- "Həftədə bir dəfə, iki polis məmuru müalicə almaq üçün mənim yanıma gəlirlər..."
"Bu gün yenidən o tanışımı müalicə eləməyə getməli oldum, yenə də ondan pul götürmədim və çox çətinliklə, yorğun-arğın evə gəlib çıxdım, ancaq mən hələ bundan sonra xəstəxanaya gedib xəstələrimi qəbul eləməliyəm."
"Vaxt itirməyim deyə, yenə taksi ilə getməli oldum. Bu da ucuz başa gəlmədi; üç gün şam yeməyindən qənaət eləyib yığdığım bütün pullar yola xərclənib qurtardı."
Dahi avstriyalı psixiatr, psixoanlizin yaradıcısı Ziqmund Freyd bütün ömrü boyu ədəbiyyata böyük maraq göstərib.
O, öz araşdırmalarında, ardıcıl olaraq, dünya ədəbiyyatı korifeylərinin yaradıcılığından yararlanıb.
Görünür, ədəbiyyata olan bu sevgisinə və özünün də bədiiliyi ilə seçilən bir sıra əsərlərinə görə, 1930-cu ildə Z.Freydə, Almaniyada ən yüksək sayılan Göte ədəbiyyat ödülünü vermişdilər.
Freydin yaxın tanışlarının bildirdiyinə görə, o, təbiətcə qapalı bir insan olmaqla, qadınlara qarşı da çox utancaq olub. Bəlli olduğu kimi, Freydin ilk seksual yaxınlığı, dörd il adaxlı olduqdan sonra evləndiyi Marta ilə, 30 yaşında olmuşdu.
Freydin Marta Bernaysla adaxlı olduğu dörd ildə (1882-1886-ci illər) ona yazdığı 1500-dən artıq məktubu qalıb.
Freydin ölümündən sonra, oğlu Ernst Freyd tərəfindən kitablaşdırılaraq, “Sevgi məktubları” adı ilə çap olunan bu məktublar, uzun illər boyunca geniş oxucu çevrəsində böyük maraq doğurub, dönə-dönə yayımlanaraq, sevgi duyğuları ilə bağlı yazılmış kitabların sırasında çox oxunan əsərlərdən biri olub.
Oxucularımız üçün maraqlı olacağını düşünürək, Freydin “Sevgi məktubları” kitabından götürülmüş bir neçə məktubu diqqətinizə çatdırırıq.
Ön söz: Araz Gündüz
ZIQMUND FREYD
SEVGİ MƏKTUBLARI
Vyana, 10 iyun 1882-ci il
İstəklim, sevgisinin oduna alışıb yandığım gözəl qız!
Mən bunu bilirdim: yolların ortaya atdığı bu uzaqlıq, sənin olmadığın bu yerlər, mənə qarşılaşdığım itkinin necə böyük olduğunu anladacaqdır.
Ancaq ha çalışsam da, gömüldüyüm bu duyğuların dərinliyinə varmağı, onları sonacan qavramağı bacarmıram. Sənin o incə görkəmin, bir an da olsa belə, gözlərimin önündən çəkilmir. Daldığım bu dadlı yuxunun pozulacağı, qapıldığım bu işıqlı xəyalın dağılacağı məni qorxudur.
Arxadaşlarımın deməsinə görə, gerçək sevgi elə belə də olur. Sənin görkəminin ayrı-ayrı cizgilərini gözümün önündən keçirirəm və bu anlarda yaşadığım duyğuların gözəlliyindən, qeyri-adiliyindən yaranan xoşbəxtliyimi doğuracaq başqa bir fantaziyanın ola biləcəyinə inanmıram.
Mənim Martam–görənlərin ağlını başından alan, hamının vurğunluq və sevgi ilə bağlanıb ayrıla bilmədiyi bir gözəldir.
Elə onun bu özəllikləri də, ilk görüşdəcə məni onun dustağına çevirdi, onun mənə güvənclə və istiqanlıqla yanaşması isə məni öz gözümdə ucaltdı və tükənməz ümidlər aşıladı, ən başlıcası isə, mən bütün bunlara görə, öz gələcəyimi qura bilmək üçün gərəkən, coşqun bir yaradıcılıq enerjisi aldım.
