kitabın
başına qaxınc oldu.
İndi də
dolur köhnə qəbristanlıq
bir boş yer də qalmayacaq;
elə dolur – elə bil ki,
daha ölüm olmayacaq...
Könül verdin ulduzdan, Aydan əsənə...
niyə köçmədin on yeddi yaşında
köhnə qəbristana?
Sənə salam olsun! –
orda yermi qalacaq sənə?...
6.
“...iman, ümid, məhəbbət;
amma məhəbbət bunların”
hamısından üstündür”.
“İncil”dən.
İmandı, ümiddi, bir də məhəbbət...
zəngçiçəyi kimi Köç gerçək açır!
Bu yerdə nə deyim, İbrahim müəllim,
gördüm – cəllad günü üç çiçək açır.
Neçə İbrahimin səsi alındı,
neçə İbrahim də dadlısəs oldu.
imandı, ümiddi, bir də məhəbbət...
kimnən nəfəs aldın – son nəfəs oldu.
Bikar zindançıdı tənbəki bükən,
könüllü gəlməsən qəfəsin küsür.
Bu yerdə nə deyim, İbrahim müəllim,
bax, nəfəs aldığın – nəfəsin kəsir.
İmandı, ümiddi, bir də məhəbbət...
üstünə dünyanın ayazı çökür.
Kimnən nəfəs aldın – son nəfəs oldu...
...sənin son nəfəsin nə uzun çəkir?
7.
“Məni mübarək bir yerə endir”
“Quran”dan
Ən şirin ağrı, iztirab
ulduzlarda yaşamaqdı?
Öz-özünə düşmən çıxıb,
öz-özünü daşlamaqdı?
Mən sözümün dinindəyəm...
Tanrım! məni yenə dindir!
Mübarək bir yer qalıbsa,
mübarək bir yerə endir!
Baxmaz peyğəmbər adına –
eh, iztirab, ağrı həmən...
...Mübarək bir yerə endir –
bir qürbət olsun... bir də mən...
8.
“İbrahim övladları olsaydınız,
İbrahimin işlərini görərdiniz”.
“İncil”dən
Hər adı İbrahim olan
İbrahim övladıdırmı, xanım?
Kim isə boğazdakı həsrəti də
axıra-əzələ bölər.
Torpağın altında titrəyən
İbrahimin əlindən qalan işlərdi;
Bakıda kim isi zəlzələ bilər.
Zəlzələ bilər kim isə Təbrizdə...
Ümidim batdı, Şamaxı batantək.
batdı... Borçalı laylasını unutmadı.
Bir olsa da qan qrupumuz,
cəlladla qanımız tutmadı.
İndi də...
Payız poeziya günü keçirər –
bu təzə qəbirlər qazılan günü.
Torpağın altında əlim titrəyər
əlimdən qalanlar yazılan günü.
***
Dünyada İbrahim nə çox, ay ana, –
yetimi-yesiri zəlil olmadı?!
Dünyada İbrahim nə çox, ay ana,
amma hər İbrahim Xəlil olmadı. –
Olmadı Allahın sevimlisi, yox,
peyğəmbər adını daşıdı elə.
Kimdi qürbətçitək ona yer verən,
bir iynə ucunda yaşadı elə. –
Bir iynə ucunda yaşadı elə –
bir iynə ucunda köç adı yoxdu...
Bəlkə də Allahın Ad dəftərində
kim bilir, ay ana, heç adı yoxdu.
Köçəri yollara qadağan yerdə
şehli söz karvanı çıxdı, ay ana.
...hər günə cəllada iş tapılar, eh,
dünyada İbrahim çoxdu, ay ana...
9.
“İbrahimi yandırın!”
“Quran”dan
Üfüq də elə bil İbrahim yanır!..
...ocaqmı qalandı ya aşağıda?
Üfüq də elə bil İbrahim yanır!.. –
elə bil üfüq də, göyqurşağı da...
Göylərə od düşdü – kim keçirəcək?
...açılmayacaqmı sirri danmaqla!
Dünyada İbrahim azalmaz, xanım, –
İbrahim azalmaz – biri yanmaqla.
