-
«Azərbaycan işğalla barışmayacaq».
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 30-da BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxışında belə deyib.
Nazir çıxışına Azərbaycanın terrorizm, ekstremizm və separatçılığın bütün təzahürlərini qınadığını bildirməklə başlayıb.
Nazir deyib ki, Azərbaycan 15 ildən artıqdır BMT-nin mandatı əsasında regional təşkilatlar və ya ayrı-ayrı üzv dövlətlərin komandanlığı altında Kosovo, İraq və Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib: «Biz hazırda Azərbaycanda təlim obyektlərini də təmin etməklə, BMT-nin sülhməramlı əməliyyatlarına dəstək verməkdə maraqlıyıq», - azərbaycanlı nazir söyləyib.
Azərbaycanın iqtisadi uğurlarına toxunan Elmar Məmmədyarov daha sonra Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, Ermənistan prezidentinin BMT-də çıxışını «saxtakarlıq, təhrif və yalan yığımı» adlandırıb.
«26 sentyabr 2015-ci il tarixində Ermənistan prezidenti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna Ermənistanın bir hissəsi kimi istinad edilən bəyanat verib. Biz qəti şəkildə bu yalan və təcavüzkar bəyanatı rədd edirik. Bu bəyanat Ermənistanın BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə məhəl qoymadığını bir daha sübut edir və Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən yüksək səviyyədə daha bir etirafıdır. Bu, Ermənistan rəhbərliyinin sülhə konstruktiv yollarla nail olunması prosesindən nə dərəcədə uzaq olmasının göstəricisidir», - nazir bildirib.
CƏBHƏDƏ İNSİDENTLƏRİN ƏSAS SƏBƏBİ...
Elmar Məmmədyarov daha sonra deyib: «Bunların fonunda Ermənistanın etimad quruculuğu tədbirləri barəsində möhtəkirliyi yalandan başqa bir şey deyil».
Azərbaycanlı nazir bildirib ki, effektiv etimad quruculuğu tədbirləri üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair plan həyata keçirilməlidir: «Qoşunların təmas xətti boyunca insidentlərin araşdırılması mexanizminin yaradılması barəsində ideyalara gəlincə, qeyd etməliyik ki, bu insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur. Əks təqdirdə, bu ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin də dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri status-kvonun saxlanmasına xidmət edəcək».
Azərbaycanın işğalla barışmayacağını söyləyən nazir Elmar Məmmədyarov çıxışının sonunda deyib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında ən maraqlı tərəfdir. Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri danışıqlar yoluyla işğal olunmuş ərazilərdən çıxarılmasa, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan yararlanacaq. Yəni beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq.