Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan politoloq Arif Yunusun səhhəti pisləşib.
Vəkil Elçin Sadıqov “Amerikanın Səsi” radiosuna Arif Yunusun noyabrın 3-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyünü deyib:
“O, 3-cü dərəcəli hipertoniya xəstəliyindən əziyyət çəkir. Almaniyalı həkimi Cristian Vittin tələbi ilə müalicə müəssisəsinə köçürülüb. Hazırda təzyiqi 200-dən aşağı enmir”, deyə bildirib.
Arif Yunus 2014-cü il avqustun 5-də həbs edilib. Bundan bir neçə gün əvvəl isə həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunus həbs edilib.
Leyla və Arif Yunuslar 2015-i il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar qanunsuz sahibkarlıq, vergilərdən yayınma və digər iqtisadi cinayətlərdə ittiham olunurlar.
Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Beynəlxalq «Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.