Bir də görüşəsi olsaq, elə bilirəm, mən bizim ilişkilərimizdəki utancaqlığı və gərginliyi aradan qaldıra biləcəyəm.
Biz yenə də sənin o kiçik, gözəl otağına çəkiləcəyik, mənim gözəlim qəhvəyi kresloya dirsəklənəcək, mən isə onun ayaqlarının yanında qoyulmuş alçaq, dairəvi oturacaqda oturacağam.
Beləliklə də, biz biri-birimizlə danışmaqdan, biri-birimizə isnişməkdən yorulub usanmayacağıq...
Gündüzlərlə gecələrin yerlərini dəyişməsi də, qıraqdan kimlərinsə göz yetirməsi də, bizə mane ola bilməyəcəkdir, heç bir qayğı da, heç bir görülməli olan iş də, bizi biri-birimizdən ayıra bilməyəcəkdir.
Sənin obrazını canlandıran bu gözəl portretin... Sözün düzü, mən ilk öncə, səni andıran, prototipin olan bu portreti yetərincə dəyərləndirə bilməmişdim.
İndi isə, sənin portretinə baxdıqca baxır və onda mənim sevgilimə oxşar olan və olmayan cizgiləri özüm üçün ayırd eləyirəm.
Birdən, necə oldusa, porterdəki solğun yanaqlarının, incə əllərində tutduğun o qıızılgüllər kimi, al rəngə boyanıb canlanacağını düşündüm.
Ancaq sənin sevimli obrazın öz toxdaqlığını saxlayır və elə bil mənə bunları pıçıldayırdı: “dözümlü ol, dözümlü...
Mən axı bu portretdə eləcə bir obrazam, işarəyəm, bu mənim kağız üzərindəki kölgəmdir, mənim gerçək varlığım isə sənin ürəyinə köçüb və sən məni heç vaxt unuda bilməyəcəksən”.
Sənin portretini də, iş stolumun üstündən asdığım ev tanrıları simvollarının arasında yerləşdirmişəm. Ancaq mənim sayğı ilə yanaşdığım bu simvollardakı ciddi baxışlı kişilər, sanasan, mənə üz tutub: bu incə qızın yeri bizim aramızda deyildir, deyirlər.
Mən isə sutkanın bütün iyirmi dörd saatı boyunca ara vermədən, dönə-dönə, portretinə baxıb səninlə bağlı xatirələrimi gözlərimin önündə canlandırmaq istəyirəm.
Çoxdandır başımda dolanan, ancaq haradan oxuduğumu unutduğum belə bir yazı vardı: birisi, gecə-gündüz, harada olursa olsun, nə iş görürsə görsün, dayanmadan, sevgilisi haqqında düşünür, ancaq çox uzun çəkən götür-qoydan sonra bu işdən əl çəkir.
Deyəsən, bu, Götenin “Vilhelm Meysterin özünə qapıldığı illər” dramında verilən nağılda idi. Bu süjet mənim istəklərimin dumana bürünmüş təsviridir. Üstündən neçə il keçəndən sonra, mən bu kitabı tapıb bir də oxudum və yanılmadığımı gördüm.
Bu kitabı oxuyanda orada axtardığımdan çox şeylər tapdım. Buradakı, oxucunu əyləndirən yüngül eyhamlar, gözlənilməz və təkəmseyrək olsa da, ancaq, bizim ilişkilərimizlə bağlı çox şeyləri mənə andırdı.
Ancaq sonradan, sənin məndə yaratdığın özüməinamı xatırlayıb bu kitabdan üz döndərdim, onu bir qırağa tullayıb: “mənim Martam bu kitabdakı kimi bir pəri deyildir, gözəl bir insan övladıdır” deyərək, toxdaqlıq tapdım.
Bildiyimə görə, biz yumorla danışanda da, biri-birimizi çox gözəl anlaya bilirik, ancaq ola bilsin, sən Vilhelm Meyster haqda olan bu kiçik kitabçanı vərəqləyib burada sənə oxşar olan kimisə axtardığıma görə məndən inciyə də bilərsən.
Sözün düzü, mənim baş-beynimi aparan bu yaramaz fantaziyalarla sənin başını ağrıtmağı heç istəməzdim.
