USCIRF: Azərbaycanda din azadlığı pisləşib

USCIRF

-

ABŞ beynəlxalq din azadlığı üzrə ali komissiyası (USCIRF) Azərbaycanda din azadlığı və insan hüquqlarının pozulmasını pisləyib.

Bu haqda Turan-ın Vaşinqton müxbiri xəbər verir.

ABŞ Konqresinin dünyada dini azadlıqlara nəzarət məqsədilə yaratdığı komissiyanın bəyanatında deyilir:

«Bu pozuntular hüquq müdafiəçiləri, dini qrupların üzvləri və vətəndaş cəmiyyəti fəallarının saxlanması, həbsi və onlara qarşı sərt hökmlərdə özünü göstərir.

USCIRF missiyası bu yaxınlarda Azərbaycanda olub. Məqsəd bu həbslərlə bağlı narahatlığı diqqətə çatdırmaq olub.

Azərbaycan hökuməti görkəmli vicdan məhbuslarını, AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılı, hüquq müdafiəçiləri Leyla və Arif Yunusları həbsdə saxlamaqda davam edir. Dini azadlığı, insan haqlarını dəstəkləyən bu cəsarətli fəallar mükafatlandırılmalıydı, saxta ittihamlarla həbsdə oturmamalıydı.

«Bu, ancaq aysberqin görünən tərəfidir. Belə ki, Azərbaycan türmələrində 100-dən çox məhbus əziyyət çəkir» - USCIRF rəhbəri Robert George bildirib.

İyulun əvvəlində Bakıda rəsmi şəxslərlə görüş zamanı USCIRF nümayəndə heyəti Yunuslar cütlüyünün həbsi də daxil olmaqla, ölkədə siyasi və dini azadlıqların pozulması ilə bağlı narahatlığını bildirib.

Missiya Azərbaycanda kitabları qadağan olunan türk ilahiyyatçı Said Nursi-nin ardıcılları Zəkəriyyə Məmmədov və Şahin Hacıyevlə maraqlanıb.

Həmçinin dini mətnlərin yayılmasına görə həbsdə olan «Yeqovo Şahidləri» tərəfdarları Validə Cəbrayılova və İrina Zaxarçenkonun məsələsi qaldırılıb.

Bu hərəkətlər yəhudi, katolik və pravoslav da daxil olmaqla, başqa dini qrupların hökumət tərəfindən dəstəklənməsi ilə ziddiyyət təşkil edir.

Azərbaycan hökuməti bu və digər vicdan məhbuslarını azad etməlidir».