►Kimya üzrə Nobel mükafatını Türkiyə əsilli ABŞ alimi Aziz Sancar qazanb - isveçli Tomas Lindahl və digər amerikalı Paul Modrich ilə birlikdə.
Onlar bu mükafata DNT-nin bərpası ilə bağlı apardıqları araşdırmalara görə layiq görülüblər.
Onların bu işi canlı hüceyrənin funksiyası, onların necə bərpa olunması və məsələn, bundan xərçəngin müalicəsində yeni üsullar hazırlanmasında əhəmiyyətli bilgiyə səbəb olub.
Alim deyib ki, Nobel Komitəsindən zəng gələndə yatırmış. Telefonu həyat yoldaşı götürüb və onu oyadıb.
Aziz Sancar belə bir mükafata layiq görüləcəyini gözləmədiyini, bir qədər də çaşqınlıq içində olduğunu deyib.
Professor Sancar Türkiyənin Mardin vilayətində kəndli ailəsində dünyaya gəlib. Ailənin 8 uşağından biri olub. 1963-cü ildə İstanbul Tibb Fakültəsini bitirdikdən sonra öz vilayətində bir müddət həkim kimi çalışıb.
Daha sonra ABŞ-a gedərək Dallas Texas Universitetində doktorluq dissertasiyası müdafiə edib.
Daha sonra "Yale" Universitetində elmi araşdırmalarını davam etdirib.
Hazırda həyat yoldaşı, professor Gwen Sancar ilə Şimali Karolina Universitetində çalışır. Onların birlikdə qurduğu fond orada Türk evi də açıb. Türk mədəniyyətini təbliğ edir.
33 kitab və saysız məqalə müəllifidir.
Türk mətbuatında maraqlı bir məlumat da yayılıb.
"Hürriyyət" qəzeti yazır ki, cavanlıqda futbol oynayan Sancarı hətta 18 yaşlılardan ibarət milli komandaya da dəvət ediblərmiş, o isə qapıçı karyerası üçün boyunun yetərincə hündür olmadığını düşünərək elm yolunu seçib.
Buna da bax: Azərbaycanlı sahibkar Obamaya şikayət edəcək
O, Nobel ödülünü alan ilk türk alimdir.
2006-cı ildə türk yazar Orxan Pamuk da Ədəbiyyat üzrə Nobel mükafatını qazanmışdı.
Aziz Sancar deyib ki, mükafatı almağını yaxınları, dostları ilə qeyd edəcək. "Neçə ildir, elə hey "Nobeli nə vaxt alacaqsan" deyə soruşurdular" - deyən alim ölkəsi adına qürur duyduğunu da bildirib.
Mükafatın ümumi məbləği 960 min dollardır.
Nobel üzrə 2015-ci ilin ədəbiyyat və sülh mükafatçıları isə həftənin sonlarında elan ediləcək.