-
Son günlər Mərkəzi Seçki Komissiyasının (MSK) veb saytındakı siyahıdan 200-dək deputatlığa namizədin adı çıxarılıb. İndi bu siyahıda minə qədər namizədin adı var. Halbuki, bir neçə gün əvvəl MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deputatlığa namizədlərin sayının 1246-ya çatdığını bildirmişdi.
Deputatlığa namizədlərin sayında kəskin azalmanı MSK sədrinin özü də təsdiq edib. O, bunu həmin şəxslərin könüllü şəkildə öz namizədliklərindən imtina etmələri ilə izah edib.
MSK-nın saytında deputatlığa namizədlərin indi və əvvəlki siyahılarını tutuşduranda da maraqlı məqamlar üzə çıxır. Məlum olur ki, namizədliyini geri götürənlərin əksəriyyəti bitərəflərdir. Onlar ya işsizdirlər, ya da meşəbəyi köməkçisi, qaz, işıq nəzarətçisi kimi sadə peşə adamlarıdır.