Alovun dilləri gülə çevrilməz...
gülə çevrilsəydi, barı, dərərdim.
Kimdi qadağanda gül göndərəni? –
Göyçəyə bir dəstə gül göndərərdim.
***
Atəşə məni verin:
eləməyin güzəşt mənə!
Axı mən İbrahiməm –
zərər verməz atəş mənə!
Qorabişən olum qoyun;
qor dolu bir çalıda.
Atəşə məni verin –
Təbrizdə, Borçalıda.
Axı mən İbrahiməm –
İbrahimi yandırın!
Nə vida mərasimi...
nə də mərmər yondurun!
Gül olsa alov dilləri,
yandırın o gülləri də.
Sualları, nidaları,
nöqtəli vergülləri də.
İbrahimi yandırın siz! –
nə qəm... nə də qəlb dayanar.
Qurunun oduna yaş da
yanırsa... Xəlil də yanar...
İbrahimlərə görk olan
hamıya xəbərmi olur?
Od oğlu – Azər oğlutək
yanan peyğəmbərmi olur?
Eh, Ucqar deyilən yerdə
dərd də gülün göyçəyidir.
Bu alovun hər dili də
bir peyğəmbərçiçəyidir.
10.
“O, öz Günəşinə əmr edir ki,
pis və yaxşı adamların üzərinə
doğsun və saleh olanlara da,
olmayanlara da yağışlar
göndərir”
“İncil”dən
Tanrı yağışlar göndərir
çadır şəhərciklərə.
Hava durumuna görə,
hələ düz yeddi gün yağışdır!
Kimdir yağışa çətir tutan? –
əsl köçkün yağışıdır...
Oktyabrda İlməzliyə beləmi yağırdı,
Həmayil müəllimə? –
kimya dərsləri beləmi keçirdi?
Tanrı yağışlar göndərir...
bir var yaşadığın evdən dama,
bir də var sığındığın ümiddən.
Köçkünlüyü salanların yuxusuna
çadır şəhərciklər girməz.
Arada eləmi dağlar durur! –
şehli gözlər bir də vətəni görməz?
Göyçədən Gəncəyə köçənləri gördükcə
Seyid Əzimin qəbri diksinər Şamaxıda...
diksinib gecəyə hönkürər:
boş nəfəsdi, qürrələnmə;
birdən getdi gəlmədi...
Boyun da güldən incə...
cəllad da boyuna həmayillər taxmaz –
eh, ya kəndir taxar, ya güllə sıxar.
Kim payız şairidirsə,
ayazı gətirib gözünə soxar.
Ayrılıqdan oxuyurdu İbrahim Tatlısəs...
Borçalıda borc içində yaşayan adamın
gözlərində durnalar köçürdü...
Oktyabrda İlməzliyə beləmi yağırdı,
Həmayil müəllimə? –
kimya dərsləri beləmi keçirdi?
Yoxsa orda da kimyagər İbrahimxəlil
misi qızılamı çevirirdi?
...bu qədər qubar yağan başlara
barı, dərd qaraldan bir qara dam olaydı!
Bir kimyagər çıxaydı çənin içindən;
kimyagər əlləriylə
cudamlar adam olaydı!..
11.
“Biz ona belə xitab etdik: “Ya İbrahim”
“Quran”dan
Mən səni şeirlə çağırdım dünən...
üfüqlər alışdı gündoğan yerdə.
Mən səni şeirlə çağırdım dünən;
şeirlə çağırdım – qadağan yerdə.
Çağırdım səsimə bir gəmi döndü...
dönüb geri baxmaz vüqar acları.
...Şeirlə çağırdım – qadağan yerdə;
çağırdım... şehlədi dar ağacları.
Sabahın xeyrinə çox qalır hələ,
hələlik axşamın şəri çığırır...
...Payızdan bilirəm: yüz ildə bir yol
Allah da adamı şeirlə çağırır...
12.
“İbrahim: “Aləmlərin Rəbbinə
təslim oldum” deyə cavab vermişdi”.
“Quran”dan
Kimi payıza təslim olur,
kimi qışa.
Kimi də... ümidi qanamış quşa.