Sevimli Marthen1, bu məktubu birdəfəyə yazmamışam. Eli2 ilə Şenberq dünən mənim yanıma gəlmişdilər, bu axşam yenə də mənimlə idilər; dünən onlarla bir neçə qız da buraya gəlmişdi.
Qızların könlünə toxunmamaq üçün mən onlara qulluq göstərməli, onlarla danışmalı oldum, ancaq onlarla vaxt keçirməkdənsə təkliyə qapılmaq daha çox ürəyimdən olardı.
Mənim əyləncəmə bax, Şenberqin enerji və doğruculluq yağan üzünə baxıram, onun gözlərindən bir yığın alabəzək xatirələri oxuyub sevinirəm.
Bütün bu xatirələrin baş qəhrəmanı isə sənsən, ay mənim möcüzə yaradanım... İkimizin də tanıdığımız Şenberqə baxıb səni xatırlaya bilməyim, onu get-gedə mənim üçün ən doğma birisinə çevirir.
Səninlə vağzalda ayrıldığımız anları, arxamca baxıb, əlini yellətməyini xatırlayıram. Eli bugün sənin yaxın günlərdə buralara gəlmək istədiyini deyəndə, deyəsən, ən böyük arzuma çata biləcəyimi düşündüm.
Sənin qardaşın Vyanada, bizdə olanda könlü açılır. Mənə yalqızlığımı unutdurmağa da çalışır, ancaq mən ona, sənin buralara gəlmək sorağını alandan sonra, artıq yalqız olmadığımı deyib, ürəyinə toxunmaq istəmədim.
Bundan başqa da, mən iş yerimdə özümə yaxşı bir əyləncə tapmışam, özümü belə bir inam ilə ovuduram: Marta çox uzun bir müddətə mənim olacağına görə, o, çox uzun bir ömür sürə biləcəkdir.
Mənim istəkli adaxlım! İndiyədək sənin taleyinlə özümünkünü qırılmaz tellərlə bağlamağa, səni bütün sevinclərimizi və kədərlərimizi bölməyə çağırmağa ürək eləmirdimsə, indi, elə bilirəm, bunu eləmək çağı gəlib çatıbdır.
Çalış, yaxın qohumlarında qorunan bütün uşaqlıq fotolarını toplayıb mənə gətirəsən.
Mənə elə gəlir, burada olacağın sürədə, sənin ananla çəkilmiş bütün fotolarını özümdə saxlamağa haqqım çatır. Buralardan nəsə alıb göndərmək gərəksə mənə yaz, sənin istənilən tapşırığını yerinə yetirmək mənim üçün xoşbəxtçilikdir.
Çox istərdim, özünün işgüzar və dostluq ilişkilərindən mənə yazasan. Bu, sənin ayrılığına dözə bilməyimə kömək eləyərdi.
Hamburqda olmağından yararlanıb sağlamlığını bərkitməyə çalış. Səni, yenə də, uşaqlıq fotolarında olduğun kimi, toppuş yanaqlı görsəydim, bilsən necə sevinərdim.
Gecə yarıdan keçib, məktubu bitirirəm, kağız da qurtarır və beləliklə də, səninlə danışığımı burada kəsməli oluram... Sağlıqla qal və ruhunu xilas elədyin, xoşbəxtliyə çatdırdığın bu yazıq kişini unutma.
Şenberq mənə Minnanın3 alovlu salamlarını yetirdi.
1Marthen – almanca “Martacığaz”demək olub, əzizləmək üçün deyilən bir sözdür.
2Eli–Martanın kiçik qardaşıdır.
3Minna–Martanın kiçik bacısıdır.
Vyana, ikinci gün, 27 iyun 1882-ci il, günortaya yaxın, laboratoriyada
Mənim sevimli adaxlım,
apardığım hesablamaları yazdığım dəftərdən bir neçə vərəq qoparıb, keçirdiyim sınağın gedişini izləyərək, sənə məktub yazıram. Peronu professorun yazı stolundan oğurlamışam.
İş yoldaşlarım da elə bilirlər başım sınağa qarışıb, onlardan biri bayaq yaxınlaşıb məni sorğuladı, on dəqiqəyəcən vaxtımı əlimdən aldı.
