-
Oktyabrın 20-də Milli Məclis «Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında» qanun layihəsini qəbul edib.
APA xəbər verir ki, qanun layihəsi qəbul olunmadan öncə maliyyə naziri Samir Şərifov deputatların qaldırdığı bir sıra məsələlərə toxunub.
Nazir deyib ki, deputatların konkret xərc tələb edən məsələlər barədə təklifləri ətraflı öyrənilib: «Millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifi nəzərə alınıb və xərclər 50% artırılaraq 150 milyon manata çatdırılıb. Qeyd olunan artım Dövlət Neft Fondunun xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19.956 milyard manata çatdırılıb. ARDNF-nin gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9.948 milyard manat təşkil edəcək. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatı keçənlərin gəlir vergisi üzrə tətbiq olunan güzəştdən kənara qalması ilə bağlı idi ki, yuxarı həddin 2500 manata artırılması 500 mindən çox adamı əhatə edəcək və həmin şəxslərin aylıq gəlirlərinin 3-9% artmasına səbəb olacaq».
Maliyyə nazirinin çıxışından sonra büdcə layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin plenar iclasında «Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanun layihəsi də səsverməyə çıxarılıb və qəbul olunub.