-
«Mərhum Bəhruz Hacıyevin ölümündən sonra mən dünən dörd dəfə Mingəçevir şəhər Polis İdarəsinin rəisi, o cümlədən Bakıdan gedən nümayəndələrlə danışmışam. Hadisənin təfsilatı, vəziyyətlə bağlı tam məlumat almışam. Eyni zamanda dünən iki dəfə mərhumun atası ilə telefon danışığım olub. Ona başsağlığı vermişəm, yas yerinə öz köməyimi göndərmişəm və onu dinləmişəm».
Bunu Qafqazinfo saytına Mingəçevirdən deputat seçilmiş Aydın Mirzəzadə bildirib.
Deputat deyib ki, cinayət işinin araşdırılması Mingəçevir Prokurorluğundan alınaraq Baş Prokurorluğa verilib: «Mərhumun valideynlərinin məsələnin obyektivliyinə tam şübhəsi olmasın deyə, təkrar ekspertizanın keçirilməsi və Bakıdan müstəqil ekspertin gətirilməsi ilə bağlı xahişim nəzərə alınıb».
Aydın Mirzəzadə 22 avqust aksiyasında tutulanlarla bağlı deyib ki, dinc nümayişə görə kiməsə inzibati cəza tətbiq edilə bilməz: «İnsanlar bu hadisədən sonra böyük həyəcan içindədirlər. Mən bu məsələdə Mingəçevir əhalisinin hüquqlarının qorunmasının tərəfdarıyam. Şəhər rəhbərliyinə də bunları bildirirəm. Onlar da mənim fikrimlə razıdırlar. Hərbi birləşmələrin vəzifəsi şəhərdə sabitliyi, eyni zamanda strateji əhəmiyyətli dövlət binalarını qorumaqdır. Söhbət əhaliyə qarşı güc tətbiqindən deyil, strateji obyektlərin qorunmasından və stabilliyin təmin edilməsindən gedir. Çünki ölüm hadisəsinin araşdırılması ciddi nəzarətdədir. Dinc nümayişin içərisində provokatorlar, hadisələri başqa səmtə yönəltmək istəyənlər ola bilərdi. Ona görə də etirazçıların dağıdılması məsləhət bilindi».
Aydın Mirzəzadə Bəhruz Hacıyevin döyülüb öldürülməsi ilə bağlı yayılan xəbərlər haqda bunları deyib: «Bu, hərtərəfli araşdırma tələb edən bir məsələdir. Burada bütün hallar çox ciddi şəkildə araşdırılır. Bazar ertəsi məsələ ilə bağlı Baş prokuror Zakir Qaralovla görüşmək, ya da telefonla danışmaq fikrindəyəm».