Yaxınlığımdakı stolda yoxsulları müalicə eləmək üçün təyin olunmuş həkim yeni tapılmış məlhəmi araşdırır, görsün, onun sağlamlığa ziyanı var, yoxsa yox.
Qarşımdakı aparatdakı məhlul qaynayır, ondan burum-burum qaz çıxır, mən də gərək bu qazı izləyib, məhlul quruyandan sonra yerdə qalan çöküntünün necə olacağını araşdıram.
Burada hamı özünə qapılıb apardıqları sınaqların hansı sonucları verəcəyini gözləyir. Kimyəvi sınaqlar aparanda vaxtın üçdə ikisi gözləməyə gedir; görünür, elə yaşam da belədir, mən isə bu durumda görə biləcəyim ən gözəl işlə başımı qatmaqdayam.
Sənin sevimli məktubcığazın gözlənilmədən gəldi və bu, mənim umacaqlarımı ikiqat ödəmiş oldu. Vurğunluqla oxuduğum dəyərli yazında bir qarmaqarışıqlıq olsa da, mən sevincimdən özümü göyün yeddinci qatında duymağa başladım.
Yazanda düşüncələrini topla, gözəl qız, özünün dağınıq düşüncələrinə yön verməyə çalış. ...
Yenə nəsə demək istəyirdim, ancaq bu anlamaz qonşum məni civə duzları ilə bağlı danışığa tutub düşüncələrimi dağıtdı. Tanrı bu yaramazlığına görə onun cəzasını versin.
Sənin məktubcığazın bugünkü bu iyrənc havanı da dəyişdi, elə bil, başımın üstündə dayanan buludlu və yağışlı hava öz yerini mavi və günəşli bir günə verdi.
Yazdığın bu sevimli kağız parçası Berlindən keçib gəlib. İstəyirəm sənin adına biri-birindən gözəl incə sözlər deyəm, ancaq baxıram, mən belə sözləri deyəsən çox az bilirəm.
Konvertin üstündə Hamburq poçtunun möhürü vurulub, yoxsa sənin düşdüyün Vandbesk Hamburqa çox yaxındır? De görüm, dənizi görə bilmisənmi? Mənim alqışlarımı ona yetir, vaxt gələcək, biz onun sahilinə ikilikdə gedəcəyik.
Gərək dənizlə torpaq barış içində yaşasınlar, mənim adaxlım isə onların arasında dayanıb, açılmış çiçək kimi, öz gözəlliyi ilə göz oxşasın. Nə işdir bilmirəm, ayrılıq onu daha da cəlbedici eləyir, ondan uzaqda olduqca onun cazibəsi daha da artır.
Mən elə coşmuşam, qorxuram birdən sənə olan sevgim vətənə olan sevgimi də üstələsin. Görünür bu, səni özümün sevgilim sayacaq qədər aşırılığa varmağımdandır.
Yazıq Minna mənə gileylənib deyir, gərək bacıma beşvərəqlik uzun bir məktub yazam. Mənim Marhenim ona necə qorxu gəlibsə, qız oturub kağızları necə yazıb doldurmaq üstündə baş sındırır.
Çox istərdim, Elinin mənimlə bağlı sənə nə yazdığını biləm. Onun mənimlə bağlı nə düşündüyünü öyrənmək çox maraqlı olardı.
Sən məni poetik kitabları oxumaqdan çəkindirməyə başlamısan, Marthen. Mən bütün günü, var gücümlə işləyirəm, yorğunluqdan, axşamlar öz peşəm üzrə kitab da oxuya bilmirəm. Poetik əsərlər isə məni ilgiləndirmir. Mənim sənin sevginlə yaşamağımın özü elə poeziya deyilmi?
Mənim qulluq eləməyə çalışdığım Böyük Elmə gəlincə, ona ürəkdən gələn bu sözlərimi çatdırmaq istərdim: “Ey Böyük Elm, mən Sizin üzüyola qulluqçunuz olaraq qalıram, Siz mənə çox dərin sevinclər aşılayırsınız, ancaq mənim mənəviyyatsız birisi olduğumu da düşünməyin.