Gecəyə hönkürən kim idi,
ya İbrahim? –
gör kimə təslim oldu Şuşa...
...İsmi Pünhana təslim olursan,
sevda yasaqdır, – deyə –
karvana, köçə qıyırlar.
Aləmlərin Rəbbinə təslim olursan –
adını təslimçi qoyurlar.
Yarımçıq yuxularda
damcı-damcı
daş ovuclara tökülürsən.
...və axır qəmintək qaldırdığın
ağ təslim bayrağına bükülürsən.
13.
“O, Nur deyildi, ancaq Nur haqda
şəhadət etmək üçün göndərilmişdi”
“İncil”dən
...İbrahimin şahidliyi
cəllad gününə sığmayan
ədalətli şahidlikdi.
Odur, qəssab yığını:
İbrahim! İbrahim! – çığırır.
Ucqar belə yerdi, yavrum,
cəllad şahidliyə çox vaxt
koru çağırır.
Sinəm Kosovo düzüdü dünən;
yuva bilib dərd balalayar.
Durna teli yağar alatoranda;
cəllad – Bağdad bilib bombalayar...
Qəbrin nurla dolsun,
dərviş Yunus!
“aşiqin göz yaşından
sazdı – bitib qamışlanan”.
Nurun şahidliyidı
dar ağacında işıqlanan...
14.
“Bizi doğru yola yönəlt”
“Quran”dan
Yavrum, yazdım: yol qurtarmır –
hər dəfə ömür qurtarır.
Əbədimi sanır sanan?
bir dəfə demir: qurtarır.
Biz qatardan belə qaldıq:
qürbətçitək – dəmiryolu.
Hansı qatar altda qaldı
İbrahimin ömür yolu?..
Bu qədər ki, süd arxı var –
qoca dünya kimi sağmaz?
Gördük bircə Doğru Yol var;
ona da ki, hamı “sığmaz”...
Yavrum, bircə Doğru Yol var...
demədim ki, “ah” yoludu.
...Dan üzü durnalar çıxır;
bir Yol var – Allah yoludu.
Dan üzü durnalar çıxır...
oxqabları ura yığsın.
...Yenə küləklər varlanar;
yola çoxlu qubar yağsın...
15.
“Nə bilirsən ki, nədir Qiyamət?”
“Quran”dan
Nə bilirsən? –
bəlkə dağların çiçək vaxtıdır,
bəlkə dar ağacında yellənən
ucqar ümidin
gözəl-göyçək vaxtıdır –
Qiyamət!..
Adı tərcümədə payızdı bəlkə...
...payızdan etdiyim tərcümə sabaha qalır –
İbrahimin sabaha qalan işləritək.
Hərdən qərbdən çıxırsan, xanım, –
Qiyamət Günəşitək...
...Qiyamətdə Günəş qərbdən doğacaq...
gəmilər də Günə yaxın olubdu.
Göycə! – deyib, – cücərmədi yüz ümid,
yüz bir ümid günəbaxan olubdu.
Sabah vida yağışları yağacaq...
sevda nədir – son payıza gənəşim.
Qiyamətdə Günəş qərbdən doğacaq;
qiyamətsən! – qərbdən doğan Günəşim!
Qərbdə, şərqdə qürbətçidi İbrahim;
üfüq bilib yarasını qanatdın.
“Avropada səhra yoxdu” adıyla
sən İbrahim səhrasını yaratdın...
16.
“Orada... gecə olmayacaq”
“İncil”dən
Səni kim salamlayacaq
mən sabaha sağ çıxmasam?..
...Qəlb açdım haqq aşığına,
az-az artdı həyəcanım.
İlişdi Ay işığına –
sabaha çıxmayan canım.
Sağ çıxmadım mən sabaha,
oyum-oyum kim oyuldu?
Karvan yenə həmin karvan,
yol da yenə həmin yoldu.
Göyqurşağının üstündə
yadımıza Göyçə düşsün.
Necə öpüşüb ayrılaq? –
gözlə, yenə gecə düşsün...
...Gecə düşməz... gecə hanı?
yol şehləməz qəhərindən...
Sevda belədi... Günəş heç
getməz günorta yerindən...
