Neft istehsalı azaldılmır

Foto illüstrasiya

-

Neftin qiymətini qaldırmaq üçün istehsalın azaldılması üzrə razılaşma əldə olunmayıb. Rusiya, Qazaxıstan və OPEK üzvləri oktyabrın 21-də Vyanada görüşüblər.

OPEK səkkiz üzv olmayan ölkəni danışıqlara dəvət edib, Rusiya, Qazaxıstan, Meksika, Kolumbiya və Braziliya razılaşıb. Rusiya və digər istehsalçılar daha öncə OPEK-lə əməkdaşlıqdan imtina edirdi.

Bu ayın əvvəlində Rusiyanın bu danışıqlara qatılmaq qərarı verməsi neftin qiymətini biraz qaldırmışdı.

Venesuelanın neft naziri Eulogio del Pino ölkəsinin qiymət artımını hədəfləyən təkliflərini irəli sürüb. Onun sözlərinə görə, xam neft üçün ədalətli qiymət bareli 88 dollar ətrafında olmalıdır, yəni bugünkü qiymətdən iki dəfə artıq.

“Görüşün əhəmiyyətli hissəsi Venesuelanın təkliflərinə həsr olunub,” Rusiyanın təmsilçisi Ilya Galkin deyib. “İstehsalın azaldılmasını müzakirə etmədik”.

Venesuela prezidenti Nicolas Maduro gələn ay OPEK və qeyri-OPRK istehsalçılarının daha bir sammitini təklif edib.