Şəkidə zəlzələ olub

Foto illüstrasiya

-

Sentyabrın 4-də səhər saatlarında Azərbaycan ərazisində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ saat 09:49-da Şəki şəhərindən 29 km cənub-şərqdə qeydə alınıb.

Zəlzələ episentrdə 7 bal, Respublikanın ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub.

Zəlzələ 13 km dərinlikdə baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

FHN: DAĞINTI YOXDUR

Azərbaycanda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən apa-ya məlumat veriblər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib ki, hazırda bölgələr üzrə məlumatlar toplanır: «Zəlzələ nəticəsində dağıntılar olması barədə məlumat daxil olmayıb. Hazırda məlumatların toplanması davam etdirilir və yekunda ictimaiyyətə məlumat veriləcək».

İCRA HAKİMİYYƏTİNİN BİNASI ÇATLAYIB

Zəlzələ nəticəsində Şəki şəhər İcra Hakimiyyətinin (İH) inzibati binasında çatlar əmələ gəlib.

Bu barədə Report-a İH-dən məlumat verilib. Lakin binaya ciddi ziyan dəyməyib.

EVLƏRDƏ ÇATLAR YARANIB

Oğuz rayonunun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə azmiqyaslı uçma halları baş verib.

Bunu apa-ya Oğuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Etibar Yusifov deyib.

Şəki rayonunun icra qurumlarından da bildirilib ki, zəlzələnin episentrinə yaxın Turan qəsəbəsi, Sarıca kəndi və s. ərazilərdəki köhnə tikililərdə çatlar yaranıb.

Hər iki rayonun FHK əməkdaşları həmin ərazilərə ezam olunub, evlərə baxış keçirilir.

Xəsarət alan yoxdur.

DƏMİRYOLÇULAR YOLLARI YOXLAYIRLAR

Güclü zəlzələ ilə əlaqədar dəmir yolunun təsərrüfatları gücləndirilmiş iş rejiminə keçiblər.

Bu barədə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

İnfrastruktur Departamentinin kollektivləri yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayırlar.

Mütəmadi yoxlamalar xırda təkanlar dayanana kimi davam edəcək.