17.
“Sevinin ki, adınız göylərə yazılıb”
“İncil”dən
On yeddidən iyirmi birə
ömür epiqrafsızdı...
On yeddidən iyirmi birə
ömrün oğlan çağı
Günəşi geyinir əyninə,
qəriblik gəlmir eyninə...
İbrahim Allahın sevimlisidir;
gördünmü –
necə qarlı dağlardan aşırdı!..
Sevimlisidir deyə
gətirib cəllada tapşırdı.
Cəllada tapşırdı gətirib...
...yetim İbrahim nağıldan baxır,
İbrahim Abay qazax çöllərindən...
Mən könüllü getdim sürgünə,
canım-gözüm,
könüllü tutdum ayrılığın əllərindən.
Araz da belə, canım-gözüm,
Kür də belə...
...bu yerdə dünya
“İbrahimbəyin səyahətnaməsi”di...
Yenə gələn ilə qaldı
adını tutduğum səfər;
elə söz-söz, sətir-sətir
danışıb udduğum səfər.
Elə qolu bağlı-bağlı
on barmağı şam elədim.
Təzə səfər sevdasıyla
günü də axşam elədim...
...bir də gördüm gecə düşür.
...iyirmi bir yaşında qürbətçi İbrahiməm
İstanbulun qubarlı küçələrində...
...hardasa uzaqlarda Yenisey axır.
“Axşamdan-axşama” oxuyur
İbrahim Tatlısəs...
İbrahim abi!..
Bu mahnını
təkcə İbrahimlər üçün oxu!
Ayrılıq
Gülhanə parkında cevizi yıxdımı?
Oxu! İbrahim abi! –
İbrahimlərin cəlladı yoxdumu?
Bu mahnını təkcə İbrahimlər üçün oxu! –
necə ki, bir adaş kimi.
ya da... ya da qəminin qanı
qəm köynəyinə çıxan
qərib qardaş kimi...
Öz adı olmaya-olmaya
özgə adına küfr yağdıranınkı
cəhənnəmlik olar:
Böyük Pyotrun ərəbi
İbrahim Hannibal üçün oxu!
“Ərəb baharı” qarlayan Qahirədə
palaza bürünüb elnən sürünən
İbrahim Hambal üçün oxu!
Yeganəmiz Yer üzünü
tata, monqola, kürdə bölən,
çarpaz çəpərlərdə kədərimi kərdi bilən,
kərdi bilib toxalayan,
toxalayıb da
yağ yaxmacının vaxtını keçirməyən
İbrahim Yağbal üçün oxu!
Xoşbəxt İbrahimlərik ki,
adımız göylərə yazılıb!..
Bəs göylərə yazılan
adımızın müqabilində
qəbrimiz niyə yerdə qazılıb?..
18.
“İbrahim oğlu İsmayılın alnını torpağa qoydu”
“Hədislər” kitabından
“И сталь ножа светла, как воды
Не оскорбленного ручья”
Yevgeni Reyn
Bilirəm sənin mahnın da
dağlarda qalıb;
Ancaq mahnısı dağlarda qalanı
dolu belə döyər!
Ancaq mahnısı dağlarda qalan belə:
“üzü bəri baxan dağlar!” – deyər.
Qərib tənbəkitək bükər “Dağlar”ı,
qubar yığar
dərd içini deşəndə,
başına qar yerinə
validollar yağar
dağlara çən düşəndə...
...dağlara çən düşəndə
qərib dağlar uğrunda ölümü
özünə borc bilər.
və validollar yağa-yağa
qırmızı geyinən cəllad
Əyriqarda qəribi qurbanlıq qoç bilər.
Amma bıçağı hər nə qədər çəkər
bıçaq kəsməz ki, kəsməz...
yazıq cəllad nə bilsin:
ömür – alınan nəfəslərin sayıdır.
və bu nəfəsləri “bir gözətçi sayır”.
say bitməmiş ömür bitərmi?..
Bəs cəlladın qarnındakı nə sancıdır?
elə bilir qəribin ümidini puça çıxarmaq
Axirət qazancıdır...
19.
“Bu dəvənin sahibi hardadır?
