-
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün viza verilməsini sentyabrın 7-də dayandıracaq.
Səfirlik bununla bağlı xəbərdarlıq edib.
Viza verilməsinin dayandırılması vaxtın bitməsi ilə əlaqədardır. Amma bununla belə sənəd qəbulu VİP ziyarət növü üçün davam edir.
Qafqaz Müsəlmanları İdarəsindən apa-ya belə deyilib.
Nisbətən ucuz ziyarət növü üzrə yerlər dolsa da, VİP yerlər üçün hələ də 30-dək yer boş qalıb.
Sentyabrın 11-dən Həcc ziyarəti başlayır. Bu il Azərbaycana Həcc ziyarəti üçün 2400 yer ayrılıb. Sənəd qəbulu martın 11-də başlayıb. Bu il ilk dəfə olaraq sənəd qəbulunun vaxtı yerlərin dolmaması səbəbindən uzadılıb (ötən ilə qədər sənəd qəbulu üçün son tarix mayın 31-i müəyyən olunmuşdu).
Zəvvarlara ziyarət iki variantda təklif olunur. VİP xidmətlərlə Həcc 5750, adi xidmətlərlə isə 4700 dollardır.
Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AzAL həyata keçirəcək. Bu il ödənişlər ABŞ dolları ilə aparılır.