-
“Əgər maraqlarımızın kənarlarında hər hansı bir təşəbbüs göstərilirsə, biz o təşəbbüsə qoşulmuruq. Ona görə, bəzi hallarda təzyiqlərə də məruz qalırıq”.
Bunu prezident İlham Əliyev oktyabrın 6-da Ucarda şəhərin su təchizatı sisteminin açılışındakı çıxışında deyib.
Xəbəri president.az saytı yayıb.
İlham Əliyev bildirib ki, ölkənin gəlirləri azalsa da, iqtisadi inkişaf sürətlə gedir: “Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb, Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir”.
Prezident sahibkarlığın inkişafından da danışıb: “Dövlət öz tərəfindən sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir, texnika, gübrə ilə təmin edir, şərait yaradır, siyasi dəstək də var. Sahibkar da gərək işləsin. Yerli icra orqanları da kömək etsin, mane olmasın. Onda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ ki, asılıyıq. Bax, neftin qiyməti iki dəfədən çox düşüb, gəlirlərimiz azalıb. Ancaq biz qeyri-neft sektorumuzu daha da sürətlə inkişaf etdirsək, onda neftin qiyməti düşdü, ya qalxdı, o qədər də əhəmiyyət daşımayacaq”.