Siz, heç vaxt mənimlə dost kimi davranmadınız, məni ovundurmaq üçün bir söz belə demədiniz. Mənim yazılarıma cavab vermirsiniz; mənim dedikllərimi eşitmirsiniz; mən bir Xanım da tanıyıram və onu Sizdən qat-qat yüksəkdə tuturam, o, mənim ona göstərdiyim qulluğu sizdən yüzqat artıq dəyərləndirə bilir.
Mən onun tək qulluqçusuyam, Sizin isə qulluqçularınız minlərlədir. Ona görə də, mənim nə üçün öz ömrümü dediyim bu əvəzolunmaz və istiqanlı xanıma qulluqda keçirmək istədiyimi anlayarsınız.
Məni yaxşılıqla xatırlayın, mən tezliklə yenə qayıdacağam. İndi isə, üzürlü sayın, mən gərək Martaya məktub yazam”.
Ancaq mənim Marthenim yanımda olanda və mən onu hər gün görə və onunla ürəyim istəyən qədər danışa biləndə, bu durum dəyişəcək və hər şey daha yaxşı olacaqdır.
Hər iki Xanım (Elm ilə Martanı deyirəm), onda, biri-biri ilə anlaşacaq və barış içində yaşayacaqlar, ötkəm və yovuşuqsuz Elm xanım öz yerini istiqanlı və ciddi Xanıma verəcək, sonra yenidən məni yanına çağırıb, doğruluğu axtarmaq yoluna yönəldəcək, qazandığım uğurlara görə ödül də verəcəkdir.
Dünən mən dostluq eləməyə başladığım Ernst fon Fleyşlin1 evində oldum. İndiyədək mən ona çox şeydə həsəd aparırdım. Ancaq indi bir sıra şeylərdə ondan üstün olduğumu anlayıram.
O, on, yoxsa oniki il bundan öncə adaxlanıb, adaxlısı onunla yaşıddır və onunla evlənəcəyini neçə il desən gözləməyə də hazırdır, ancaq mənim bu dostum, bilmirəm nəyə görəsə, onunla savaşıb, sonra da ayrılıbdır.
Ernst çox gözəl insandır, özəllikləri və tərbiyəsi ilə başqalarından çox seçilən birisidir. Onun çoxlu məşqlərlə yetkinləşdirdiyi fiziki sağlamlığı, olduqca dərin ağlı və çoxçalarlı istedadı ilə uyuşaraq, gözəl bir insani yetkinlik örnəyi yaradır.
Görkəmcə yaraşıqlı və adlı-sanlı soydan olması, habelə, çoxsaylı bacarıqları, çalışqanlığı və istənilən konu üzrə özgün mühakimələri ilə seçilməsi onu mənim idealıma çevirmişdi. Biz onunla dostluq eləməyə başlayanda mən onun bu üstünlüklərini görüb sevinirdim.
Bu dəfəki görüşümüzdə mən onunla, yenicə oxuduğum bir pamfletlə bağl düşüncələrimi bölüşdüm, o isə yaponların qo deyilən intellektual oyununu mənə öyrətdi.
O, mənə sanskrit dilini öyrəndiyini deyəndə isə, mən lap sarsılmışdım. Anlaşmamız üzrə mən onun bu dili öyrənməyini kimsəyə deməyəcəyimi boynuma götürsəm də, ancaq mən Martadan nəyisə gizlətməyi özümə sığışdırmadığım üçün, bu önəmli sirri də ona deməkdən özümü saxlaya bilmirəm.
Mən bu, özümü çoxlu yönlərdə üstələyən dostumla bağlı düşünəndə birdən ağlıma gələn bir fikirdən sarsıldım: görəsən, mənim bu dostum Marta kimi gözəl bir qızı görsə nə baş verərdi, onun işığı Marta adlı almaza gözqamaşdıran bir parıltı verə bilərdimi?
Axı sən artıq bir dəfə, bizim tanışımız olan yazıq Kalenberqin ağlını başından çıxarmısan. Alplar da, Venetsiyanın su yolları da, Romadakı Müqəddəs Pyotr kilsəsinin azmanlığı da, sənin gözəlliyinin yanında çox solğun görünür.
Mənə elə gəlir, bu duyğularımda pis heç nə yoxdur: mənim sevgilimin özümdən üstün olduğunu bildiyim bir gənc kişiyə necə təsir edəcəyini görə bilmək arzusu sevgilimin bütün konularla bağlı düşüncələrinin, mənim üçün necə dəyərli olduğunun göstəricisidir.
