-
«Azadlıq» qəzeti fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib. «Azərbaycan» nəşriyyatından redaksiyaya daxil olan xəbərdarlıq məktubunda deyilir ki, qəzet borcunu ödəməsə, sentyabrın 21-dən çapı dayandırılacaq.
Bu barədə qəzetin internet səhifəsində məlumat yayılıb.
Nəşriyyatın iddiasına görə, qəzetin çap xərclərinə görə 19220 manat, kommunal xərclərə görə isə 1065 manat borcu var.
Qəzet bildirir ki, borc redaksiyanın məsuliyyətsizliyi və ya məqsədli şəkildə ödəmədən yayınma nəticəsində yaranmayıb. Buna səbəb kimi «Qasid» yayım firmasının «Azadlıq» qəzetinə olan 70 min manat borcunu ödəməkdən imtina etməsi göstərilir.
Məlumatda o da bildirilir ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu gündəlik 50 nüsxə satılmayan qəzetlərə külli miqdarda vəsait ayırdığı halda, «Azadlıq» bundan da məhrum edilib.
Azərbaycanın müstəqillik dövrünün ilk müstəqil rəsmi nəşri olan «Azadlıq» qəzeti 1988-ci il dekabrın 24-dən çap olunur. Bundan öncə də «Azadlıq» dəfələrlə nəşriyyata borcuna görə bağlanmaq təhlükəsi ilə üzləşib. Əksər hallarda oxucuların, ictimai fəallar və digər vətəndaşların maddi dəstəyi ilə bu təhlükədən qoruna bilib.