-
Kiçilən təkcə gələn ilin büdcəsi deyil, cari ildə də proqnoza əməl edilməyəcəyi gözlənir. Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərə görə, cari ildə büdcənin xərcləri proqnoza nisbətən kəsirlə icra olunacaq. Xərclərdə ümumi kəsir 3 milyard 370 milyon manatdır.
Bu ilin büdcəsində funksional istiqamətli xərclər də proqnozdakı kimi olmayacaq və azalma baş verəcək:
Ümumi dövlət xidmətləri – 53.4 milyon manat
Elm xərcləri – 10.5 milyon manat
Dövlət daxili və xarici borclarını ödənilməsi ilə bağlı xərclər – 84.7 milyon manat
Müdafiə - 18.5 milyon manat
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq - 18.5 milyon manat
Təhsil – 18.5 milyon manat
Səhiyyə - 18.5 milyon manat
Sosial müdafiə və sosial təminat – 18.5 milyon manat
Mədəniyyət, incəsənət, informasiya bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət – 34.5 milyon manat
Mənzil və kommunal təsərrüfatı – 38.5 milyon manat
Yanacaq və enerji – 0.6 milyon manat
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi – 18.5 milyon manat
Sənaye və tikinti xərcləri – 2.693 milyon manat
Dövlət əsaslı vəsait qoyuluşu – 2.690 milyon manat
Nəqliyyat və rabitə xərcləri – 8.3 milyon manat
İqtisadi fəaliyyətlə bağlı digər xərclər – 37.1 milyon manat
Əsas bölmələrə aid edilməyən xidmətlər – 531.1 milyon manat.
İqtisadçı ekspert Azər Mehtiyevin dediyinə görə, 2015-ci il büdcəsinin xərclərində gözlənilən ixtisarlar büdcə gəlirləri üzrə proqnozun kəsirlə icrasından qaynaqlanır:
«Maliyyə Nazirliyinin məlumatından belə aydın olur ki, büdcənin gəlirlərində kəsirlə icrası gözlənilən əsas gəlir mənbələri Dövlət Neft Fondundan büdcəyə transfertlər və mənfəət vergisi üzrədir. Göründüyü kimi, bunlar birbaşa neft gəlirləri ilə bağlıdır. Dünya bazarında neftin qiymətinin il ərzində kəskin aşağı düşməsi səbəbindən ölkəyə çatan mənfəət neftinin satışından Neft Fonduna daxil olan vəsait azalacaq. Bu da büdcəyə transfertlərin azaldılmasını qaçılmaz edir. Neftin qiymətinin düşməsi üzündən Hasilatın Pay Bölgüsü Sazişi üzrə podratçı şirkətlərin də mənfəətinin azalması baş verir ki, bu da bu mənbə üzrə büdcəyə ödənişlərin azalmasına gətirib çıxaracaq. Gəlirlərin azalmasına uyğun olaraq xərclərdə də ixtisarlar aparılır: daha ciddi ixtisara məruz qalan iki xərc bölməsi isə dövlət əsaslı vəsait qoyuluşu və əsas bölmələrə aid edilməyən xərclərdir. 2015-ci ilin büdcə gəlirlərinin real icra səviyyəsinin Maliyyə Nazirliyinin elan etdiyi gözləntilərdən də az olacağını söyləyə bilərik. Xüsusən, mənfəət vergisi və ƏDV üzrə icra səviyyəsinin daha aşağı olması qaçılmazdır».