Məndən doqquz yaş böyük olan Ernestin bu illərdə yaşaya bildiyi xoşbəxtliyini, mənim ömrümdə çatmayan bu doqquz illə tutuşduranda, elə bilirəm, məndən artıq yaşadığı bu illərin ona heç bir üstünlük qazandıra bilmədiyi aydın görünməkdədir.
Ondan fərqli olaraq, mən gözləməyi bacarıram və bu dözümlüyümə görə də, Tanrı mənə Marta kimi bir xəzinə bağışlamışdır. Boynuma alıram, bir anlığına, birdən sənin Ernstlə qarşılaşa biləcəyini gözlərimin önünə gətirəndə duyduğum acını sözlə demək çətindir.
Axı o, hər il iki aylığına Münhenə gəlir və orada oxumuş insanların yığıncaqlarında dolaşır. Marta onu öz əmisinin2 yanında görə bilərdi. Sənin onda hansı təəsürrat yaradacığını bilmək, mənim üçün, çox ilginc olardı.
Sonra mən başımda dolaşan bu qara-qura düşüncələri bir qırağa tulladım. Bu düşüncələrim mənim üçün büsbütün aydın olan bir sonuca gəlib çıxdı: sevgilimin mənə qarşı hansısa bir yanlış addımı olsa belə, kiminsə onu mənim əlimdən almasına yol vermərəm.
Adaxlanandan sonra Martanın könüllü olaraq əl çəkdiyi sərbəstliyini biz çox keçmədən, köməkləşib, birlikdə geri qaytaracağıq. Mənim gözəlim gərək uzun illər boyunca gənc və sağlam qalsın, lap doqquz il keçsə belə, bugünkü kimi, öz gözəlliyi və başqa qadınlardan üstünlüyü ilə baxanları təəcübləndirə bilsin.
İnanmıram, Marta, gecə-gündüz başı evin iş-gücündən ayılmayan bir ev xanımı olsun, axı Marta Lizetta deyil3.
Elə mən də gələcəkdə haqqım çatan hansısa bir yaxşılığa yetməli deyiləmmi? Mənim yalnız bir diləyim var: Marta mənim olsun.
Mənim istəkli sevgilimə, Ziqmundun ürəkdən gələn alqışlarını yetirməklə məktubumu bitirirəm!
1Ernst fon Fleyşl(1847-1891)–Vyana universitetində elmi işçi-asissent olmuşdur.
2Freyd burada Martanın Münhen universitetində tarix professoru olan əmisi Mixael Bernaysı anır.
3Lizetta–Xristian Hellertin şeirlərindən birinin qəhrəmanıdır.
Vyana, 13 may 1886-cı il
Mənim dəyərli dəfinəm!
İş otağımda çox dözülməz bir bürkü olduğundan, orada oturub sənə məktub yaza bilmirəm.
Mənim qəbuluma olduqca çoxlu adamlar gəlir və mən saat üçədək onları qəbul eləməkdən yaranan gərginliyə güclə dözüb dayanıram.
Xəstələrim olduqca çoxdur, ancaq onları müalicə eləməkdən çox az pul qazanıram. Üstəlik bu iş çoxlu vaxtımı və diqqətimi əlimdən alır.
İşiasdan (aşağı ətrafların sinir pozğunluğu) müalicə elədiyim, professor M.-in xanımı mənə çox başağrısı versə də, indi demək olar, bütünlüklə sağalmaq üzrədir.
Ondan başqa da, həftədə bir dəfə, iki polis məmuru müalicə almaq üçün mənim yanıma gəlirlər.
Bax, bu gün mən müalicə elədiyim xəstələrə görə səkkiz qulden qazana bildim, üstəlik Breyerin araçılığı ilə tanış olduğum doktor K.-nın xanımı onun ərini müalicə elədiyim üçün beş qulden pul göndəribdir.
Mənim anladığıma görə, həkimin işi ilə onun qazancı çox vaxt biri-biri ilə düz gəlmir. Aradabir, demək olar, heç nə eləmədən yaxşı pul qazanırsan, aradabir də, ağır keçən bir müalicə üçün qəpik-quruş almalı olursan.
