Azərbaycan erməni qadını qaytardı

BQXK

-

Noyabrın 12-də 4 gün öncə sərhədi keçmiş mülki erməni vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Ermənistana qaytarılıb.

Bu haqda AzadlıqRadiosuna qurumun Azərbaycan nümayəndəliyindən İlahə Hüseynova məlumat verib.

Onun dediyinə görə, təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə gerçəkləşdirilib.

Beynəlxalq qaydalara görə, qaytarılan şəxsin adı, kimliyi və sərhədi hansı şəraitdə keçməsinin səbəbləri açıqlanmır. Bilinən odur ki, həmin şəxs qadındır.

BQXK bildirir ki, iki ölkənin hakimiyyəti arasında neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq repatriasiyanın keçirilməsinə yardımçı olub.

Təhvilvermədən öncə BQXK nümayəndələri Ermənistan vətəndaşına baş çəkiblər və o, öz ölkəsinə qayıtmaq istədiyini bildirib. Təşkilatın nümayəndələri həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıblar.

BQXK 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.