Ona deyin ki, Qiyamət günü bu
dəvənin ondan öz haqqını tələb
etməyinə hazırlaşsın”.
Allahın Rəsulu (s)
Su aydınlıqdı
axır bütün sular durulacaq!..
Ayıl, qarlı xatirələrdən,
İbrahim müəllim, –
indicə zəng içəri vurulacaq...
odur, payız da soyunur
qəm köynəyini;
yaxanı qəmə bunca tanıtma.
İndicə zəng içəri vurulacaq...
Şagirdlərin ev tapşırığını unutma!..
Unutma, əməllərin çəkiləcəyinin
haqq olduğunu.
və əməl tərəzisində
pisliyi yaxşılığından ağır gələnin
nicat tapmaq arzusunun
nahaq olduğunu...
Odur, payız da qəm köynəyini soyunur;
amma əmanətdar əmanətlə soyunur...
...hanı bu xəzəllərə sarı gələn
inəyin, atın sahibi?..
Sirr saxlamağı bacarmayan
sirdən az sallansın!
Hanı dəvəsi ölən ərəb
ona da deyin ki, Qiyamətə hazırlansın!..
20.
“Allah İbrahimi (ə) peyğəmbərliyə
seçməmişdən qabaq onu bəndəliyə
götürüb öz dostu etdi”
İmam Sadiq (ə)
Körpə İbrahim doğulur –
Adıyla yaşasın! Amin!..
Musiqisini dağlar bəstələyər.
“Yüz küçə aralı” kimsə
zülflərini dərdtək dəstələyər,
tənha gecələrin ayazı,
sazağı dolu qəlbini
son məktuba açar.
Körpə İbrahim doğulur...
...payızgülü muştuluğa qaçar.
(Azərbaycan Qarabağı elə bil
muştuluğa verdi;
muştuluqla da alar?..)
Payızgülüm!
Nə qədər İbrahim bütə inanır...
Vaqifsən...çox vətən daşımdan oldum.
Başına dolandım bütpərəst təki;
başına dolanıb başımdan oldum.
Cəllad əli yetməz sözün başına...
söz yarı adamdı, yarı kitabdı.
Qadağan məktubda sənə yazmışdım:
İbrahim Tanrıya necə yol tapdı.
İbrahim Tanrıya necə yol tapdı,
necə nurlu oldu bir yaz uğuru...
...Elə sənə doğru Yol gəlirəmmiş;
elə sənə doğru, payıza doğru...
Elə sənə doğru yol gəlirəmmiş,
kaş, bu yol haqqını halal eləsin.
Bu qədər Axirət həvəslisiyəm,
Axirət yolunda di bu haqq məni
aypara adıyla hilal eləsin...
Dostun kimliyinin fərqindəsənmi?..
sinan sərhədləri gör tanışdımı?
Ağlayan Haqq üçün ağlayır, amma
dost üçün ağlamaq aldanışdımı?
İbrahim Allahın tək dostu idi ...
dünyagir dünyada dost diyarı yox?..
Haqq dostu olaraq... hər İbrahimin
Səni
Allaha götürmək ixtiyarı yox...
21.
“Allah ona buyurdu:
“Mən səni insanlara imam seçdim”.
İbrahim (ə) soruşdu:
“Bəs mənim nəslim necə?”
“Hədislər” kitabından
***
Mənim nəfisliyim nəsildən gəlir...
nəsil ağacımda yazdı həmişə.
İnşallah! İlahi vəzifələrin
yükü savabından azdı həmişə.
Təbəssüm göstərir nəsillikcə, bax,
bəsirət gözləri gülür, ay lələ!
...Mənim nəfisliyim nəsildən gəlir;
İbrahim nəslindən gəlir, ay lələ!
Qəzavü-qədərdə bu can deyilən
imanlı, inamlı köçər, inşallah.
Beləcə qəflətdə gün keçirməmək
nəsildən-nəsilə keçər, inşallah!..
***
Dünya belə gəlib belə də gedir;
belə – pisləriylə, yaxşılarıyla.
Dünya belə gəlib belə də gedir;
şeiriylə, şəriylə, yağışlarıyla.