Bir örnək deyim, srağagün mənim yanıma müalicə üçün bir amerikalı həkim gəlmişdi, o çox güclü əsəb xəstəliyinə tutulubdur.
Onda özünü göstərən bu xəstəlik mürəkkəbliyi ilə məni çox maraqlandırdığından, onu pulsuz müalicə eləməyi üzərimə götürdüm.
Onun bu xəstəliyə tutulmasının niyəsi, bu həkimin çox gözəl bir xanımla qarşılıqlı ilişkilərində baş verən ardıcıl dolaşıqların olmasıdır.
Dediyim xanımı da mən müalicə eləyirəm. Bu xanımla bağlı bir sıra soruları aydınlaşdıra bilmək üçün, gərək sabah ginekologiya üzrə professor Xrobakunun yanına məsləhət almağa gedim.
İnanırsanmı, elə bərk yorulmuşam, işimlə bağlı olan bu incəlikləri sənə bütün genişliyi ilə yazmağa da heyim qalmayıb.
Ancaq sənə, çox pis duruma düşdüyüm bir olayı açıb deməkdən özümü saxlaya bilmirəm, yuxarıda dediyim o gözəl xanımı qəbul eləyəndə, iki dəfə, gözlənilmədən, mənim iş stolumun üstündə dayanan sənin portretin aşaraq üzü üstə düşdü.
Qarşıda, bir də belə gözlənilməzliklə üzləşməyi heç istəməzdim. Yox, birdən, bu olay məni nədənsə çəkindirmək üçün baş verirsə, mənim buna gərəyim yoxdur.
Həkim gərək qazandığı pulları əlində saxlamağı bacarsın. Mən hər bir quldeni qorumağa çalışıram. Dünən Ştatquthassedə yaşayan bir tanışımı müalicə eləmək üçün onun evinə getməli oldum, sözsüz, müalicə üçün pul götürmədim.
Ancaq oradan evə qayıtmaq üçün, vaxtında taksi tapa bilmədiyimdən, iki saat vaxtımı boşuna itirdim.
Bugün yenidən o tanışımı müalicə eləməyə getməli oldum, yenə də ondan pul götürmədim və çox çətinliklə, yorğun-arğın evə gəlib çıxdım, ancaq mən hələ bundan sonra xəstəxanaya gedib xəstələrimi qəbul eləməliyəm.
Vaxt itirməyim deyə, yenə taksi ilə getməli oldum. Bu da ucuz başa gəlmədi; üç gün şam yeməyindən qənaət eləyib yığdığım bütün pullar yola xərclənib qurtardı.
Bu həftənin ikinci günü, Psixologiya klubunda hipnozla bağlı məruzə elədim. Yaxşı qarşıladılar, üstəlik alqışladılar.
Bugün isə, bu məruzəni Psixatrlar birliyində, iki həftə sonra, yenidən oxuyacağımla bağlı bildiriş yaydım, Həkimlər birliyində isə, üç həftə sonra, mənim Parisdə keçdiyim ixtisasartırmam ilə bağlı başqa bir məruzə eləyəcəyəm.
Vyananın rəsmi çevrələri ilə mənə gərəkən iş yeri açmaqla bağlı çarpışmalarımda hələ də yaxşılığa doğru bir dönüş yoxdur, ancaq sən indi burada olsaydın, səni öpüb deyərdim: səninlə altı aydan sonra evlənəcəyimizə olan inamımı itirməmişəm1.
Ümid edirəm, tezliklə mənə daha bir iş otağı ayıracaqlar və mən orada pulsuz müalicə alan xəstələrimi elektriklə daha yaxşı müalicə eləyə biləcəyəm.
Mənə elə gəlir, bununla bağlı irəli sürdüyüm təklifləri anlaşıqla qarşılamağa başlamışlar.
Gecən xeyrə qalsın, mənim dəyərli dəfinəm.
Sənin Ziqmundun
P. S. Necə bilirsən, anama ikimizin adından bir hədiyyə alıb bağışlasaq yaxşı olmazdımı?
1Freydlə Marta 1886-cı ilin sentyabrında toy eləyib evlənmişdilər.
Rus dilindən Araz Gündüz çeviribdir