Dönərxanalarda planlı yoxlamaların aparılması dayandırılıb.
Bunu Trend-ə açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, bundan sonra dönərxanalarda yoxlamalar yalnız əhalinin şikayəti əsasında aparılacaq: “Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinə uyğun olaraq, dönərxanalarda aparılan planlı yoxlamaları dayandırmışıq. İndi yeni qanun layihəsi işlənib hazırlanıb. Bundan sonra yoxlamaların hansı istiqamətdə, necə aparılması ilə bağlı qərar olsa, digər dövlət orqanları kimi biz də həmin qaydada hərəkət edəcəyik. Bundan sonra yalnız istehlakçıların müraciəti əsasında yoxlamalar aparılacaq. Yoxlamalar qanunvericiliyin tələblərinə uyğun aparılacaq”.
Prezident İlham Əliyev oktyabrın 19-da Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib. Sənədə əsasən 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Qanun layihəsi oktyabrın 20-də Milli Məclisin plenar iclasında qəbul olunub.