-
Mərkəzi Bankın manatın devalvasiyasına dair 21 fevral qərarı manatla əmanətlərə də mənfi təsir göstərib. Təsadüfi deyil ki, ümumi əmanətlərdə manatın payı yanvarda 60% olduğu halda, iyulda 28%-ə düşüb. 2015-ci ilin 7 ayı boyunca milli valyutada əmanət yatırımı 2 dəfədən çox azalaraq 4.3 milyarddan 2.1 milyarda düşüb. Bu müddətdə dollar əmanətləri təxminən 2 dəfə artaraq, 2.9 milyarddan 5.5 milyarda yüksəlib.
MƏRKƏZİ BANKIN HƏVƏSLƏNDİRİCİ ADDIMLARI
Manatla əmanətdəki bu azalma Mərkəzi Bankın bir neçə həvəsləndirici addımları fonunda baş verib. Əmanətlərin Sığortalanması Fondu(ADİF) 2015-ci il fevralın 24-dən bəri qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddini 9%-dən 12%-ə yüksəldib. Mərkəzi Bankın tövsiyəsi ilə xarici valyutada yerləşdirilən əmanətlərin faiz dərəcəsi də aşağı salınıb. Bir sözlə, indi banklar manatla yerləşdirilən əmanətlərə daha yüksək faiz təklif edirlər.
ƏMANƏTLƏR AZALIR
İqtisadçı ekspert Samir Əliyevin fikrincə, devalvasiya və onun yenidən təkrarlanma gözləntisi bank sektorunda, o cümlədən əmanət bazarında güclü dollarlaşma meyli doğurub: «Əhali devalvasiyadan sığortalanmaq üçün vəsaitlərini ya dollara çevirib, ya da geri çəkib. Bu isə əmanət bazarına mənfi təsir göstərib. Dollar əmanətlərinin payı da artıb. Əmanətlərin dollarlaşması ilə yanaşı, onun azalması da müşahidə edilir. Fevral ayında ölkə üzrə əmanət qoyuluşu özünün ən pik həddində (7.9 milyard manat) olub. Sonrakı aylarda azalma baş verib. Fevral-iyul aylarında əmanət qoyuluşu 327.6 milyon manat və ya 4.1% azalıb. Azalma, əsasən, manat hesabına baş verib. Ümumən götürəndə, əmanət qoyuluşunun azalması qeydə alınıb. İlin 7 ayı ərzində dollar ifadəsində əmanət qoyuluşu 26.4% azalaraq,$9.1 milyarddan $7.2 milyarda düşüb».
DEVALVASİYA QORXUSU...
Ekspert bildirir ki, əmanət bazarının azalmasına bankların faiz siyasətinə dəyişiklik etməsi də təsir göstərib: «Dollar əmanət axınını azaltmaq üçün banklar faiz dərəcələrini kəskin azaldıblar. Bəzi banklarda dollar əmanəti 3-4%-ə qədər aşağı salınıb. Bu, dollar əmanətlərinin əhali üçün cəlbediciliyini itirib. Əvəzində manat əmanətləri 2-3 il əvvəlki səviyyəyə qaldırılıb. Milli valyuta ilə əmanətlərin müqabilində banklar 15-16% gəlir təklif edir. Ancaq devalvasiya qorxusu yüksək faizləri əhali üçün maraqsız edir. Qısamüddətli əmanət qoyuluşuna (6 aylıq) maraq müəyyən qədər artsa da, bu, kütləvi hal daşımır. Bu müddət banklara da sərfəli deyil. Bəzi banklarda əmanətçilərin incidilməsi də narahatlıq doğurur. Bütün bunların fonunda əmanət bazarında azalmanın yaxın aylarda da davam edəcəyini güman etmək olar».