-
Türkiyə İslam Dövləti silahlı qruplaşması ilə mübarizə məqsədilə daha çox iş görməlidir. Bu, Suriya ilə sərhədə daha yaxşı nəzarət etməklə həyata keçirilə bilər. Bunu ABŞ-ın müdafiə naziri avqustun 20-də bildirib.
Ashton Carter deyib ki, Türkiyə İD-ə qarşı koalisiyaya qoşulmağa razılaşıb, ancaq indi hərbi təyyarələrini də hava zərbələrinə cəlb etməlidir.
“Onlar hava zərbələrinə qoşulmalı və sərhədə nəzarət üçün daha çox iş görməlidirlər," Carter deyib. “Vaxtı çoxdan çatıb. Bir ildir kampaniya başlayıb, onlar hələ indi cəhd edirlər”.
Hələlik Türkiyə İD-ə qarşı savaşa məhdud şəkildə qoşulub. Ölkə daha çox kürd separatçılarla döyüşlərə diqqət ayırır.
Carter deyib ki, İD hələ də Türkiyənin Suriya ilə sərhədindən döyüşçülər və silah-sursat keçirə bilir:
“Biz onların... münaqişəyə qonşu ölkə kimi, NATO-nun uzunmüddətli müttəfiqi kimi və İD-ə qarşı koalisiyanın məsuliyyətli üzvü kimi sərhədə nəzarət etməsini gözləyirik”.